vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
09:01 | 11 iyul 2014 | Cümə Məqaləyə 1497 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Avro-5» istehsalı 3 il ərzində həll olunmalıdır»

Prezident ekologiyadan danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Böyükşor gölünün təmizlənməsi burada qeyd olundu. Layihə icra olunur. Bu, çox böyük layihədir, rəmzi xarakter daşıyır. Bakının ətrafında çirklənmiş göllərin sayı ondan çoxdur. Onlardan ən böyüyü, ən çirklənmişi Böyükşor gölüdür və biz məhz bu göldən başlamışıq. Bu gölü biz tədricən təmizləyəcəyik. Hələ ki, iki yerə bölmüşük, ola bilsin üç yerə böləcəyik. Eyni zamanda, yol salınacaqdır. Artıq bənd tikilir». «Trend»in məlumatına görə, bunu iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda yekun çıxışı zamanı deyib.

Prezident deyib ki, bu, həm şəhər nəqliyyatı üçün faydalı olacaq, eyni zamanda, bu gölü hissə-hissə təmizləmək daha da asandır: «Hesab edirəm ki, gələn ilin yayına qədər birinci hissə artıq istifadəyə veriləcəkdir. Üç yüz hektar təmiz göl şəhərin mərkəzində vətəndaşların sərəncamına veriləcəkdir. Gölün ətrafında yaşıllıq, gəzinti zolaqları, bulvar, yəni, şəhər üçün böyük bir park və göl yaradılacaqdır. Bu da həm ekoloji cəhətdən, həm insanların istirahəti üçün çox böyük əhəmiyyət daşıyan məsələdir.

Bununla paralel olaraq Zığ gölünün təmizlənməsi də artıq nəzərdə tutulur. Biz yəqin ki, yaxın aylarda bu gölün təmizlənməsinə də başlamalıyıq. Biz hələ ki, iki göldən başlayıb, növbəti illərdə bütün gölləri təmizləyəcəyik. O göllərə illər ərzində çirkab sular, lay, neft, kanalizasiya suları axıdılırdı. Bu göllər bu gün bir ekoloji fəlakət mənbəyidir, şəhərimizi zəhərləyir. Amma biz bu gölləri təmizləyib, gözəl ekoloji layihəyə çevirəcəyik və bu, şəhərin ekologiyasına çox müsbət təsir göstərəcəkdir.

İndi Balaxanı zibilxanasının təmizlənməsi, orada zibilyandırma zavodunun, poliqonun yaradılması nə qədər böyük təsir göstərmişdir. İndi əvvəlki illərdə olduğu kimi şəhəri bürüyən zərərli tüstü yoxdur. İndi şəhərin havası dəyişir».

Azərbaycanın «Avro» standartına keçdiyini xatırladan dövlət başçısı bildirib ki, «Avro» standartından aşağı səviyyədə olan avtomobillər artıq Azərbaycana idxal edilmir: «Bu da böyük dərəcədə müsbət təsir göstərəcəkdir. Çünki havanı çirkləndirən əsas amil avtomobillərdir. Həmçinin neftayırma zavodumuzda yenidənqurma işləri nəzərdə tutulur. Artıq layihə təqdim edilibdir. Mən hələ ki, bu barədə geniş danışmaq istəmirəm. Bəlkə də, biz bunu ayrıca müzakirə edəcəyik. Ancaq bizim zavodumuzda ən azı «Avro-5» benzinin istehsalı nəzərdə tutulur və vaxt qoymuşam ki, biz bu məsələni üç il ərzində həll etməliyik. Göllərin, neftlə çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası. Bibiheybət buxtasının əvvəlki görüntülərinə nəzər salsaq görərik ki, biz nə dərəcədə böyük işlər görmüşük. İndi orada ağaclar əkilib, park salınıb. O, böyük bir fəlakət zonası idi. Ceyms Bond haqqında filmi orada çəkmişdilər. Təqribən on il bundan əvvəl böyük bir fəlakət zonası kimi çəkmişdilər. Bibiheybətin o filmdəki və indiki vəziyyətinə baxmaq olar. İndi biz orada incəsənət, idman şəhərcikləri salırıq. Avropa Oyunlarına hazırlıq məqsədi ilə orada böyük Su İdmanı Sarayı və açıq meydançalar tikilir. Böyük hovuzlar, istirahət zonaları, idman meydançaları olacaqdır. Oyunlardan sonra isə onlardan vətəndaşlar da istifadə edəcəklər. Bax budur bizim gördüyümüz işlər. Ona görə ekologiya məsələlərinin həllinə daim diqqət göstərilir. Altı ayda həm Bakıda, həm bölgələrdə iki milyondan çox ağac əkilibdir. Mən həmişə deyirəm ki, bu, daimi proses olmalıdır. Biz nə qədər çox ağac əksək, xüsusilə Abşeron yarımadasında, o qədər də insanların sağlamlığına xidmət etmiş oluruq».