vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MUSİQİ  
00:54 | 5 iyul 2014 | Şənbə Məqaləyə 3759 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rənglənmiş popurri»

Dahilərə toxunmayın, lütfən!

ƏFSANƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Filarmoniyanın yay zalında yığışan tamaşaçıların əksəriyyətinin öz Ana dilində danışmamasına baxmayaraq, müğənni Sevda Ələkbərzadə dünən keçirilən yeni albomunun təqdimatında hamını öz dilimizdə salamladı. Qısa girişində «İntro» («Daxildə») adlı albomunda yer alan mahnılar haqqında da elə öz Ana dilimizdə məlumat verdi. Ona qədər az qala özümü Rusiyanın hansısa bir vilayətində və ya şəhərində hiss etdiyimdən müğənninin öz dilimizdəki çıxışı mənə, heç olmasa, öz doğma vətənimdə olduğumu xatırlatdı.


S.Ələkbərzadənin anasına həsr etdiyi albomuna daxil etdiyi mahnılar Azərbaycan Dövlət Orkestrinin və Abxaziya Dövlət Xor Kapellasının müşayiəti ilə ifa olundu. Belə deyək, müğənni eksperimentləri ilə səhnəyə, yenə də, «yenilikçi» kimi çıxmaq istədi. Sevdanın necə müğənni olması, istedadlı olub-olmaması, caz, etno-caz və ya rok üslubunda necə oxuması haqqında yazmaq niyyətində deyiləm. Ancaq yeni layihəsində təqdim etdiyi kompozisiyalardan söhbət açmaya bilmərəm.

Müğənninin ilk mahnısı dahi bəstəkar Üzeyir bəydən saundtreklər oldu. Gürcü xorunun bariton səsli kişi və qadın üzvlərinin səsləri də böyük bəstəkarın təkrarsız musiqisinə qarışdı. Auditoriyanın «Bravo» qışqırıqlarından sonra məlum oldu ki, səslənən dahi bəstəkarın dünyaca məşhur «Arşın mal alan»ından müəyyən parçaların «rənglənmiş» forması imiş. Hər halda müğənni öz kompozisiyasını belə adlandırdı: rənglənmiş popurri. Müğənninin repertuarında olan «Almanı atdım xarala», «Əlimi bıçaq kəsibdi» və s. xalq mahnılarına da konsert boyunca eyni «rəng» qatıldı. Eləcə də Qara Qarayevin «İldırımlı yollarla» baletindən «Gitara ilə qızların rəqsi»ndə də qeyri-adi «rəng» çalarları göründü.

Konsertin əvvəlində «Sevda Ələkbərzadənin layihəsi həm ənənəyə söykənir, həm də eksperimentaldır» və ya «Üzeyir Hacıbəyovun əsərini rok üslubunda eşitmək həm təəccübünüzə səbəb olacaq, həm də bizim musiqini yenidən kəşf etməyə imkan verəcək» deyilsə də, sözün açığı, mən bu «yenilik»dən heç nə anlamadım. Qulağımda qalan yalnız kompozisiyada böyük bəstəkarın arabir qorunub saxlanan əsrarəngiz musiqisi oldu.

Yadımdadır, bir neçə il əvvəl Üzeyir bəyin musiqisinə xalq artisti Siyavuş Kərimli də Norveç xoru ilə müraciət edib, muğam ustası Alim Qasımov da. Dahi bəstəkarın bütün nəsillər üçün çığır açan, tükənməz yaradıcılıq mənbəyi olduğunu nəzərə alsaq, eksperimentləri anlamağa çalışırıq. Onu da başa düşürəm ki, hansısa bir uğur əldə etmək çərçivələrdən çıxmağı tələb edir. Və bu yenilik də hər dəfə bütün kütləni qane etməyə, mübahisə doğura bilər.

Uzağa getməyək... Təxminən iki il əvvəl Rusiyada «Baharın 17 anı», «İşdə məhəbbət macərası», «Döyüşə qocalar gedir» və s. kimi filmlərin remiks variantlarını yaratmaq istəyi az qala bütün ölkəni ayağa qaldırdı. «Milli sərvətə toxunmaq olmaz» - deyə Rusiya Kommunist Partiyası və ictimaiyyət nümayəndələri özlərini «yenilikçi» adlandıran işbazları məhkəməyə verdilər: «Bu filmlər bir dəfə çəkilib və xalqın məhəbbətini qazanıb. Bacarırsınızsa, yeni film çəkin və şöhrət qazanın» - deyə səslənən fikirlərə indi daha çox haqq qazandırıram. Milli sərvətə toxunmaq olmaz. Üzeyir bəy, Qara Qarayev... bizim milli sərvətimizdir. Klassiklərin əsərləri məhz ona görə sevilir ki, bütün zamanlar üçün yazılıb. Ona görə qiymətlidir ki, daha elə əsərlər yaranmır. Hətta tədqiqatçılara inansaq, bundan sonra da yaranmayacaq. Dahi Üzeyir bəy də «xalq üçün qalan bu olacaq» - deyə musiqi incilərini yazıb bəşəriyyətə bəxş edəndə onların nə vaxtsa «rənglənəcəyini», loru dildə desəm, eybəcər formaya salınacağını ağlına da gətirməzdi. Elə isə bu gün nədən klassikaya əl uzadılır, milli sərvətimizə yad elementlər qatılır? Düzdür, Üzeyir bəyin əsərləri hər cür yenilikçi olmaq üçün yoldur. Ancaq o əsərləri olduğu kimi, heç bir müdaxiləyə yol vermədən, peşəkar səviyyədə ifa etməklə. Məgər mədəniyyətlərin dialoqu üçün Üzeyir bəyin musiqisinə mütləq gürcülərin aranjmanı qarışmalıdır? Qoy gürcülər dahi bəstəkarın əsərini olduğu kimi səsləndirsinlər, oxusunlar, ifa etsinlər, səhnəyə qoysunlar, amma yad elementlər qatmasınlar.

Yenilik gözəl şeydir. Hər yerdə, hər sahədə. Amma ənənəyə, köhnəliyə toxunmamaq şərtilə. Eksperimentlər üçün yaradıcılıq, onsuz da, sərhəd tanımır. Ancaq dahilərə bu formada toxunmayın. Lütfən, toxunmayın... (milli.az)