vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
16:58 | 29 avqust 2014 | Cümə Məqaləyə 899 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mövqeyinizi müəyyənləşdirin»

Xamneyidən hökumətə xəbərdarlıq

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi hökuməti bir sıra beynəlxalq və bölgə məsələləri üzrə dəqiq mövqelərini müəyyənləşdirməyə çağırıb.

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, münasibət göstəriləcək əsas məsələlər sırasında o, Suriya, Qəzza zolağı, İraq, İsrailin adını çəkib.

İranın ali rəhbəri bildirib ki, İslam Respublikasının bütün problemləri ilə bağlı dəqiq  mövqe «İran xalqının rifahına xidmət edəcək».

Ayətullah Seyid Əli Xamneyi «iqtisadi müqavimətin» davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, bu ilin əvvəlində o, Qərb dövlətlərindən asılılığın azaldılması və iqtisadi göstəricilərin yaxşılaşdırılması bir sıra prinsipləri qeyd etmişdi. Buna səbəb kimi Xamneyi ABŞ və Avropa Birliyinin İrana qarşı sanksiyalarını əsas göstərmişdi.

İran ali rəhbərinin rahatsızlığı və çağırışı əsassız deyil. Qeyd edək ki, ötən həftə hökumətin 6 naziri parlamentdə hesabata çağırılıb. Bundan başqa, məclis ölkənin elm, araşdırma və texnologiya naziri Rza Fərəci-Dana tutduğu vəzifədən azad edib. 

Nazirin rəqibləri onu «akademik mühiti siyasiləşdirməkdə», eləcə də «qərbyönlü siyasi xətti müdafiə etməkdə» suçlayıb.

Mənbə xatırladıb ki, hələ 2009-cu ilin prezident seçkisində Rza Fərəci-Dana müəllim və professor heyətini dəstəkləyərək, müxalifətin etiraz aksiyalarına qoşulmuşdu. Başqa sözlə, o, ölkədə islahatçı xətt təmsilçilərindən sayılır.

Bu istefadan öncə İranın məhkəmə sisteminin başçısı Sadiq Amoli –Laricani özəl bəyanatla çıxış edərək, bildirmişdi ki, 2009-cu il olayları iştirakçılarının ali təhsil sahəsinə qayıdışını ölkənin «milli təhlükəsizliyinə təhdid» adlandırmışdı.

Ancaq siyasi mövqeyini bildiyi halda bu məclis bir il öncə Rza Fərəci-Dananı nazir postuna təsdiqləmişdi.

Tehran hakimiyyəti ABŞ başda olmaqla «altılıq» ölkələri ilə atom-nüvə proqramı məsələsində razılığa gəlmək yolunda addımlar atdığı bir zamanda nazirə «qərbyönlü» damğasının vurulması, habelə Xamyneinin rahatsızlığı və göstərişi başqa mətləbdən xəbər verdiyini ehtimal etmək olar.

Xatırladaq bir neçə gün öncə ölkə prezidenti, hökumət başçısı Həsən Ruhani onların qərblə danışıqlarına qarşı çıxanları kəskin tənqid edərək, belələrini «cəhənnəmə göndərmişdi».

Həmin qüvvələr rejimin ABŞ və Avropa dövlətlərinə yaxınlaşmasına qarşı çıxış edərək, dolayı yolla hakimiyyətin gələcəyindən rahatsız olduqlarını bildirmiş, buna görə daha çox Həsən Ruhanini məsuliyyət daşıdığını söyləmişdilər. Onlara cavab olaraq, Ruhani yuxarıda qeyd etdiyimiz ifadəni işlətmişdi.

Bu baxımdan ölkə məclisindəki hökumətə əks qüvvələr Ruhaninin nazirinə etimadsızlıq göstərilməsi haqda qərar qəbul edib. Odur ki, Rza Fərəci-Dananın vəzifədən azad edilməsini həm də Ruhanin «cəhənnəmə gedin» ifadəsinə cavab kimi dəyərləndirmək olar.

Elə ayətullah Seyid Əli Xamneyi də nüvə probleminə dair danışıqlarda beynəlxalq ictimaiyyətin, özəlliklə «altılıq» dövlətlərinin Həsən Ruhani başda olmaqla «islahatçı» sayılanların adlarını hallandırması hakimiyyət daxilində qüvvələr arasında ziddiyyət yaradır və ayətullah S.Ə. Xamneyi başda olmaqla əsas gücü, mühafizəkarları və İnqilab Keşikçiləri Qvardiyasını qıcıqlandırır.

Ona görə də ölkənin ali rəhbəri Həsən Ruhani hökumətinə «mövqeyinizi müəyyənləşdirin» xəbərdarlığını edib.

Beləliklə, Seyid Əli Xamneyinin xəbərdarlığı həm nüvə proqramı ilə bağlı danışıqlar, həm də Qərblə hökumətin yaxınlaşmaq cəhdi ilə bağlı olduğu ehtimalı daha çoxdur.