vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
09:29 | 11 iyul 2014 | Cümə Məqaləyə 2236 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«On minlərlə yeni iş yeri açacağıq»

Prezident: «Azərbaycanın nüfuzu və təsir imkanları günbəgün artır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu altı ayda hərbi məsələlərə xüsusi diqqət göstərilib. Ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır». Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib.

Dövlət başçısının sözlərinə görə, ordunun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır: «Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələlərdir. Bu yaxınlarda səfirlərlə görüşdə bu məsələ ilə, ümumiyyətlə, xarici siyasətlə bağlı sözlərimi kifayət qədər geniş demişəm, təkrar etmək istəmirəm. Sadəcə olaraq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir».

Prezident İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.

Dövlət başçısı iri enerji layihələrinə də toxunub: «Biz «Cənub qaz dəhlizi» layihəsini vaxtında icra edəcəyik». 

«Cənub qaz dəhlizi»nin təşəbbüskarının Azərbaycan olduğunu bildirən dövlət başçısı bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəyini qeyd edib: «Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərib. Bu üç layihə - «Şahdəniz-2», TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcək. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaq». 

Azərbaycanın bu gün dünyada oynadığı rolunun çox önəmli olduğunu deyən prezident İlham Əliyev Azərbaycanın nüfuzunun, önəminin, təsir imkanlarının gündən-günə artdığını qeyd edib:  »Bütün bunları biz özümüz qazanmışıq, əldə etmişik. Enerji siyasətimiz bu gün ümumi siyasətimizin tərkib hissəsidir, nəinki bizim üçün, bütün ölkələr üçün milli təhlükəsizlik məsələsidir. Son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə bilməz, tam müstəqil siyasət apara bilməz».

Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz enerji təhlükəsizliyini çoxdan təmin edib və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır: «Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməyib. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir».

«Növbəti illərdə TANAP layihəsinin icrası ilə bağlı Azərbaycanda on minlərlə yeni iş yeri açılacaq. Azərbaycan şirkətləri bu layihələrdə iştirak edəcəklər. Son vaxtlar imzalanan kontraktlar üzrə tenderlərdə Azərbaycan şirkətləri ya birbaşa, ya da xarici şirkətlərlə birlikdə qalib gəliblər və bir neçə milyard dollar həcmində kontraktların icrası da Azərbaycan şirkətlərinə həvalə edilib. Bu da dövlətin özəl sektora göstərdiyi diqqət və qayğıdır» -  deyə İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, birinci böyük layihələrin icrası nəticəsində Azərbaycan şirkətləri ayağa qalxa biliblər, kapital, təcrübə toplayıblar: «Ondan sonra Azərbaycana investisiya qoymağa başlayıblar. Mən də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik. Ancaq burada yaşayan və çalışan şirkətlər buraya investisiyalar qoysa, onlar üçün daha yaxşı olar.Gəlirlilik burada daha yüksəkdir, investisiyalar dövlət tərəfindən qorunur».

Dövlət başçısının sözlərinə görə, TANAP, «Şahdəniz-2» layihələrinin icrası nəticəsində ölkənin inşaatla, xidmətlə, digər sahələrlə və xüsusən də, energetika sahəsi ilə bağlı şirkətlər də hazır olmalıdır: «Tenderlərdə iştirak etməlidirlər və orada yaxşı təklif verməlidirlər ki, qalib gəlsinlər. Beləliklə, daha çox vergi ödəyəcəklər, daha çox iş yerləri yaradılacaq. Bir sözlə, bizim enerji siyasətimiz bu yolla ölkə iqtisadiyyatının inkişafına xidmət etməlidir, nəinki qazanılan pulların sonra infrastruktur layihələrinə yönəldilməsi ilə. Bu, təbii ki, olacaq. Bu layihələrin icrası nəticəsində biz böyük miqdarda vəsait əldə edəcəyik, o vəsaiti də ölkə iqtisadiyyatının inkişafına, sosial məsələlərin həllinə qoyacağıq. Ancaq kontraktların icrası nəticəsində yerli şirkətlərin fəaliyyəti hesabına iş yerlərinin açılması, yeni sənaye sahələrinin yaradılması prosesi də sürətlə gedəcək».

«Biz dövlət olaraq buna hazırıq. Bu məqsədlə artıq neçə ildir ki, sənayeləşmə siyasəti aparılır, texnoparklar yaradılır, digər təşəbbüslər var və olacaq. Bir sözlə, bizim sənayemiz də buna hazır olmalıdır. Müəyyən dərəcədə hazırdır, ancaq hesab edirəm ki, bir-iki il ərzində sənaye məsələlərinə həm dövlət xətti ilə, həm özəl qurumlar hesabına daha böyük diqqət göstərilməlidir», deyə İ.Əliyev vurğulayıb.

Prezident İlham Əliyev altı ayda görülən işlərin yüksək qiymətləndirilməli olduğunu qeyd edib: «Ölkədə çox gözəl ab-hava var. Çox gözəl ictimai-siyasi vəziyyət müşahidə olunur. Sabitlik tam şəkildə təmin edilir. Sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir. Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meylləri daha da gücləndirir».