vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ŞƏXSİYYƏT  
12:47 | 25 yanvar 2014 | Şənbə Məqaləyə 3570 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suda boğulan general

Nərimanovun və Tağıyevin dostu, ömrünün sonlarında basmaçılara qoşulan ədib Yusif Ziya kim olub?

MÖVZU İLƏ ƏLAQƏLİ

Yusif Ziya Talıbzadə (Yusif Ziya) 1877-ci ildə Tiflisdə anadan olub. Təhsilini Zaqafqaziya ruhani idarəsinin nəzdindəki «Əli təlimi» üzrə şiə məktəbində (Rüşdiyyə məktəbində) alaraq, türk, ərəb, fars, rus dillərini yiyələnib. 1894-cü ildə ailəsi ilə birlikdə Xorasana (Məşhədə) köçərək, orada ali dini təhsil alaraq, məşhur Mirzə Cəfər mədrəsəsini bitirib. Dini təhsilini Bağdadda tamamladıqdan sonra 1899-cu ildə Bakıya gələrək, Nəriman Nərimanovla, Hacı Zeynalabdin Tağıyevlə yaxınlaşmış və fəaliyyətə başlayıb.

1900-cü ildə Bakıda, «rus-tatar» məktəbinə şəriət müəllimi təyin olunduqdan sonra Azərbaycan dilinin qrammatikasına aid «Təhsili-qəvaid» (1901) adlı o zaman üçün qiymətli bir kitab çap etdirir, həmin dövrdə N.Nərimanovun «Nadir şah»ını fars dilinə çevirir. Əsrin əvvəllərində milli mətbuatın «Həyat», «İrşad», «Füyuzat», «Tərəqqi», «Yeni Füyuzat», «Şəlalə» kimi orqanlarında «Axund Yusif Talıbzadə» imzası ilə məqalələri çap olunur. İslam dini məsələlərinə dair 10-dan artıq kitabçası da bu dövrdə çapdan çıxıb. Yusif Ziya bədii ədəbiyyatla da maraqlanmışdır, milli ruhda şeirlər yazmış, «Ərmənusə» və «Əmir Xalid» faciələri 10-cu illərdə səhnəyə qoyulub. 1907-ci ildə Quranın Azərbaycan türkcəsində nəşr edilmiş üç cildlik nüsxəsini (təfsirlə birlikdə) Türkiyə soltanı II Əbdülhəmidə hədiyyə aparmağı Hacı Zeynalabdin Tağıyev Yusif Ziyaya etibar etmişdir. 1910-cu ildə o, Türkiyəyə getmiş və bu münasibətlə «Türkiyə məktubları»nı çap etdirib.
1911-ci ildə Müsavat partiyasının yaranmasında fəal iştirak edən ilk üzvlərdən olmuşdur. 1912-ci ildə Türkiyəyə köçərək hərbi təhsil almış, Balkan müharibəsində, Birinci Dünya müharibəsində, Kars-Ərdəhan cəbhəsində türk ordusu sıralarında ruslara, ermənilərə qarşı qəhrəmanlıqla vuruşmuş, 1918-ci ildə türk ordusunun tərkibində yenidən Bakıya qayıtmışdır. Demokratik Azərbaycan Cümhuriyyətinin siyasi həyatında qızğın fəaliyyət göstərmişdir. 1919-cu ildə Osmanlı dövləti nümayəndə heyətinin başçısı kimi Təbrizə getmiş, orada həmkarları ilə Cənubi azərbaycanlıların azadlıq mübarizəsini dəstəkləyən «İttihadi-islam» cəmiyyətini yaratmışdır.
Qızıl Ordunun Azərbaycanı istilasından sonra Azərbaycan-İran sərhədində tutulsa da, Moskvanın razılığı, N.Nərimanovun zəmanəti ilə azad olunaraq Naxçıvana hərbi komissar təyin edilmişdir. Lakin erməni daşnaklarının Naxçıvan torpaqlarına qarşı iddialarına tərəfdar münasibət bəsləyən Sovet hökumətinin siyasətinə etiraz əlaməti olaraq ailəsi ilə bərabər Bakıya qayıtmış, N.Nərimanovun köməkliyi ilə buraxılış vəsiqəsi alaraq Türküstana yola düşmüşdür. Türküstanda basmaçılar hərəkatına qoşularaq qırmızı rus ordusuna qarşı vuruşmalarda iştirak etmiş, basmaçılar hərəkatının başçısı Ənvər paşanın müavini olmuşdur.
Y.Z.Talıbzadə 1923-cü il may ayının 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanmış, Amu-Dərya çayını üzüb keçərkən boğularaq həlak olub.
Fəaliyyəti:
Axund Yusifin erməni millətçiləri və daşnaklarla mübarizəsi xüsusi qeyd edilməlidir. Bu mübarizə 1906-cı ildən başlanır («Əmirxanyansa cavab» və s). Özünü həm də bədii yaradıcılıqda sınayan Yusif Ziya 1910-cu illərdə səhnəyə qoyulan iki faciəsini yazır: «Ərmənusə» və «Ömir Xalid ibn Vəlid». 1907-ci ildə H.Z.Tağıyevin tapşırığı ilə Quranın Azərbaycan türkcəsinə tərcüməsi və təfsirini (3 cilddə) İstanbula, Türkiyə sultanı Əbdül həmidə hədiyyə aparır.
1910-cu illərin əvvəllərində Yusif Ziya qızğın siyasi fəaliyyətə başlayır, tez-tez Türkiyəyə gedir, «Türkiyə məktubları»nı çap etdirir, müxtəlif ictimai-mədəni və xeyriyyə cəmiyyətlərinin üzvlüyünə və rəhbərliyinə seçilir. Məmmədəli Rəsulzadənin (Məmmədəmin Rəsulzadənin qardaşıdır) məlumatına görə, 1911-ci ildə Müsavat partiyasının üzvlüyünə yazılan ilk beş nəfərdən biri Axund Yusif olmuşdur (qalan dörd nəfər - Vəli Mikayıl oğlu, Seyid Hüseyn Sadiq, Əbdürrəhimbəy Haqverdiyev, Seyid Musəvi). Bu barədə məqalə müəllifi yazır: «Yusif Ziya (Axund Yusif) - Türkmənistanda basmaçılarla birlikdə bolşeviklərə qarşı vuruşaraq şəhid oldu».
1910-cu illərdən sonra Axund Yusifin həyatının Türkiyə dövrü başlayır. 1912-ci ildə o, arvadı Cənnət xanım və oğlu Tələt ilə Türkiyəyə köçür, orada hərbi təhsil alır, birinci dünya hərbində Qars-Ərdəhan türk ordusu sıralarında ruslara, ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərir. 1918-ci ildə türk ordusu ilə bərabər Bakıya qayıdır Demokratik Cümhuriyyət dövründə «Müsavat» partiyasının orqanı «Azərbaycan»da, dövrün başqa mətbu orqanlarında fəal iştirak edir, siyasətə, maarif və mədəniyyət mövzularına dair məqalələr nəşr etdirir. Bəzi siyasi məsələlərin həlli üçün yenidən Türkiyəyə qayıdır.
Qızıl Ordu Azərbaycanı istila etdikdən sonra İran sərhədindən Azərbaycana keçərkən həbs olunur. Onu öz xahişi və təkidi ilə o zaman Azərbaycan Nazirlər Şurasının sədri vəzifəsini icra edən Nəriman Nərimanovun yanına gətirirlər. Qısa söhbətdən sonra və Moskva ilə razılaşdırıldıqdan sonra Yusif Ziya azad edilir, çox çəkmir ki, Nəriman Nərimanovun vasitəçiliyi ilə Naxçıvana hərbi komissar təyin edilir. 1921-ci ilin əvvəllərində - fevral-mart aylarında ailəsi ilə birlikdə Naxçıvana köçən Yusif Ziya Naxçıvan İnqilab Komitəsinin üzvü olur, 1922-ci ilin axırlarına qədər general rütbəsində hərbi komissar vəzifəsində çalışır. Vəfat etmiş Sokolovskini əvəz edən yeni hərbi komissar Naxçıvan torpağına göz dikən daşnak silahlı dəstələrinə qarşı mübarizə aparır. Əlimizdə Yusif Ziyanın həmin dövr fəaliyyətini işıqlandıran xeyli material var. Bunların bir hissəsi «Azərbaycan arxivi» jurnalında nəşr olunub.
Naxçıvan torpağına iddia ilə yanaşan, tez-tez sərhədləri pozan erməni millətçilərinə, daşnak hərbi hissələrinə sovet rəhbərliyinin liberal siyasəti ilə razılaşmayan Yusif Ziya 1922-ci ilin axırlarında Bakıya qayıdır, Nəriman Nərimanovla görüşür, Sovetlərə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini söyləyir. N.Nərimanov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi sənəd verir. Elə bu vaxtlarda biz Yusif Ziyanın Türkmənistanda, Orta Asiyada və s. yerlərdə basmaçılara qoşularaq qırmızı rus ordusu ilə vuruşlarda iştirak etdiyini görürük. Basmaçılarla bir sırada Yusif Ziya ilə bərabər istilaçı rus ordusuna qarşı döyüşən və sonralar görkəmli alim kimi məşhurlaşan professor Zəki Vəlidi Toğan tərəfindən yazılan xatirə bu baxımdan çox əhəmiyyətlidir. Xatirələr Orta Asiya türklərinin azadlıq mübarizəsinin tarixi faktlara əsaslanan geniş mənzərəsini yaradır.