vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
19:23 | 25 iyul 2014 | Cümə Məqaləyə 3688 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin saray gizlinləri

Rusiya prezidentinin heç yerdə eşitmədiyiniz gündəlik həyatı, xaricəsəfərləri, rəsmi mərasimləri və s.

MÖVZU İLƏ ƏLAQƏLİ

Nüfuzlu «Newsweek» jurnalı hazırda dünyanın ən çox müzakirə olunan və ən güclü lideri hesab edilən Rusiya prezidenti Vladimir Putinin saray gizlinləri və şəxsi vərdişlərinə dair indiyədək heç vaxt açılmayan sensasion məlumatlardan ibarət məqalə dərc edib. Virtualaz.org saytı xəbər verir ki, məqalənin müəllifi Ben Cudadır.

Müəllif qeyd edir ki, məqaləni «Kövrək imperiya: Rusiya Vladimir Putini necə sevdi və ondan necə bezdi» adlı kitabını yazarkən üç il yarım ərzində götürdüyü müsahibələr əsasında yazıb.

Bu kitab üzərində işləyərkən müəllif keçmiş baş nazirlər, indiki nazirlər, regional qubernatorlar və Rusiya hakimiyyətində yüksək post tutan digər məmurlar, Putinin şəxsi köməkçiləri və etibarlı müşavirləri, habelə sadə adamlarla söhbətlər edib.

Ben Cuda bu müsahibələrdə yer alan informasiyalardan istifadə edərək Rusiya prezidentinin şəxsi vərdişlərinin və həyat tərzinin mənzərəsini yaradıb.

«Bu məqalədə adlarını məxfi saxlamaq lazım gələn adamların dediklərindən istifadə olunub. İndiki siyasi şərtlərdə Rusiyada şəxsi informasiyaların yayılmasına görə adamı çox sərt cəzalandıra bilərlər. Mən mənbələrimin vəzifələrinə və şəxsiyyətlərinə hətta eyham da edə bilmərəm. Bu məqalə təxəyyül məhsulu hesab oluna bilər, ancaq oradakı hər bir detal diqqətlə öyrənilib» - deyə Ben Cuda bildirir. 

Virtualaz.org saytı Ben Cudanın «Putinin saray gizlinləri: günümüzün diktatorunun şəxsi vərdişləri» başlıqlı məqaləsinin tərcüməsini təqdim edir. 


*** 


Prezident yuxudan gec oyanır və yeməyini günortadan dərhal sonra yeyir. Onun səhər yeməyi sadədir. Masada həmişə kəsmik olur. Soba üstündə hazırlananlar isə əməlli-başlı qidalıdır: omlet, hərdən də sıyıq.

O, bildirçin yumurtasını xoşlayır. Meyvə şirəsi içir. Onun yeməyi həmişə təzə olur: sevimli ərzaqları ilə dolu zənbilləri ona Rusiyanın dini lideri, patriarx Kirillin kənd təsərrüfatı məhsulları becərilən təsərrüfatından göndərirlər.

Sonra ona kofe verirlər. Saray əyanları artıq çağırılıblar, lakin onun ilk iki saatı üzməklə keçir. Prezident suda tək vaxt keçirməyi xoşlayır. O, eynək taxır və enerjili şəkildə krol (üzgüçülük növüdür) üzür.

Onun siyasi köməkçiləri hesab edirlər ki, prezident məhz bu anlarda Rusiya barədə düşünür. Saray əhli bu saatlarda bir-birlərinə lətifələr danışırlar və laklı divar panelləri ilə əhatələnmiş qəbul otağında işsiz-gücsüz vaxt keçirirlər.

Prezident nadir hallarda gecikmədən onların qarşısına çıxır. Onlar deyirlər ki, nazirin Putinin qəbulunda üç-dörd saat gözləməsi adi normadır. O, idman zalında bir az vaxt keçirməyi xoşlayır, orada onun üçün Rusiya xəbərlərini qoşurlar. Putinin velotrenajordan da çox gir xoşuna gəlir.

Hərdən idmandan sonra nəsə oxuyur. Bütün məsələ ondadır ki, gecədən xeyli keçmişə qədər işləmək onun xoşuna gəlir. Tabeçiliyində olanları o vaxt yanına çağırır ki, düşüncələrində tam aydınlıq yaranır. O vaxt ki, hər şey aydın və başadüşülən olur. Onu tarix haqda kitablar daha çox maraqlandırır. Bu kitabları çox diqqətlə oxuyur. İvan Qroznı, II Yekaterina, I Pyotr haqda ağır, qalın cildləri var.

Ancaq hərdən belə şayiələr də yayılır ki, prezident roman da oxuyub. Deyirlər ki, 2006-cı ildə o, dava mövzusunda roman oxuyub. Həmin romanda fəhlə sinfindən olan adamlar çeçenləri və polisləri döyür, sonra əllərində avtomat qubernatorun iqamətgahını ələ keçirir və oradan satqın oğruları qovub çıxarır. Bu, Zaxar Prilepinin «Sankya» romanı idi.

Putinin oxucu kimi nəyə üstünlük verdiyi ilə tanış olanlar deyirlər ki, 2054-cü ildən olan uydurma Latın Amerikası tarixçisinin çar II Vladimirin rus torpaqlarını birləşdirmək yolunda əldə etdiyi nailiyyətlərdən bəhs edən «Üçüncü imperiya» adlı siyasi-fantastik romanı onun çox xoşuna gəlib. Lakin saray əhli bu barədə dəqiq heç nə deyə bilmir.

Sonra o, tələsmədən səhər tualetini başa vurur. Prezident növbə ilə soyuq və isti su vannasına girir. Sonra geyinir. O, ancaq sifarişlə tikilmiş, mühafizəkar rənglərdə olan kostyumlara üstünlük verir. Onun qalstukları da adətən qəmgin rənglərdə olub.

Və budur, hakimiyyətin vaxtı gəlib çatır. Günün ikinci yarısının başlanğıcı informativ sənədlərə həsr olunur. Bu iş adətən ağacdan yonulmuş ağır masanın arxasında baş verir. Onun kabinetlərində monitorlar yoxdur. Prezident ancaq ən etibarlı və qorunan texnikadan istifadə edir: kağız sənədlərdən ibarət qırmızı qovluqlar və sovet dövrünün stasionar rabitə telefonları.

Sarayın sahibi iş gününə üç qalın dəri qovluğu oxumaqla başlayır. Birincisi, daxildə baş verən hadisələrə həsr olunmuş məruzədir. Onu əks-kəşfiyyat xidməti - Federal Təhlükəsizlik Xidməti hazırlayır. İkincisi beynəlxalq məsələlər barədə hesabatdır - onu Xarici Kəşfiyyat Xidməti (XKX və ya rusca SVR) təqdim edir. Üçüncü qovluq saray haqda məruzədir və bilavasitə müdafiə ilə məşğul olan Federal Mühafizə Xidməti (FMX və ya rusca FSO) tərəfindən hazırlanır.

Prezident informasiya maniyasına qapılıb. Ona təqdim olunan ən qalın qovluq kəşfiyyat hesabatları deyil, mətbuatdan çıxarışlardır. Özü belə istəyir. Əvvəlcə o, Rusiya mətbuatından seçmələrlə tanış olur. Üstdə ən mühüm qəzetlər qoyulur. «Komsomolskaya pravda», «Moskovskiy komsomolets» kimi ümumilli tabloidlər. Onlar ən mühümdür, axı milyonlar oxuyur. Başlıqlar, köşə yazıları, Sibirdə qatar qəzasına reaksiyalar - bütün bunlar işçilərin əhvalına təsir edir.

Sonra o, yüksək keyfiyyətli Rusiya mətbuatına keçir: bunlar yüngül senzuraya məruz qalan «Vedemosti» və «Kommersant»dır. Onlar Kreml sarayı üçün mühümdür: bu, onun dedi-qodusu, onun şərhçiləri, onun analizidir.

Prezident «Kommersant» qəzetində Andrey Kolesnikovun Vladimir Putin haqda müntəzəm köşə yazılarını daim izləyir. Saray əhli deyir ki, ən çox bu yazılardan məmnun olur, onları axıra qədər oxuyur.

Sonra isə daha az əhəmiyyətli qovluqlar gəlir: xarici mətbuat. Xarici mətbuatdan seçmələri ona Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi hazırlayır. Bu strukturlar pis xəbərləri ondan gizlətmir. Onlar qeyd etməyi xoşlayırlar ki, bu xaricilər prezidenti nə dərəcədə gözdən salır. Lakin prezidentin xoşuna gəlmək üçün onlar qovluğa alman dilinin orijinalında dərc edilmiş məqalələri də qoyurlar. Axı Putin Drezdendə KQB rezidenti işləyəndən alman dilini mükəmməl bilir.

Saray əhlinin hamısı qapının arxasında gözləyir. O, saray əhlini videoəlaqə vasitəsilə izləməyi, onların necə dedi-qodu etdiklərini, darıxdıqlarını və elektron qacetləri ilə necə oynadıqlarını izləməyi xoşlayır. Lakin prezident onlara məhəl qoymur və sənədlər üzərində işini davam etdirir.

O, nadir hallarda internetdən istifadə edir. Ekranların içində ekranlar və mətnlərdən ibarət zolaqlar onu özündən çıxarır. Lakin vaxtaşırı olaraq müşavirləri ona online rejimdə satirik videoroliklər göstərirlər, axı prezident ona necə güldüklərini bilməlidir.

Onun həyatı sanki mərasimə çevrilib: qızıl suyuna çəkilmiş saysız-hesabsız otaqlar. Onun gündəlik iş qrafiki 15 dəqiqəlik minlərlə hissəyə bölünür və illər əvvəl də olmasa, aylar əvvəl hazırlanır. Materialların səhər icmalından sonra ona üzərində qartal şəkli olan qovluqlarda sənədləri imzalamaq üçün təqdim edirlər. Onlara göz gəzdirir və plan üzrə hərəkət edir: təbəssümsüz, sevincsiz...

Əsasən bütün bu görüşlər mənasızdır. Elə adamlar var ki, ona hörmətlərini ifadə etmək üçün gəlirlər. O, Bəhreyn şahzadəsini və taxt-tacının varisini qəbul edir, Udmurtuyadan olan əmək qəhrəmanlarına bürünc medallar təqdim edir və federal aviakosmik sənayenin rəhbərliyinə yeni təyinatı yoxlayır.

Prezident Moskvada yaşamır. Onun bu şəhərdən zəhləsi gedir: yollarda gur hərəkət, çirkli hava, insanların cəmləşməsi... İqamətgah kimi o, özünə Novo-Oqaryevonu seçib. Onun evi orada, Moskvadan qərbdə, qırmızı divarlardan, göydələnlərdən və nəhəng ticarət mərkəzlərindən uzaqdadır. Saraydan Kremlə qədər 24 kilometrdir. Prezident Kremlə getməyi qərara alanda onun kortejinin keçdiyi marşrut boyu nəqliyyatın hərəkəti dayandırılır. O, Kremlə 25 dəqiqəyə çata bilər, lakin şəhər bu vaxt ərzində tıxacda gözləməli olur.

Kremlə getmək onun xoşuna gəlmir. O, öz iqamətgahında işləməyi xoşlayır. O, Moskvadakı görüş və toplantılarını 2012-ci ildən minimuma endirib. Kremldə ancaq elə rəsmilərlə görüşlər keçirir ki, onlarda büllur çilçıraqlar və güzgülü tavanlar barədə təəssürat yaratmaq istəsin. İşə və evə gedib-gəlmək onu qıcıqlandırır.

Prezident hətta şənbə və bazar günləri də çox məşğuldur. İstirahət günlərində onun qrafikində böyük yayınmalar olur, lakin hərdən nahardan sonra onunla məşğələ keçirlər. Əsasən ingilis dili məşğələsi. Müəllim çətin sözləri tələffüz etməkdə ona kömək edir - onlar birlikdə mahnı da oxuyurlar.

Deyilənə görə, o, hərdən bazar günləri dua və ya tövbə edir. Lakin patriarxın dəftərxanası ilə tanış olanlar onu axıra qədər anlamaqda çətinlik çəkirlər. Prezident hərçənd ateist deyil, daha çox dindardır, ancaq o, xristian kimi yaşamır.

Prezident buz üstündə xokkeyi xoşlayır. Bu, onun sevimli idman növüdür. O, bu idman növünü əyləncəli və kişilərə xas idman sayır. Prezident mümkün qədər tez-tez xokkey oynamağı və məşq etməyi xoşlayır. O, başına möhkəm və rahat dəbilqə geyməyi, eleqant xokkey ağacını əlinə almağı xoşlayır. Bu səhnəni saray hər şeydən çox gözləyir: hər bir neçə həftədən bir prezident xokkey yarışı təşkil edir.

Prezident xokkeyinə dəvət almaq ona yaxınlıq göstəricisidir, seçilmişlərin çevrəsinə daxil olmaq deməkdir. Oliqarxik cəmiyyətdə bununla daha çox fəxr edirlər. Orada məhdud çevrə toplanır. Onun özü kimi belə mərasimlərə qatılanların da çoxu Sankt-Peterburqdandır, etibar etdiyi köhnə yoldaşlardır. Əsasən biznesmenlərdir, o cümlədən indi Amerikanın sanksiyalarının siyahısına düşənlər. Arkadi və Boris Rotenberq qardaşları, Gennadi Timçenko kimi.

Onlar oynayırlar və uduzurlar. Komandaları mühafizəçilərlə qururlar.

Prezidentin mühafizəçiləri onun adı yazılmış köynək geyir və oyun zamanı onun adını qışqırır. Onun boydan balaca baş naziri Dmitri Medvedyevin mühafizəçiləri rəqib komandanı təşkil edir - əyləndirmək üçün yaradılan komandanı.

Baş nazirin mühafizəçilərinin prezidentin xokkey oyunlarında iştirakı mütləqdir, ancaq Medvedyev özü bu oyunlarda tez-tez olmur.

Bu adamlar prezidentin yaxın ətrafında olanlardır. Hansılar ki, onlarla birlikdə Sankt-Peterburq bataqlığında böyüyüblər. O vaxtlar o, vur-tut mer müavini idi. Onlar öz bağ evlərinə elektrik xətlərini birlikdə çəkiblər, birlikdə ucuz ət yeyiblər. Onlar hiss edirlər ki, bütün bunlara haqları çatır. Onlar onu «boss» adlandırırlar. Lakin son illər Putinə «çar» deməyə başlayıblar.

Heç kim onun dəlisovluğu, əcaib hərəkətləri, özünü saxlaya bilməməsi haqda danışa bilməz: ancaq onun tənhalığı barədə danışmaq mümkündür. Prezidentin ailə həyatı yoxdur. Anası da ölüb, atası da. Arvadı əsəb pozğunluğundan əziyyət çəkir və onlar uzunmüddətli evlilikdən sonra nəhayət ki, boşanıblar. İki qızı var. Lakin bu, dövlət sirri təşkil edən mövzudur. Qızlar artıq Rusiyada yaşamırlar.

Gecələr onun yanına gələn model qızlar və gimnastlar haqda şayiələr gəzir. Lakin bu şayiələri saray əhlindən heç kim təsdiq edə bilməz və onları yazmaq həqiqətəuyğun olmayan məlumat yaymaq demək olardı.

Putin heyvanları çox sevir. Heyvanların prezidentə tabe olmaqdan imtina etməsi onun çox xoşuna gəlir. Prezident bu zaman həmişə gülümsəyir. Putin labrador cinsindən olan qara iti ilə birgə olanda özünü çox rahat hiss edir. İt də ondan qorxmur.

Prezident ova çıxmağı da xoşlayır. Putin Rusiya təbiətinin gözəlliklərini seyr etməkdən, teleoperatorlarla birgə bozumtul-ağ tundra üzərində vertolyotla pələng və ayı axtarışına çıxmaqdan xüsusi zövq alır.

Saray tərcüməçisi deyir ki, Putinin həyatı monoton və yeknəsəqdir - mənasız görüş və müşavirələr..., prezidentin fəaliyyətini tənzimləyən protokol qaydalarının zəhlətökən xırdalıqları..., ildən-ilə təkrarlanan köhnə qaydalar...

Putinin avtomobil korteji həmişə iki istiqamətdə hərəkət edir: ya Kremlə, ya da aeroporta. Prezident deyir ki, o, Stalindən sonrakı istənilən rəhbərdən daha gərgin işləyir. Deyir ki, həmin rəhbərlərin heç biri Rusiyanı onun qədər və tez-tez gəzməyib, Rusiyanı onun qədər görməyib, Rusiya barədə onun qədər danışıqlar aparmayıb...

Putinin təyyarəsi «Vnukovo-2»nin prezident terminalından uçur. Bir vaxtlar Prezident Administrasiyasının da Moskva kənarındakı bu meşəlik əraziyə köçürülməsi barədə göstəriş verilmişdi. Yarısından çoxunda kubik daşları sayaq rəngbərəng evlər tikilmiş, yaşayış massivi salınmış bu meşəlik ərazidə, tör-töküntü və zibillik içində aeropolis salmaq düşünülürdü. Bu, bir Kreml şəhərciyi olmalı idi. Amma Putin bu layihəni çox iddialı hesab etdi.

Putinin təyyarələri üçlükdə uçur. Biri avtomobil kortejindəki maşınları daşıyır. İkincisi onu müşayiət edən şəxslər üçündür. Üçüncü təyyarə isə Putini aparır və ən qabaqda uçur. Putinin bu hava donanması «Vnukovo-2»dən ayda ən azı 5 dəfə səmaya qalxır.

Putin hər yerdə olmağa çalışır - Omskdakı sənaye sərgisində də, Kareliyada yoxlamada da, Astanada sammitdə də, Koreyada dövlət səfərində də... Lakin Rusiyanın müxtəlif saat qurşaqlarında yerləşən əyalətlərinin qubernatorları və polis rəisləri prezidenti aldatmaq üçün hər cür xırda kələyə əl atırlar. Putin bu yaxınlarda Suzdalda onları utandırdı. Məmurlar taxta tirləri də çürüyüb tökülmüş uçuq-sökük daxmaları prezidentdən gizlətmək üçün onların üstünü brezentlə örtmüş, brezentin üstünə isə təzə və lüks kotteclərin şəkillərini çəkmişdilər. Məmurların zavodlarda və hərbi hissələrdə də belə əməlləri olur. Onlar sınıb-dağılmış hər şeyi prezidentdən gizlədirlər.

Putinin xarici səfərlərində isə hər şey başqa cür olur. Rusiya xüsusi xidmət orqanları hər şeyi əvvəlcədən ölçüb-biçir və planlaşdırır. Prezident hansısa şəhərə getməzdən bir ay əvvəl ora xüsusi qrup gedir. Prezidentin və onu müşayiət edən şəxslərin qalacağı dəbdəbəli otel diqqətlə yoxlanır. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə Xarici Kəşfiyyat Xidməti (XKX) bu həssas məsələdə sıx əməkdaşlıq edirlər. «Bu otaq nə dərəcədə təhlükəsizdir», «bu vanna otağında bakterioloji zəhərlənmə, çirklənmə mənbələri varmı» kimi suallara bu əməkdaşlıq sayəsində cavab tapılır.

Putinin sarayının müvafiq əməkdaşları xarici ölkə ərazisində prezidentin səfərindən hələ düz bir həftə əvvəl yerbəyer olub məskunlaşır və rəhbəri gözləyir. Həmin otel haradasa Kremlə çevrilir. Oteldə 200 nömrə öncədən bronlanır və möhürlənir.

Yalnız prezidentin istifadə etdiyi xüsusi lift də var. Diplomatlar ora-bura qaçışıb Federal Mühafizə Xidmətinin (FMX) yekəqarın təlimatçıları və əlləri həmişə yapışqan olan protokol xidmətinin işçiləri ilə məsləhətləşirlər.

Prezidentin otağı xüsusi mühafizə tərəfindən xeyli əvvəldən möhürlənir. Ora giriş hamı üçün qadağandır. Xüsusi mühafizə buna ciddi nəzarət edir. Nömrələrdəki bütün mələfələri və tualet müxəlləfatını yığışdırıb dəyişirlər. Sonradan isə otaqlarda üstündə Kremlin xüsusi möhürləri olan xüsusi qablarda gigiyenik vasitələr, təzə mer-meyvə peyda olur.

Prezident üçün lazım olan hər şey və hamı - rusiyalı aşpazlar, rusiyalı xidmətçilər, rusiyalı ofisiantlar xüsusi reyslə gətirilir. İçində iki ton Rusiya ərzağı olan yük maşınları otelin yanında dayanır. O, bu torpaqlarda cəmi bircə gecə qalacaq, amma hər şey hazır olmalıdır. Yeri gəlmişkən, rusiyalı diplomatlar prezidentin getdiyi ölkənin nümayəndələri ilə yemək barədə saatlarla danışıqlar aparırlar.

Rusiya xüsusi xidmət orqanlarının əmrinə əsasən, prezident masasına süd məhsulları vermək olmaz. Ev sahibi (o, hətta dövlət və ya hökumət başçısı olsa da) prezidentə yemək təklif edə bilməz. Zəngin mətbəx ənənələrinə və mədəniyyətinə malik ölkələrdəki Rusiya səfirlikləri yerli protokol xidmətləri ilə gərgin danışıqlar aparmalı olurlar. Əsas mövzu da bu olur: prezident Kremlin icazə vermədiyi xarici ərzaqlar yeyə bilməz.

Danışıq aparan adamlar qeyri-müəyyənlik içində olurlar: «Birdən prezident laktozaya davam gətirmədi, onda necə?»

Prezident sadəcə zəhərlənməkdən qorxur. Prezident masasına düzüləcək Rusiya ərzaqları öncədən tədarük olunub gətirilir. Rusiyalı aşpazlar isə FTX, XKX və FMX zabitlərinin və dequstatorların böyük bir qrupunun ciddi nəzarətində olur. Xaricdə verilən təntənəli ziyafətlərdə prezident yeməklərə heç əllə də toxunmur. Prezident bununla ev sahibi olan ölkənin təhqir olunmasına da məhəl qoymur.

Tərcüməçi prezident təyyarəsinin endiyini xəbər verir. Rusiya səfirliyinin əməkdaşlarını həyəcan, qorxu və özünəinamsızlıq hissləri bürüyür: «O gəldi».

Prezident isə özünü elə aparır ki, o, sanki tuncdan tökülüb. Əlbəttə, yaxşı bilir ki, ruslar onun gözünə baxmağa cürət etməyəcək, hamının baxışları yerə dikiləcək. Putin olan yerdə dərin sükut hökm sürür. Qosqoca kişilər onunla danışmağa başlayanda səsləri dəyişir. Onlar mümkün qədər yavaşdan danışmağa çalışırlar. Onların sifəti təntənəli ifadə alır, üzləri sanki daşdan yonulubmuş kimi görünür. Onlar əsəbi, gərgin halda yerə baxırlar.

Putin danışmır. O, gülümsəməyi lazım bilmir. O, gəzintiyə də getmək istəmir. Nəsə içmək də istəmir. Onu həmişə azı 10 nəfər dövrəyə alır. Ona 3 metrdən artıq yaxınlaşmaq, onunla yaxın məsafədə dayanmaq mümkün deyil. Bu məsafənin qorunmasına xüsusi diqqət yetirilir. Köməkçiləri onun qulağına elə hey nəsə pıçıldayırlar, operatorlar isə bunu çəkir. Onun ətrafında, həndəvərində mütləq cangüdənlər dayanır.

O olan yerdə siyasətçilər də pıçıltı ilə danışır və çox diqqətli olurlar. Onunla praktiki olaraq heç kəs zarafatlaşa bilməz. O, otağa girəndə hamı səsini kəsir, ətrafa ölü sükutu çökür.

Bir dəfə necə olubsa, tərcüməçi ucadan belə deyib: «Xanımlar və cənablar, biz sənədlərin imzalanması üçün başqa salona keçməliyik».

Elə bu vaxt nazirlərdən biri tərcüməçinin əlindən tutaraq belə deyib: «Səsini kəs, o, buradadır».

Prezidentin düşünməyə vaxtı yoxdur. O, bir qızılı otaqdan digərinə keçir. Və burada heç bir siyasi məzmunu olmayan saysız-hesabsız təntənəli mərasimlər başlayır. Fotosessiyalar... Qəbullar... Formal prosedurlar... Bunlar hakimiyyət məbədinə yeni düşənlər üçün çox əyləncəli görünsə də köhnələr üçün darıxdırıcı və zəhlətökən mərasimlərdir.

O, çox az düşünür. Çıxışları onun üçün əvvəlcədən yazıb hazırlayırlar, prosedur qaydalar əvvəlcədən düşünülüb hazırlanır, danışıqlar əsasən kommersiya xarakterli olur.

Nazirlər də onunla birlikdə gəlir. Onların arasında prezidentə birbaşa müraciət etmək hüququna malik çox az adam olur. Onun yanında zarafat etmək, gülmək hüququ və cəsarəti olanlar isə daha az olur. Lakin Putin onlara maraq və diqqət göstərmir, əhəmiyyət vermir. İmkan düşən kimi isə o, özünün ayrıca və təhlükəsiz yataq otağına çəkilir. Çünki o, bunların hamısını artıq çox görüb.

Nazirlər özlərini prezidentə bənzətməyi çox sevirlər. Onun jestlərini imitasiya etmək nazirlərin xoşuna gəlir. Onlar yorğun olduqlarını və bu dünyadan, işdən-gücdən guya bezdiklərini gözə soxmağa da həvəslidirlər. Nazirlər guya müasir texnologiyalara nifrət etdikləri görüntüsünü yaratmağı da sevirlər. Onlar prezidentin intonasiyasını və ya onun tikanlı, sarkastik atmacalarını təqlid etməyi də xoşlayırlar. Lakin nazirlər Putindən fərqli olaraq çox gülür və gecələr doyunca içirlər. Onların sifəti kütləşir, çənələri boşalır, çoxdanışan olurlar. Prezident isə heç yerdə görünmür.

«O, soyuq və şövqsüzdür. Sanki heç nə onun daxili aləmini titrətmir. Özünü elə aparır ki, ətrafında nələrin baş verdiyini sanki bilmir. O, bu adamlara sanki heç bir halda məhəl qoymur. O, sanki öz aləminə qapılıb və ağır yük altındadır. O, sanki uzun illər ərzində beləcə, ikona kimi olub və başqalarının düşüncə və hisslərinə vərdiş etməyib. O, təcrid olunub.

Onun yanında olarkən səndə elə təəssürat yaranır ki, bu adam istefaya getməyi sanki ən böyük xoşbəxtlik sayardı. Lakin o da başa düşür ki, Rusiyanı yalnız feodal qaydaları ilə idarə edə bilər. Ona görə də əlini hakimiyyətdən azacıq çəksə, hər şey bir andaca dağılıb gedər, özü isə həbsxana barmaqlıqları arasına düşər. Moskva isə Kiyev kimi yanar» - deyə tərcüməçi xatırlayır.

Bəzi saray adamları prezidentin açıq danışan adam olduğunu eşitdiklərini deyirlər. Bu adamların biri xatırlayır ki, bir dəfə isti yay gecələrinin birində prezident ölkənin taleyi barədə çox açıq danışmağa başlayıb. Prezident həmin axşam işlə bağlı Novo-Oqaryevoya, onun yanına gələnlərdən Rusiyaya xəyanət  edənlərin adlarını çəkməyi xahiş etdi.

Amma heç kimin cavabını gözləmədən suala elə özü də cavab verdi. Dedi ki, Rusiya tarixinin ən böyük cinayətkarları hakimiyyəti ayaqlar altına atmış II Nikolay və Mixail Qorbaçov kimi zəif dövlət adamlarıdır. Dedi ki, bunlar isteriklərlə ağılsızların hakimiyyəti ələ keçirməyinə imkan yaradıblar.

Həmin söhbətin şahidi olan saray adamları xatırlayırlar ki, prezident heç vaxt belə hərəkət etməməyə söz verdi...