vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SƏNƏTÇİ  
09:39 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 3275 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qorxa-qorxa qorxudan çıxmışam»

«Küçə süpürərəm, kiməsə «məni dolandır» demərəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Flora Kərimova - müğənni, 73 yaş, xərçəng bürcü, ilan ili.


Mənim üçün ayrılıq göz yaşıdır. Şəxsi mənada özümü itirmirəm, tənhalıqdan qorxmuram və «İnandım ayrılığa» ifadəsi mənim üçün sadəcə, bir anlayışdır. Hər şeyi xasiyyətimə uyğun qavrayıram.

Şəxsi həyatımda ağlamıram, amma birdən cizgi filminə baxıb kövrələ bilərəm.

Nəyisə planlaşdırıb, o işin üstünə getmirəm. Bircə mübarizədə, xətrimə dəyəndə, ya da mənə sataşanda o məqamı dərhal tuturam. Oğlum deyir, «mama, sən bəzən bir adama cavab vermək üçün illərlə gözləyə bilərsən». Mən o səbrin sahibiyəm.

Mahnıda bir it yazılıb, amma o qədər it var ki, öhdəsindən gəlmək olmur.

Qadağalar məni heç vaxt incitməyib. Bircə mahnılarımı düz-əməlli oxumayanda əziyyət çəkmişəm. Bilirsiniz bu nəyə bənzəyir? Ana övladını dünyaya gətirir, amma o övlad şikəst doğulur. Əlindən heç nə gəlmir. Sadəcə, baxır və əzab çəkir. Mənim həyatımda bax, elə «övladım» mahnılar olub. Mən o mahnıları başqalarının ürəyi danışdırmayan ifalarında eşidəndə övladı şikəst doğulan analara oxşamışam.

Mənim üçün  həyatda itkidən başqa heç nə qorxulu deyil. Gözünü açıb gördüyün insanı görməyəndə, o dediyi sözləri eşitməyəndə, otaqda hər əşya onun səsiylə qışqıranda, dözülməz olur. Əslində, insan itkisindən qorxmuram, sadəcə, yanıram. Çünki mən qorxa-qorxa qorxudan çıxmışam.

Heç vaxt həyatımı oxumamışam, həyatıma yanmamışam. Mahnılarımda özgə dərdinə ağlamışam. Öz həyatımda isə həmişə mübariz, qalib olmuşam. Son illər daha anlayıram ki, əsl qələbə kağız üstündə deyil. Əgər səni xalq sevdisə, xalq səni qalib kimi qəbul edirsə, sən qalibsən. Mənəvi qələbə, hüquqi qələbələrdən daha üstündür.

Bilirəm ki, sənətdə də, həyatda da mənim yerim ayrıdır. Uzun ömrümdə qısa ömürlər yaşamışam. Amma hamısı sayğılı, gözəl illər olub. Heç nəyin peşmançılığını çəkməmişəm.

Yaşlanmaqdan qorxmuram və yaşımı gizlətmirəm. Özümü ki, aldada bilmərəm. İlk dəfə səhnəyə çıxanda 13 yaşım var idi. Sizin nənənizin də o vaxtlar qoy, olsun 15 yaşı. İndi mən durub yaşımı azaltsam, insanlar mənə gülməzmi? Mən həmişə gülünc görünməkdən qorxmuşam.

Elə bir insan tanımıram ki, Elçibəyi xatırlamasın. Rəqibləri belə onun kim olduğunu yaxşı dərk edir və qəbul edirdilər.

Mən Elçibəydən nə isə öyrənməmişəm, sadəcə, mən bəyi çox istəmişəm. Bəzən kiminsə nahaq danışdığını görəndə deyirdim ki, bəy, axı bu adam dediyi kimi deyil, siz də bilirsiniz. Deyirdi ki, mən millətin əlindən qəhrəmanını almaq, mən milləti yetim qoymaq istəmirəm. Elçibəy ifşaya da çox ehtiyatlı yanaşırdı. Milləti incitməkdən qorxurdu.

Bəy heç vaxt tənqiddən çəkinmirdi. O, zahirən yumşaq idi, amma içi əriməz polad idi. Mənə deyirdi ki, hər səhər həbsxanada bizi daş karxanasına çıxarırdılar, daşları yonmağa səriştəm çatmırdı, məhbuslar da bunu etməyə imkan vermirdilər. Hər səhər sizin ifanızdakı «Bakı, sabahın  xeyir» mahnısı isə məni yaşadırdı.

Sonra danışırdı ki, həbsxanada onun bir albomu var imiş. Birinci səhifədə mənim, ikinci səhifədə isə Türkan Şorayın şəkli. Azərbaycanlıyam deyə, bəy şəklimi birinci səhifəyə vurubmuş. Azərbaycan onun üçün hər şeyin fövqündə idi.

Heç vaxt əl uzatmamışam, qapı döyməmişəm. Bu, xasiyyətimdir. O, mənə çox mane olub. Ancaq kömək də edib. Bilirsiniz niyə? Ürəyimə salmıram, fikir eləmirəm, alçalmıram, yediyim çörəyi zəhər etmirəm.

Başımı bağlayıb çıxaram küçəyə, küçə süpürərəm. Amma kiməsə «məni dolandır»,-demərəm.

Hərdən çox diqqət yetirəndə yadıma düşür ki, mən Florayam, tanınıram, sevilirəm. Çünki özümlə oynamıram, özümü bəsləmirəm. Fövqəladə insan deyiləm. Sıradan bir səsim olsaydı, heç səhnəyə də çıxmazdım. Səsimin və ya ağlımın olmağı məni digər insanlardan üstün eləmir. Ona da o payı Allah verib, mənə də. Öyündüyün varlığın qüdrətinə sahib olmaq düşüncələrimə yaddır.

Çətin anlarımda, mənəvi əziyyət çəkdiyim günlərdə şeirlə ürəyimi boşaltmaq istəmişəm, amma bacarmamışam.

Gənclərə dəstək verməyimin əsas səbəbi – istəyirəm əlləri çörəyə çatsın. Düzdür sonralar çox haqsızlıq, vəfasızlıq görürəm, amma incimirəm. İnsanlara inanmıram, vəfasızlığa da təəccüblənmirəm.

Yağışı çox sevirəm. Əvvəllər yağış yağan kimi bir macar filmindəki melodiyanı zümzümə edirdim. Həyat yorğunluğundan bu vərdişi unutdum.

Yağış yağanda heç kim yadıma düşmür. Bircə anam təzə dünyasını dəyişəndə özümü öldürürdüm ki, anam islandı.

Yazıda ən çox sözlərin ahənginə fikir verirəm. Sözləri düşüncənin melodiyasına salmağı bacarıram.

Mənə məxsus olan hər şey mənim dünyamdır və mən bu dünyanı qorumalıyam. Özümü qoruya bilmirəmsə, vətənimi də qoruya bilmərəm. Mən sadəcə qadın, sadəcə ana, sadəcə müğənni deyiləm. Mənim daha böyük məsuliyyətim və missiyam var. Özümü müdafiə edəndə Azərbaycan qadınının ismətini müdafiə edirəm. Övladlarımın simasında küçədə yiyəsiz qalan körpələri müdafiə edirəm.

Mən vətəndən başlayıram, vətən məndən yox.

O qədər sünilik görürəm ki, məni tərifləyəndə qıcıqlanıram.

Mən insanları pərt etməkdən qorxmuşam.

Səhhətim üçün yorucu olsa da ünsiyyətə can atan insanların qəlbini qırmamışam, yox deməmişəm.

Hərdən mən koramal oluram. Vurmuram, vurmuram, amma vuranda da ölümcül yaralayıram.

Yumor hissi mənə atadan keçib. Həyatımın ən faciəli, ən kritik anlarında bu xüsusiyyətim mənə çox kömək olur. Nənəm rəhmətlik deyərdi ki, ağlayanın bir dərdi var, gülənin min.

Necə həyat yaşadığım göz qabağındadır. Qaydasız münasibətlərə cavab verməyə qadirəm. Heç vaxt özümü itirməmişəm, kompramisə də getməmişəm.

Heç vaxt zorən bacı, zorən həyat yoldaşı, zorən ana olmaq istəməmişəm. Varlığım budur. Maksimalistəm, hədəfim özümü sırımaq deyil, amma mənimdirsə heç vaxt, heç kimlə bölmərəm.

Bir şəxsiyyət kimi heç vaxt ehtiyatda olan oyunçu olmaq istəməmişəm. Heç vaxt qoymaram ki, məni əvəz etsinlər, dəyişsinlər ya da müqayisə aparsınlar.

Həmişə öz əleyhimə yaşamışam. Məni sevən qismətlərim belə güclü və inadkar olmasaydılar, çox asanlıqla onlardan vaz keçərdim.

Özümdən çox narazıyam. Özümə qarşı çox qəddaram. Çörəyimi bölərəm, həyatımı verərəm, amma məni xırdalamağa qoymaram.

1937.az