vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜBAHİSƏ  
09:58 | 21 iyun 2014 | Şənbə Məqaləyə 6208 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Başa düşürəm ki, Məmməd İsmayıl narazıdır»

Rəşad Məcid: «O hesab edir ki, layiq olduğu titulları əldə etməyib»

ŞƏYMƏN

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayından sonra növbəti dəfə Anarın Birliyə sədr seçilməsi ədəbi məkanda yenə də söz-söhbətlərə səbəb olub. Qurultayın nəticələri, orda səslənən fikirlər, eləcə də Yazıçılar Birliyindən gələcək gözləntilərlə bağlı «Şərq»ə danışan AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid isə yayılan söz-söhbətlərin əsassız olduğu qənaətindədir:


- Anar müəllimi yaxından tanıyan, onunla birlikdə səfərlərdə olan, onun xarici yazarlarla münasibətini bilən biri kimi onun sədrliyini həmişə dəstəkləmişəm. Anar müəllimin gücü, potensialı imkan verir ki, gələcək illərdə də birliyə rəhbərlik etsin. Ona görə də qurultay yekdilliklə yenə Anar müəllimin namizədliyini dəstəkləyib. Mən onsuz da həmişə demişəm ki, Anar müəllim bizim Yazıçılar Birliyinə, Azərbaycan yazıçılarına çox lazımdır. İstər ölkə daxilində, ölkə xaricində Anar müəllimin nüfuzunun birliyin həm qorunub saxlanmasında, həm də yazıçı nüfuzunun itirilməməsində, simvollaşdırılmasında çox böyük və əhəmiyyətli rolu var. Ona görə də, yazıçıların yekdilliklə Anar müəllimi birliyin sədri seçməsi çox düzgün və təqdirəlayiqdir.

 

- Qurultayda əldə olunan nəticələr hansılardır?

- Katiblər, İdarə Heyəti müəyyənləşdirilib. İlk dəfə olaraq, İdarə Heyətinə gənclərdən üzv seçilib. Hesab edirəm ki, Azərbaycanın ən istedadlı, layiqli gəncləri AYB-də öz yerlərini tutublar. Bundan sonra da müntəzəm olaraq, AYB-də gəncləşmə siyasəti davam edəcək. Bildiyiniz kimi, qurultaydan bir müddət öncə «Ədəbiyyat» qəzetinə Elçin Hüseynbəyli, «Ulduz» jurnalına Qulu Ağsəs və «Azərbaycan» jurnalına Əsəd Cahangir gətirilib və bu kadr dəyişiklikləri yazarlar arasında kifayət qədər müsbət dəyərləndirilib. Hesab edirəm ki, bəzi saytlarda Ramiz Rövşən və Seyran Səxavətə qarşı salınan hay-küylər ədalətli deyil.

 

- Qurultaydan sonra Yazıçılar Birliyindən gözləntilər nədir?

- Arzulayırıq ki, yazıçıların kitabları satılsın, mütaliəyə maraq artsın. Qurultayda Azərbaycanda kitab mağazalarının qıtlığı, nəşriyyatla yazıçı arasındakı münasibətlərin normal iqtisadi sistemdə olmaması yönümündə fikirlər səslənib. İndi Azərbaycan hökuməti bunları nəzərə alaraq müəyyən dərəcədə yazıçıların iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən köməklik göstərir. Bilirik ki, 2007-ci ildən bəri Azərbaycan prezidentinin yaşlı və cavan yazıçılara təqaüdlərin verilməsi ilə bağlı sərəncamı var. Bununla yazıçıların iqtisadi vəziyyətləri müəyyən dərəcədə kompensasiya olunur. Həmçinin yazıçılara müəyyən mükafatlar da verilir.

 

- Gənclərin qurultayda iştirakının sönük olması narazılıq doğurub? Buna əsas varmı?

- Qurultayda AYB-nin Gənclər Şurasının sədri Elşad Ərşadoğlu, Gənclər Şurasının üzvləri, gənc nasirlər Pərvin Nurəliyeva və Elnarə Akimova çıxış edib. Onların çıxışlarında da həm AYB-yə, həm Anar müəllimə, həm də Azərbaycan ədəbiyyatına münasibətləri əks olunub. Hesab edirəm ki, sözügedən bu gənclər öz intellektuallığı, istedadları və təvazökarlıqları, effektiv səviyyələri ilə gənclər arasında seçilmişlərdir. AYB-də bu cür gənclər çoxdur. Odur ki, AYB-də fərqli gənclərin olmadığına dair yayılan söyləntilər bilməməzlikdir.

 

- AYB-ni rüşvət almaqda ittiham edən Məmməd İsmayıl qurultayda çox sərt fikirlər səsləndirib. Bütün bu ittihamlar nə dərəcədə həqiqəti əks etdirir?

- Hesab edirəm ki, onun AYB-nin üzvlüyünə qəbulla bağlı eşitdiyi neqativ halı, hansısa şayiəni, qeybətcil adamların dediyi sözü qurultayda səsləndirməsi etikadan kənar və Yazıçılar Birliyinin rəhbərliyinə çox böyük hörmətsizlikdir. Orda-burda mən də eşidirəm ki, AYB-də üzvlük zamanı təmənna güdülür. Bütün bu şaiyələri mən də eşidirəm. Amma həmin şaiyələri qurultay kimi böyük bir məclisdə, həm də 20 ildir Azərbaycanda olmayan bir adamın qabartması birbaşa AYB-yə və Azərbaycan yazıçılarına hörmətsizliyin bariz nümunəsi idi. AYB-də rəhbərlik də başda olmaqla təmsil olunan yazıçıların ən böyük üstünlüyü məhz gözütoxluqları və təmiz adlarıdır. Onun fikirlərini kəskin şəkildə qınayıram. Onun nə alternativ gənclik barədə dediyi fikirlər, nə də AYB-dəki neqativliklər barədə qaldırdığı iddialarla razı deyiləm. Azərbaycanda alternativ gənclik yoxdur. Üç-beş nəfər AYO-çular var, onları da vaxtilə mən AYB-yə cəlb etmək istəmişəm, amma onlar birliyə gəlməyiblər. Bu gün AYB üç-beş psixikasında problemi olan adamın dalınca düşüb, onu üzv etməyə çalışmamalıdır. Daha doğrusu, çalışdıq, amma alınmadı. Onlar özləri bilərlər. Yazıçılar Birliyi neçə illərdir gəncləri öz sıralarına cəlb edir, üzvlük vəsiqəsi təqdim edir, təqaüd verir. Kimsə hansısa halda kiminsə vasitəsilə birliyə arxa qapıdan girmək istəyirsə, üzvlüyə qəbul olunmadığı halda orda-burda qeybət formasında nələrsə danışırsa və Məmməd İsmayıl bunu böyüdüb çanaq boyda edirsə, yenə deyirəm, bu, onun tərəfindən ədalətsiz hərəkətdir. Əlbəttə, başa düşürəm ki, Məmməd İsmayıl narazıdır. O hesab edir ki, Xalq şairi adına və digər titullara layiqdir, amma bunları əldə etməyib. Bu məsələdə Yazıçılar Birliyinin günahı yoxdur. Məmməd İsmayıl da, Ramiz Rövşən də, Musa Yaqub da çox yaxşı və istedadlı şairlərdir. Onların hər biri yüksək titullara layiqdirlər. Amma hər bir şair üçün ən böyük mükafat, ad xalq sevgisidir.. Bu mənada Məmməd İsmayılın öz narazılığını başqa bir tənqidi fikirlər altında gizlətməsi heç də cəsarət nümunəsi deyil. Əgər o, hansısa ad almadığı üçün narazıdırsa,bunu açıq şəkildə deyərdi. Çox təəssüf ki, Məmməd İsmayıl özünü qurultayda cavan, ipə-sapa yatmayan uşaqlar kimi apardı. Müəyyən mənada 20 yaşlı üsyankar gənc üçün həmin çıxışı məqbul hesab etmək olar, amma 75 yaşlı Məmməd İsmayıla heç cür yaraşdırmadım, heç gözləməzdim də.

 

- Qurultayda diqqətçəkən çıxışlardan biri də Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yazarlara qarşı iradı idi. Nazir Azərbaycanda bir-iki imzadan başqa dünyaya çıxa biləcək yazıçıların yoxluğundan şikayətlənib və bədii tərcümələrin bəsit olduğuna diqqət çəkib.

- Nazirin dediyində obyektiv məqamlar var, amma bu problemin səbəbləri də var. Həmin səbəblərdən biri də Azərbaycan ədəbiyyatını xaricdə lazımi səviyyədə tanıda bilməməyimizdir. Düşünürəm ki, bu imzalar yetişməlidir. Məsələ burasındadır ki, yazıçı bir günə yetişmir, böyük əsərlər bir günə yazılmır. Bu gün çoxlu gənc yazıçılar var və bunların imzaları da, əsərləri də maraqla qarşılanır. Amma bu yazıçılar nə dərəcədə zamanın keşməkeşli yaradıcılıq yollarından keçəcək, ciddi əsərlər yaza biləcəklər və bu əsərlər tərcümə olunub dünya arenasına çıxa biləcək? Bu artıq işdir, bunun üçün zəhmət çəkmək lazımdır. Bir müddət öncə ölkə başçısının sərəncamı ilə Tərcümə Mərkəzinin statusu yuxarı qaldırılaraq Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi adlandırıldı. Güman ki, Azərbaycan ədəbiyyatının xaricdə təbliği sahəsində olan boşluğu bu Tərcümə Mərkəzi müəyyən qədər doldura biləcək.

Həmçinin AYB katibi Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin də çıxışının təqdirəlayiq olduğunu bildirdi. Doğrusu, Fatma xanımın belə çıxışını ilk dəfə idi ki, eşidirdim. Çox maraqlı və xoş təəccübümə səbəb olan çıxış oldu. Fatma xanım çox ətraflı, hamımızı narahat edən uşaq ədəbiyyatı ilə bağlı məsələləri qeyd etdi. Fatma xanım Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinə rəhbərlik edir və bu məsələni onun belə ağrılı formada gündəmə gətirməyi çox yaxşı haldır. Hesab edirəm ki, AYB nazirliklə birlikdə uşaq ədəbiyyatının inkişafı ilə bağlı konsepsiya hazırlaya bilər. Məncə, bu istiqamətdə dövlətin ümumi konsepsiyası olmalıdır. Və bu işə böyük dəstək göstərilməlidir. Fatma xanımın toxunduğu məsələlər çox aktual idi və o, çıxışı zamanı çox dəqiq nüanslara toxundu».