vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AKTUAL  
16:46 | 21 avqust 2014 | Cümə axşamı Məqaləyə 2269 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baş prokuror məsələni nəzarətə götürdü

Zakir Qaralov özünü körpüdən atmaq istəyəni qəbul etdi və tapşırıq verdi...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Metropoliteninin «Koroğlu» stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən Səbayel rayon sakini Nəsibov Fəqan Sabir oğlu Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib. «Qafqazinfo»ya Baş Prokurorluqdan verilən məlumata görə, F.Nəsibovun müraciəti Baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

***

 

15:54

İntihara cəhd edən şəxs Fəqan Nəsibovun həyat yoldaşı Könül Nəsibova Bizimyol.info-ya danışıb.


***


14:40

Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralov intihar etmək istəyən şəxsi qəbul etmək istədiyini bildirib.

Artıq hadisə yerindəki hüquq-mühafizə orqanı əməkdaşları Nəsibov Fəqanı Zakir Qaralovun görüşünə aparırlar. Millət vəkili Qənirə Paşayeva da görüşdə iştirak etmək üçün Baş Prokurorluğa getdiyini bildirib.


***


13:56

«Metronun «Koroğlu» stansiyası yaxınlığında körpüyə çıxaraq intihara cəhd edən şəxslə bağlı Lütfəli Babayev də məlumatlandırılıb. Hazırda Bakıdan rayona nümayəndələr gəlib, icra başçısı isə Bakıya gedir».

Bunu virtualaz.org saytına Zərdab Rayon İcra Hakimiyyətindən bildiriblər.

İcra hakimiyyətindən dedilər ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri rayona gəliblər: «Səhərdən zənglər dayanmır. Hamı intihar hadisəsindən danışır. Artıq rayona da xəbər yayılıb. Lütfəli Babayevin köməkçisinə məlumat verildi, o da hadisədən xəbərdar olduqlarını dedi. Deyilənə görə, məsələ ilə bağlı icra başçısı da Bakıya gedir».

Hazırda rayonda iclas getdiyini, bütün vəzifəli şəxslərin iclasda olduğunu söyləyən RİH əməkdaşı məsələ ilə bağlı yalnız saat 4-dən sonra açıqlama ala biləcəyimizi qeyd etdi.

 

***

 

13:53

Bakıda körpünün üstünə çıxaraq intihar etmək istəyən şəxs xilas edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Fəqan Nəsibovla apardığı danışıqlar nəticə verib və o, fikrindən daşındırılaraq körpüdən düşürülüb.

Hadisə yerinə onun ailə üzvləri də gəlib.

Axar.az isə xəbər verir ki, S.Nəsirov deputat Qənirə Paşayevanın zəngindən sonra intihar fikrindən daşınıb.

«İntihar çıxış yolu deyil. Hər hansı rayon rəhbərinin, məmurun qanunsuz hərəkətinə etiraz olaraq özünü öldürmək yox, buna qarşı hüquqi müstəvidə mübarizə aparmaq lazımdır».

Bu sözləri editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa söyləyib.

Fazil Mustafa bildirib ki, icra başçısının əməli təsdiqini taparsa, onun haqqında ciddi ölçü götürülməlidir: «Bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Onlar Lütvəli Babayevin həqiqətən vətəndaşı aldadıb-aldatmadığını, onun pulunu mənimsəyib-mənimsəmədiyini aydınlaşdırmalıdır. Əgər həqiqətən də icra başçısı pul alıb, vətəndaşı intihar həddinə gətiribsə, onun haqqında ən sərt formada ölçü götürülməlidir. Təəssüf ki, bu gün təkcə icra başçıları deyil, digər məmurlar da vətəndaşların əsəblərini tarıma çəkir».

İnsanları səbrli olmağa, intihardan yayınmağa çağıran BQP sədri qeyd edib ki, intihar çıxış yolu deyil: «Bu, İslamda da yasaq olunur. İnsana canı Allah verir və heç bir insan öz canına qıya bilməz».

 

***

 

13:10

Metronun «Koroğlu» stansiyası yaxınlığında körpüyə çıxaraq intihara cəhd edən şəxs danışıb.

Bizimyol.info-un məlumatına görə, həmin şəxs külli miqdarda pulunun icra başçısı tərəfindən mənimsənildiyini deyib: «Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən (hazırda Zərdab RİH-in başçısıdır-red.) məni aldadaraq 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim.

Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütvəli Babayevdən səs-soraq gəlmədi.

Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. Aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa».

 

***

 

12:50

Qeyd edək ki, hazırda «Koroğlu» dairəsindəki asma körpüyə çıxaraq özünü atmaq istəyən 40-45 yaşlı kişi icra hakimiyyəti ilə probleminin olduğunu bildirib.

O vurğulayıb ki, yalnız deputat Qənirə Paşayeva gələndən sonra fikrindən daşınacaq.

Deputatın köməkçisi isə teleqraf.com-a bildirib ki, Qənirə Paşayevanın səhhətində problemlər var: «Onun hazırda «Koroğlu» dairəsindəki asma körpüyə getməsi mümkün deyil. Hər halda biz bu barədə ona məlumat verərik».

Qənirə Paşayeva isə onunla əlaqə saxlayan lent.az-ın müxbirinə bildirib ki, məsələdən xəbəri var: «Rayonda mənə güclü soyuq olmuşdu, müalicə olunurdum, sistem qoşdurmalı idim, halım da yoxdur. Bu səbəbdən də bu gün işə çıxmamışdım, evdə idim. Bir az əvvəl zəng edib belə bir məsələnin olduğunu dedilər. Əgər belə bir vəziyyət yaranıbsa, köməyimə kiminsə ehtiyacı varsa, mütləq getməliyəm. İndi yoldayam, həmin əraziyə gedirəm. Əlbəttə ki, gedib ona qulaq asmalıyam».

 

***

 

12:30

Bakıda intihara cəhd edən kişinin bu yola əl atmasının səbəbləri məlum olub. İlkin məlumata görə, özünü körpüdən atmaq istəyən şəxs təxminən 50 yaşlarında olan Nəsibov adlı kişidir.

O, körpünün üstündən yerə məktub atıb. Məktubda qeyd olunub ki, icra hakimiyyəti ilə problemi var. İcra hakimiyyəti tərəfindən onun 65 min dollar pulu mənimsənilib. Bir çox quruma şikayət etsə də, onun sözünü dinləyən yoxdur.

 

***

 

11:53

Bakıda kişi intihara cəhd edir.

APA-nın məlumatına görə, metronun «Koroğlu» stansiyası yaxınlığında kişi intihar etmək məqsədilə körpüyə çıxıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

Xatırladaq ki, orada bir neçə gün əvvəl də analoji hadisə yaşanmışdı.