vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
13:20 | 21 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın qəbul etdiyi qanun nəyi dəyişəcək?

Asim Mollazadə: «Azərbaycan kənarda qalmayıb»

SƏXAVƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna, Gürcüstan və Moldovaya ABŞ-ın müttəfiqi statusu veriləcək. Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının Rusiya təcavüzünün qarşısının alınması barədə qəbul etdiyi qanun layihəsində öz əksini tapıb. İkinci oxunuşda qəbul edilən qanun layihəsi Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü olmadan da ABŞ-ın müttəfiqi statusu verilməsini nəzərdə tutur. Sənəd yekun oxunuşda qəbula hazırlanmaq üçün müvafiq komissiyaya göndərilib.

Layihəyə əsasən, ölkələrə NATO-ya üzv olmadan ABŞ-ın müttəfiqi statusu onların ABŞ-dan hərbi sistem və ya xidmətlər ala bilməsi üçün müəyyən meyarlar çərçivəsində veriləcək. Ukrayna, Gürcüstan və Moldovadan başqa, Azərbaycan, eləcə də Bosniya, Serbiya, Monteneqro, Makedoniya və Kosovo təhlükəsizliyin təmin olunması və ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı əməkdaşlıq üçün ABŞ-dan kömək ala biləcəklər. Siyahıda Ermənistanın adı yoxdur.

Bəs, bu layihənin qəbul olunmasının üstünlükləri nədən ibarətdir? Bu istiqamətdə suallarımızı cavablandıran Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, qanun layihəsi sözügedən ölkələrin müstəqilliyi və ərazi bütövlüyünə təhlükələrin artması ilə bağlıdır. Onun sözlərinə görə, bundan əlavə sənədin qəbulunun Azərbaycanın ABŞ-la hərbi sahədə əməkdaşlığının artırılması ilə bağlılığı var: «Zənnimcə, ilk növbədə bu kimi təkliflərin əsas səbəbi keçmiş SSRİ ərazində olan münaqişələrin sayının artması, həll edilməməsi və münaqişələrin bu ölkələrin ərazi bütövlüyü və müstəqilliyi üçün yaratdığı təhlükələrlə bağlıdır. Fikir versəniz, görərsiniz ki, Ermənistanın adı bu sənədə salınmayıb. Çünki Ermənistan bu gün Rusiyanın xaricdəki ən böyük hərbi bazasına malikdir və təcavüzkar siyasəti ilə bölgədə sabitliyi pozan əsas fiqurlardan biridir. Ona görə də ABŞ bu cür sənədlər hazırlayır və bununla da müstəqil ölkələrə öz dəstəyini göstərir».

A.Mollazadə Azərbaycanın bu layihədən kənarda qalması fikri ilə razı olmadığını bildirib: «Azərbaycan kənarda qalmayıb. Sənəddə Azərbaycanın adı xüsusi qeyd olunur. Ancaq təhlükə ilk növbədə Avropa İttifaqı ilə assosiativ saziş imzalayan ölkələr üçün yaradılır. Bu ölkələrin təhlükəsizlik sahəsində ciddi dəstəyə ehtiyacı var. Azərbaycan bu sazişi imzalamadığı və imkanları daha geniş olduğuna görə, başqa formada dəstək alır».

Partiya sədri qəbul olunmuş sənədi ümumiyyətlə müsbət hal kimi qiymətləndirdiyini vurğulayıb: «İlk növbədə Birləşmiş Ştatların bu ölkələrə olan dəstəyi kimi qəbul edirəm. Eyni zamanda bu ölkələrə qarşı xarici təzyiqlərin daha güclü, daha sərt olacağını planlaşdırıram».

«Qanun layihəsinin qəbulundan sonra sözügedən ölkələrə Rusiya təhlükəsinin artacağı, yoxsa azalacağına dair sualımızı cavablandıran A.Mollazadə deyib: «Çox istədik ki, heç bir ölkənin müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı təhlükələr olmasın. Ancaq mənə elə gəlir ki, hazırda bu təhlükələr artmaq üzrədir. Çox istərdik ki, həm Avropa İttifaqının, həm də ABŞ-ın bu istiqamətdə əməkdaşlığı artsın və bir sıra gənc, müstəqil ölkələrə müstəqilliklərini və ərazi bütövlüklərini qorumaq yolunda öz dəstəklərini artırsınlar. Yalnız bu halda onları qorumaq mümkün olacaq və bu əməkdaşlığın ciddi nəticələri olacaq».

A.Mollazadə ABŞ və Avropa İttifaqının iyulun 16-dan etibarən Rusiyaya qarşı sanksiyaları gücləndirməsinə də münasibət bildirib: «Biz daha ciddi sanksiyalar vasitəsilə Ukraynanın şərqində mövcud olan vəziyyətin sabitləşəcəyinə ümid edirik. Hazırda Ukraynada çox ciddi hadisələr gedir və ionun qarşısını almaq üçün ciddi addımların atılmasına ehtiyac var».

Bununla belə, deputat Rusiyanın da hansısa Amerika şirkətlərinə məhdudiyyət tətbiq edəcəyini istisna etmədiyini vurğulayıb: «Baxaq görək, neyləyirlər». (teleqraf.com)