vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
21:31 | 7 avqust 2014 | Cümə axşamı Məqaləyə 3018 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azəriqaz»la «Azərenerji» ermənilərə işləyir?

Düşmən qabağında dayanan kənd 35 manata görə işıqsız qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Sərhəd kəndlərində əvvəllər ancaq təmas xəttinə yaxın evlər üçün olan təhlükə indi ətrafda yaşayanları da sarıb. İriçaplı güllələrinin evlərin dam örtüyünə dəyib necə alov çıxarması açıqca görünür. Tovuzun Koxanəbi kəndində axşam saatlarında sakinlərin həyətində közərti belə görünmür. Hamı qarşı tərəfin hədəfinə çevrilməsin deyə işığı söndürür.

Alovlu güllələr təkcə, evləri, məktəbləri, maşınları deyil, canlıları da hədəf seçir. Hələ ötən ay Koxanəbidə mal-qara tövləsi atəşə tutulub. İki inək ölüb.

Mal-qarası öldürülən Elşən Tağıyevin gileyi isə dinc dövrdə belə işıqdan məhrum edilmələridir. Danışır ki, belə ağır şəraitdə yaşasalar da 35 manat borca görə rayonun enerji idarəsi sayğacını möhürləyib: «Sayğacımız var, bax burdadır. Deyirəm imkanım yoxdur, olanda ödəyərəm. Deyir onda kəsəcəm işığınızı. Adam gətirib rayondan işığımızı kəsiblər. Deyir pul vermirsən. Maraqlanan yoxdur ki, bu adamın evini güllə dağıdıb, heyvanı ölüb. Amma işıq pulu vermirsən deyə enerjini kəsirlər. Hazırda işıq yoxdur, qaranlıqda qalırıq».

Elşən Tağıyev deyir ki, kreditlə aldığı və Ermənistan hərbiçilərinin gülləsindən ölən mal-qarası üçün ona aidiyyəti qurumlar heç bir kompensasiya verməyiblər.

Koxanəbinin başqa sakini Səltənət Abbasova isə 2 mərtəbəli evində tək yaşayır. Deyir ki, yoldaşı vəfat etdikdən sonra çətin şəraitə dözməyən 5 övladından biri belə kənddə qalmayıb. Kimisi xarici dövlətlərə iş üçün üz tutub, kimisi isə aşağı kəndlərə, rayon mərkəzinə köçüb. Ancaq o, yaşının 80-ni haqlamasına baxmayaraq gəlin köçdüyü bu evi atıb getmir. 68 manat təqaüdü ilə təkcə dolanmağa çalışır. O da gileylənir ki, dinc dövrdə istifadə etdiyi enerjinin pulunu ödəyə bilmir. Deməsinə görə, elə olub ki, tək və qaranlıqda yaşayaraq növbəti təqaüd vaxtını gözləyib.

İşıqsız qalan başqa bir sakin Rəhim Əsədov isə «Azadlıq»a bildirir ki, belə çətin şəraitdə yaşayanlara heç olmasa enerji və mavi yanacağa görə güzəştlər edilməlidir: «Bax, imkanımız yoxdur, işləyə bilmirik. Gəlir işıq pulu istəyir, verə bilmirik, kəsir, çıxır gedir. Deyirlər yaxşı edirik, yaşaya bilmirsinizsə, çıxın gedin. Əsas odur ki, pul verin. Hər axşam da atışmadır. Meşələrin, talaların kənarında yaşayırıq...»

Koxanəbi icra nümayəndəsi Nəsib Hüseynov deyir ki, kənddə mütəmadi olaraq atışma olsa da sosial vəziyyət o qədər də pis deyil. İcra nümayəndəsi qeyd edir ki, atışma baş verəndə dəyən zərər Fövqəladə Hallar Komissiyası tərəfindən qeydiyyata alınır və nazirlər kabinetinə göndərilir. Cavabı gözləmək lazımdır.

Rayonun Qaz İstismarı və Enerji Satışı İdarəsindən də bildirdilər ki, sakinlərə hansısa güzəştdən söhbət gedə bilməz. Kim sayğacdan istifadə edirsə yaşadığı yerdən və şəraitdən asılı olmayaraq ödəniş etməlidir.

İqtisadi Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə deyir ki, ucqar kəndlərdə və müharibə şəraitində olan ərazilərdə güzəştlər zəruridir. Onun fikrincə, Azərbaycanın büdcəsi belə insanları kommunal xərclərindən azad etməyə imkan verir.

Tovuzun Ermənistanla sərhəd kəndlərində - Koxanəbi və Əlibəylidə isə həyatlarını təhlükə və sosial şəraitsizlik içində keçirən 5 min nəfərdən çox sakin yaşayır.