vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MÜBAHİSƏ  
17:13 | 9 iyul 2014 | Çərşənbə Məqaləyə 3236 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan-Türkiyə İŞİD-in planından kənardadır»

«Xəritə yenidən çizilsə, regionda güc mərkəzi olan dövlətlər Yaxın Şərqdə olmaya bilər»

İsmayıl MƏMMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da respublikaçıların demokratlarla bağlı arzusu, daha dəqiq desək, qarğışı reallaşdı. Həmişə İraqa görə tənqid atəşinə tutulan respublikaçı Prezident Corc Buşu hədəf alan demokratlar bundan sonra öz opponentlərinə daha bunu irad tuta bilməyəcəklər. Çünki indi onların Prezidentinin - Barak Obamanın öz İraqı başlayır. Amerikalıların situasiyadan əllərini çəkməsi səbəbindən, Səddam Hüseynin devrilməsindən sonra «xoşbəxt» yaşayacaq olan İraq indi təlatümlər məngənəsində boğulur və onun üçün heç də yaxşı nəsə vəd etməyən 3 ssenarinin astanasındadır: 1) ölkə bir neçə hissəyə parçalanır, 2) uzunmüddətli vətəndaş müharibəsinin əsirinə çevrilir, 3) hakimiyyətə radikal vəhhabilərin təşkilatı olan «İraq Şam İslam Dövləti» (İŞİD) gəlir.


Suriya cəbhəsindəki əsas qüvvələrini İraqa cəmləşdirən və burada Səddamın keçmiş generallarının dəstəyini qazanan İŞİD radikalları ölkəni, sözün əsl mənasında qan gölünə döndəriblər və artıq Bağdadın yaxınlığına gəlib çatıblar. Paytaxtı işğal təhlükəsi altında olan bir dövlətin əhalisinin Səddam devriləndən sonra demokratik gələcəyinə təminat verən ABŞ isə hələ də «İŞİD-in qarşısını necə almaq lazımdır və ümumiyyətlə, almaq lazımdırmı» sualları ətrafında düşünməkdə davam edir. Hətta bu günlərdə ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi «İraqa o zaman qoşun göndərərik ki, İŞİD ana vətənimiz olan ABŞ üçün birbaşa təhlükə törətsin» deməklə əsl niyyətlərini açıqladı.

Qeyd edək ki, İŞİD-in ilk həmlələri zamanı İraq hakimiyyəti nisbətən soyuqqanlı davranır, sanki radikalların ABŞ faktorunu nəzərə alaraq, bu qədər qabağa gedəcəyinə inanmaq belə istəmirdilər. Amma İŞİD-in son uğurları Nuri əl-Maliki hökumətini o qədər qorxuya saldı ki, indi Baş nazir ABŞ-dan açıq şəkildə hərbi yardım istəyir. Əl-Maliki xahiş edir ki, əgər ABŞ hökuməti birbaşa əsgəri yardım etmirsə, heç olmasa qırıcı təyyarələr vasitəsi ilə göydən İŞİD-in başına od ələsin. Çünki Səddamdan sonra darmadağın olan İraq hərbi aviasiyasında cəmi 2 Cessna təyyarəsi var. Vaşinqton isə İraqa onlarla hərbi məsləhətçi göndərməklə kifayətlənir. Real köməkdən hələ heç bir xəbər yoxdur. 

Ekspertlər hesab edirlər ki, ABŞ siyasəti faktiki ikitirəlik arasındadır. Məlumdur ki, Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı vuruşan radikalların, xüsusən də İŞİD-in qüvvətlənməsində rəsmi Vaşinqtonun birbaşa köməyi danılmazdır. Amma yerində möhkəm dayanan Əsəd hakimiyyətindən, həmçinin İran və «Hizbullah» tərəfindən aldığı zərbələr İŞİD-i birdən-birə cəbhəni dəyişməyə məcbur etdi və onlar Suriyadan İraqa yönəldilər. 

Ağ Evdə isə belə düşünmürlər. Onların fikrincə, İraqda mövcud olan hazırkı situasiyada Barak Obama deyil, məhz Nuri əl-Maliki hakimiyyəti günahkardır. Əslində bu ittihamlarda da bir həqiqət var: ABŞ-a verilən sözlərə baxmayaraq, əl-Maliki hakimiyyəti artıq neçə ildir ki, İraqın sünni siyasi qüvvələrini ölkənin idarəçiliyinə yaxın belə buraxmır. Bundan əlavə, son seçkilər zamanı şiə qüvvələr parlamentdə yerlərin əksəriyyətini  tutdular ki, bu da onlara sırf şiələrdən olan hakimiyyət formalaşdırmasına imkan verir. Rəsmi Vaşinqton isə Bağdad rejimindən ölkənin idarəçiliyinə sünnilərin də cəlb edilməsini tələb edirdi. Əl-Maliki bu çağırışları cavabsız qoydu və nəticədə narazı sünnilər İŞİD-in tərəfinə keçdilər. 

İndi Ağ Ev əl-Maliki qarşısında konkret tələblərlə çıxış edir. ABŞ diplomatları koalisiya hökumətində İraqda mövcud olan bütün qüvvələrin təmsil olunmasının təmin edilməsindən sonra əl-Malikiyə İŞİD bəlasından qurtulmaqda kömək ediləcəyini bildirirlər. Bunu ABŞ-ın dövlət katibi Con Kerrinin «İraqın gələcəyi yaxın müddətdə Bağdad rejimi tərəfindən qəbul ediləcək qərarlardan, yəni ümumi düşmənə - İŞİD-ə qarşı ölkənin bütün qüvvələrinin konsolidasiyasına gətirə biləcək qərarların verilməsindən asılıdır» açıqlaması da təsdiqləyir.  

Ekspertlər bildirirlər ki, Con Kerrinin bəyanatlarını ABŞ-ın sünni icmasının mənafeyini güdməsi kimi qiymətləndirmək düzgün deyil. Sadəcə olaraq, Vaşinqton istəmir ki, İraq bütünlüklə şiələrin, yəni İranın təsiri altına keçsin. Sünni qüvvələr isə iranlılara heç bir simpatiya bəsləmirlər və hakimiyyətdə təmsil olunduqları zaman İran üçün də problemlər yarada bilərlər. Hələ ki, ABŞ siyasiləri bunu açıq demir, amma artıq eyham səviyyəsindən çıxan açıqlamalar da edirlər. 

Con Kerrinin son bəyanatı buna əyani sübutdur. O deyir ki, müstəqil dövlət olan İraq yaxın qonşularına yaranan «hakimiyyət vakuumunu» doldurmaq icazəsi verməməlidir. Bağdad rejimi yeni koalisiya hökuməti formalaşdırmalı və bundan sonra ölkənin gələcəyi üçün vacib olan qərarların kənardan müdaxiləsiz, birgə qəbuluna nail olmalıdır. Bu ərəfədə rəsmi Tehran isə dəqiq zərbələrlə İŞİD-i məhv edərək, əl-Maliki hökumətini xilas etməyə və bununla da bütün Yaxın Şərq regionunda öz mövqelərini möhkəmləndirməyə çalışır. 

Beləliklə, «Bizim Yol» əməkdaşı parçalanmış İraq, İranın bu münaqişənin nizamlanmasında rolu, İŞİD-in növbəti təhlükələri, həmçinin bu prosesin Azərbaycanı nə dərəcədə narahat edib-etməməsi ətrafında, Dubayda yaşayan tanınmış iranlı politoloq, «Euronews» və CNN telekanallarının intensiv münasibətini öyrəndikləri Yaxın Şərq üzrə ekspert Məsud Əlfaqla müzakirə edib.


- Məsud bəy, İraqın gələcəyini necə görürsünüz? Ümumiyyətlə, belə situasiyada daha doğru sual «İraqın bir dövlət olaraq gələcəyi varmı?» olardı...

- Bir çox ekspertlərdən fərqli olaraq, mən hesab etmirəm ki, İraq parçalanacaq və bütünlüklə dünyanın siyasi xəritəsindən silinəcək. Məncə, hadisələr başqa cür inkişaf edəcək: siyasi cəhətdən İraqda hakimiyyət bölgüsü olacaq. Əgər mövcud hakimiyyət buna getməsə, onda mən də bir zamanlar möhtəşəm və güclü İraqın rəsmi olaraq parçalanmasını konstatasiya etmək məcburiyyətində qalacağam. İstisna etmirəm ki, çox yaxın müddətdə Nuri əl-Malikini tamam başqa bir şəxs əvəz edəcək. İraqın vitse-prezidenti Abdul Mehdinin də bu rolu oynamaq üçün yaxşı şansları var. 

Bu gün biz vaxtında qarşısı alınmayan Suriya krizisinin İraqa yayılmasının şahidiyik. Amma İŞİD-in müvəqqəti uğurları regionda dost olmayan dövlətləri belə səylərini birləşdirməyə məcbur edəcək. Çünki əgər İraq İŞİD-in qənimətinə çevrilərək dağılarsa, onda Yaxın Şərqin xəritəsi yenidən çiziləcək və burada indi regionda güc mərkəzi olan köhnə qüvvələrin özünə yer tapacağı qarantilənmiş məsələ deyil. Odur ki, köhnə-ənənəvi və güclü mərkəzlər səylərini birləşdirəcəklər. 


- Məlumdur ki, bu mərkəzlərin sırasında İran da var...

- Əlbəttə ki, var. Mən tam əminliklə deyirəm ki, bu gün İraqın parçalanmamasında İran o biri region dövlətlərindən daha maraqlıdır. Rəsmi Tehran Bağdadın süqutu ilə regiona yayılması real olacaq «domino effektindən» çəkinir. Bəlkə də gələcəkdə İran üçün İraqın parçalanması daha sərfəli variant olacaq, amma bu gün İran İraqın güclü qonşu olaraq qalmasına çalışır. 


- Dediklərinizə bu qədər əminlik nədən qaynaqlanır? 

- İran multietnik dövlətdir. Orada kürdlər, ərəblər, bəluclar, türklər yaşayır. Səudiyyə Ərəbistanında şiələr, sünnilər, ismaililər var. Analoji durum Türkiyədə də müşahidə edilir. Belə olan halda narahat, çalxalanan, qaynayan İraq regionun hansı dövlətinə sərf edər ki? Məncə, heç birinə. 


- İranın mövqeyi o qədər də güclü deyil. Bir tərəfdən Tehran Qərblə münasibətləri yaxşılaşdırmaqda maraqlıdır və bunun üçün addımlar atır, digər tərəfdən Qərbin Suriyada dəstəklədiyi və hələlik İraqda savaşmadığı İŞİD-ə qarşı barışmaz mövqe tutur. Rəsmi Tehranın addımlarını necə qiymətləndirirsiniz?  

- Nə qədər ki, İran öz sərhədlərində İŞİD-in real təhlükəsini hiss etməyəcək, ciddi hərbi addımlara getməyəcək. Tehran İŞİD-in təhlükəsini çox aydın anlayır, amma unutmayın ki, İran da Suriyada davam edən vətəndaş müharibəsindən özü üçün nəticələr çıxarıb. Məhz bu praktikadan istifadə edərək, İran belə müharibələrdə birbaşa öz hərbçilərindən  istifadə etmir. İran «Hizbullah»dakı iranmeylli qüvvələr, «Əbülfəzl Abbas briqadası» kimi qüvvələrdən istifadə edir. Amma İŞİD öz sərhədinə yaxınlaşarsa, onda təbii ki, Tehran layiqli cavab verəcək. Eyni cavab İŞİD-in İran sərhədlərinə deyil, İraqdakı müqəddəs şiə ziyarətgahlarına hücum etdiyi zaman da baş verə bilər. İranın belə halda hərəkətsiz qalması və yalnız bəyanatlarla kifayətlənməsi bütün regionda olan şiələr arasında liderliyini itirməsinə gətirib çıxara bilər. 


- İŞİD Azərbaycan və Türkiyənin ünvanına da hədələrlə çıxış edir. Sizcə, İŞİD təhlükəsi bu ölkələr üçün realdırmı? 

- Hesab etmirəm ki, hazırda İŞİD-in Azərbaycan və Türkiyəyə qarşı hazır hücum planı mövcuddur. İndi onların hədəfi Yaxın Şərq və ərəb ölkələridir. Azərbaycan və Türkiyəyə hücum imkansızdır, amma əgər İŞİD Yaxın Şərqdə möhkəmlənə bilsə, bütün dövlətlər, həmçinin bu iki dövlət üçün də problemlərin olacağı istisna deyil. (bizimyol.info)