vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
11:41 | 16 avqust 2014 | Şənbə Məqaləyə 1791 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakının gecə klublarında erməni-daşnakın mahnıları səslənir

«Daşnaksütyun»un üzvü Sebu Simonyan Azərbaycan paytaxtına necə «ayaq açıb»?

Son illərdə dünya musiqisinin əsas hadisələrindən biri «Capital Cities» rok qrupunun kəşf olunmasıdır. Los-Ancelesli 2 gənc oğlanın yaradıcılıq dueti olan pop qrup 2011-ci il iyunu 7-də buraxdığı ilk «sinql» - «Safe and Sound» (Bütöv və Toxunulmaz) mahnısı ilə əsas musiqi çartlarının zirvəsinə qalxdı. Dünya musiqi bazarının bir hissəsi olan Azərbaycanda da mahnı populyarlıq qazandı. Xüsusən 2013-cü il «Safe and Sound»a çəkilən obraz və vizual effektlər baxımından zəngin klip bu populyarlıq maniyasını daha da artırdı.

2013-cü ildə keçirilən «MTV Music Awards» illik musiqi mükafatlandırma mərasimində həmin mahnı «Ən yaxşı vizual effektlər» nominasiyasında qalib gəldi. Bu gün də Bakıda gənclərin kütləvi istirahət etdikləri əyləncə mərkəzlərində, gecə klublarında, «pab»larda, restoranlarda «Capital Cities»in repertuarından olan mahnılara rast gəlmək mümkündür. Musiqidən həzz almağa çalışan müasir Azərbaycan gəncliyinin rezonans doğurmuş qrupun mahnılarını dinləməsində heç bir qəbahət yoxdur. Lakin müəyyən faktlar var ki, onları bilmək qayğısız gənclərimiz üçün önəmli ola bilər.

Bu mənada modern.az saytı «Capital Cities» qrupu barədə ölkə sakinlərinin, xüsusilə də gənclərimizin bilməli olduqları bəzi faktları diqqətə çatdırmağı vacib hesab edir. Əvvəlcə qpun 2 nəfərlik kollektivinə - Rayan Merçant və Sebu Simonyana nəzər salaq.

Sonuncunun erməni millətindən olması da millətçilik, irqçilik və bütövlükdə, ksenofobiyanı qəbul etməyən musiqi həvəskarları üçün önəmsiz bir detal ola bilər. Təbii ki, istedad və yaradıcılıq millətçi stereotiplərdən azad olmalıdır. Lakin Sebu Simonyanın şəxsiyyətinə ətraflı nəzər saldıqda onun sadə bir Amerika ermənisi olmadığı, əksinə türk düşməni radikal «Daşnaksütyun» partiyasının üzvü olduğu üzə çıxır. Eyni zamanda onun erməni diasporunun mətbu orqanlarında çalışdığı və dünya gəncləri arasında qazanılan populyarlıqdan 1915-ci il hadisələrinin «soyqırımı» kimi tanınmasında təbliğat vasitəsi kimi istifadə etdiyinin şahidi olarıq.

Sebu Simonyan Suriyada anadan olan və sonradan Amerikaya köç edən erməni immiqrantlarının ailəsində anadan olub. Lakin musiqi jurnallarına və radio efirlərdə verdiyi çoxsaylı müsahibələrdə özünü ilk növbədə erməni hiss etdiyini bildirir: «Mən Suriyada doğulmuşam. 5 ya da 6 yaşımda ailəmlə Livana köçdük. Orada vətəndaş müharibəsi başlayanda (1975-1990 – red.) biz ölkəni tərk etdik. Mən müharibə ilə əhatə olunmuşdum və yaşamaq çətin idi. Sonra Los-Ancelesə köçdük və mənim həyatım dəyişdi».

Amerikada yeni həyata başlayan Simonyan fortepiano təhsili alır və Kaliforniya Universitetində musiqi ixtisası üzrə bakalavr dərəcəsi əldə edir. Paralel olaraq öz tanışları ilə birlikdə rok qrupu yaratmağa çalışır. Onun həyatının azərbaycanlı oxucu üçün diqqət çəkən məqamlarından biri ABŞ-da fəaliyyət göstərən «Daşnaksütyun» partiyasının üzvü olması və bu siyasi təşkilatın rəsmi orqanolan «Asbarez» qəzetinə işə düzəlməyi olur. Uşaq yaşlarından erməni dilini təmiz bilən musiqiçi yeni işində ingilisdilli xəbərlər üzrə redaktor müavini kimi çalışır. O, qəzetdə çalışdığı 2 il müddətində «erməni gerçəkliklərinin» Amerika cəmiyyətinə daha yaxşı çatdırılmasına çalışır. Sonradan erməni icmasının aktiv olduğu digər Kaliforniya şəhəri olan Berbanka köçür və musiqi karyerası üzərində cəmləşir.

Səhnəyə atılmaq üçün fürsət gözləyən Simonyan 2008-ci ildə öz arzusuna çatır. Reklam çarxlarını müşayiət etmək üçün musiqi parçaları yaradan Rayan Merçant özünə yardımçı axtardığı ilə bağlı internet elanı verir. İlk olaraq bu təklifə reaksiyanı Sebu Simonyan göstərir. Reklam sferası tezliklə yaradıcı duet üçün darlıq edir və onlar müstəqil musiqi layihələri olan «Capital Cities»i yaradırlar. Yazının əvvəlində qeyd olunduğu kimi «Safe and Sound» «sinql»ı qrupun beynəlxalq aləmdə populyarlıq qazanmasına yol açır. Daim müsahibələrində erməni olduğunu vurğulayan Simonyan Suriyadakı vətəndaş müharibəsini də diqqətində saxlayır.

«Mən suriyalı deyiləm, erməniyəm. Amma Suriyada baş verənlər məni narahat edir. İnsanlar silahlı konfliktləri danışıqlarla əvəz edə bilər. Suriya ermənilərinin vəziyyəti məni xüsusilə narahat edir»- deyə o müsahibələrində tez-tez vurğulayır.

Bu səbəbdəndir ki, daşnak Simonyan Amerikada bu konfliktlə bağlı keçirilən tədbirlərdə aktiv iştirak edir. Bundan başqa o, həmkarı Rayan Merçantla birlikdə 2015-ci ildə qeyd ediləcək «erməni soyqırımı»nın 100 illiyi ilə bağlı geniş konsert proqramları da hazırlayır.

Qeyd etmək lazımdır ki, bu gün İrəvandakı klubların birində Sebu Simonyanın konsert proqramı keçiriləcək. Qastrol turu çərçivəsində o, həmçinin Moskva və Peterburqda da çıxış edəcək.

Nə olsun ki, «Capital Cities» qrupu keyfiyyətli məhsul ortaya qoyur, musiqidən həzz almağa çalışan Azərbaycan gəncləri kimə və nəyə qulaq asdıqlarının fərqində olmalıdırlar...