vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAHİBKARLIQ  
11:48 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2379 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İş adamı kral və kraliça ilə ortaq oldu

Beynəlxalq Bankdan 200 milyon «itirən» Xaqanı Bəşirov türkiyəli Kaya Demirer və Sezen Aksu ilə işbirliyi qurdu

Azərbaycanlı iş adamı İstanbuldakı «Sofa Hotel»in penthausunda fəaliyyət göstərən və elit restoran markası olan «Frankie»ni Bakıya gətirib.

Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu restoran Bakıda yeni açılacaq dəbdəli ticarət və əyləncə mərkəzi «Harvey Nichols»un penthausunda fəaliyyət göstərəcək. Məlumata görə «Frankiye» restoranı Türkiyənin restoranlar kralı kimi tanınan Kaya Demirerə məxsusdur. Kaya Demirerin azərbaycanlı iş adamı ilə sövdələşməsinin hansı məbləğə başa gəldiyi barədə məlumat verilmir. Restoranda məşhur müğənni Sezen Aksunun da rolu var, o, canlı musiqi menyusunun tərtibatı üzrə söz sahibidir. «Frankie» restoranlar markasının ən önəmli özəlliklərindən biri orada qonaqlara canlı musiqi nümayiş olunmasıdır. Restoranda adambaşı ən ucuz yemək 120 TL-dir, müştərilərə 90 TL-dən 9 min TL-yə qədər qiyməti olan şərablar təklif edilir.

Bəs söhbət hansı iş adamından gedir? Türkiyə KİV-lərində yer alan bu qısa xəbərdə iş adamının adı göstərilməsə də virtualaz.org qeyd edir ki, söhbət vaxtilə Beynəlxalq Bankdan 200 milyon dollar kredit alıb geri qaytarmayan və bu səbəbdən hətta bir neçə ay həbsdə saxlanılan Xaqani Bəşirovdan gedir.

Saytımız hələ bu ilin yanvarında məlumat vermişdi ki, Bakıda açılan «Harvey Nichols» dəbdəbəli ticarət və əyləncə mərkəzinin sahibi X.Bəşirovdur. Belə ki, dəbdəbəli alış-veriş mərkəzləri markası «Harvey Nichols» olan Bakıda françayzinq müqaviləsi əsasında açılacaq yeni elit ticarət mərkəzini idarə etmək üçün «Futura» firması ilə müqavilə bağladığını açıqlayıb.

Françazinq müqaviləsi məşhur otel, istirahət və ticarət mərkəzləri brendlərindən istifadəyə icazə verən anlaşmadır. Açıqlamada bildirilir ki, Bakıda açılacaq mağazanın idarə olunması üçün «Futura» firmasının seçilməsi zamanı bu firmanın «etibarlılığı», «fond nəzarətində möhkəmliyi» və «multivalyuta dəstəyi» əsas götürülüb.»Futura» bundan əvvəl «Cath Kidston», «The Conran Group» və  «Oliver Bonas» kimi brendlərlə işləyib.

Böyük Britaniya brendi olan «Harvey Nichols»un artıq Küveyt, Türkiyə, Çin və Səudiyyə Ərəbistanında françayzinq əsasında fəaliyyət göstərən filialları var. Brendin Azərbaycandakı tərəfdaşı «General Construction» MMC şirkətidir.

Çoxmərtəbəli alış-veriş mərkəzi bu ilin yazında Bakının şimalında inşa edilən yeni «Globus Plasa» mərkəzində fəaliyyətə başlayacaq. Elit ticarət mərkəzində «Armani», «Alexander McQueen», «Balenciaga», «Burberry», «BVLGARI», «Chanel», «Dolce & Gabbana», «Dior» kimi məşhur markaların məhsulları satılacaq.

Bu dəbdəbəli markanı Azərbaycana gətirən  «Global Construction» şirkətinin adı yaxın keçmişdə, 2011-ci ildə Beynəlxalq Bankdan yüz milyonlarla dollarlıq vəsaitin kredit şəklində çıxarılması və geri qaytarılmaması ilə bağlı qalmaqalda çəkilmişdi. «General Construction» 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş «Oceanstream İNC» adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovdur.

Bu, həmin Xaqani Bəşirovdur ki, hazırda onun 53 yaşı olmalıdır. Kifayət qədər geniş əlaqələrə malikdir. Xarici Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etməsə də Bəşirov həm də Fransa vətəndaşıdır. Ailəlidir, 2 qızı var. Xaqani Bəşirovun diaspor işində də yaxından iştirakı var. O, Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Qurum Lüksemburqda yerləşir. Azərbaycanda qızıl hasilatı ilə məşğul olan «Anglo-Asian Mining plc» şirkətinin səhmdarlarından biridir (16,5 faiz).

X.Bəşirov 1991-ci ildə ilk milli konsaltinq şirkəti olan «VneshExpertService»i yaradıb (2006-cı ildə «V.E.S. Consultancy LLC» şirkəti adlanıb). Bakı, Gəncə, Moskva, Astana, Tiflis, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri olan şirkətin rəsmi saytında tərəfdaşlar arasında əksər nazirliklərin, o cümlədən Beynəlxalq Bankın adı keçir.

Həmin il baş prokuror Zakir Qaralovun Xaqani Bəşirovun təqsirləndirilən şəxs qismində saxlanılmasına dair verdiyi təqdimatda göstərilmişdi ki, o, Azərbaycanda və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat (təqribən 230 milyon dollar) kredit alıb və qaytarmayıb.

Baş prokurorun imzaladığı təqdimatdan: «Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu «Oceanstream INC» şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış «General Construction» MMC-nin təsisçilik hüququnu əldə edərək, «Xəzər Menecment Sistems» MMC, «Ceneral Construction» MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş «Aygün İnşaat», «Aqora», «Pərvanə», «Uni Oyl», «Alfa Layn», «Beta Layn», «Kondor Qrup» və «Siqma Layn» MMC-lər tərəfindən «Azərbaycan Beynəlxalq Bankı» ASC-dən (ABB) qanunsuz olaraq alıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib».

Xətai Rayon Məhkəməsi bu təqdimata əsasən Bəşirovun həbsinə sanksiya verib. 5 aylıq həbsdən sonra Bəşirov müəmmalı şəkildə azad edilib. Mətbuat onun ölkəni tərk etdiyini yazmışdı. O vaxt Beynəlxalq Bank Xaqani Bəşirovla ortaqlıq və qaytarılmayan yüz milyonlarla manatlıq kredit barədə heç bir izahat vermədi.

Göründüyü kimi, Beynəlxalq Bankın qaytarılmayan kreditləri və barəsində vaxtilə irəli sürülmüş ciddi ittihamlar bu iş adamına Azərbaycanda biznesini yeni məraya yönəltməkdə qətiyyən mane olmayıb. Eləcə də məlum deyil ki, X.Bəşirov nəzarət səhm paketi dövlətə məxsus olan bankdan aldığı pulları geri qaytarıbmı...