vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
10:32 | 30 avqust 2014 | Şənbə Məqaləyə 1403 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İstəyirlər Azərbaycan asılı vəziyyətə düşsün»

İlham Əliyev sabitliyi pozmaq istəyənlərin yeni cəhdlərindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

AzərTAc-ın xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzlə tanışlıqdan sonra rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

İlham Əliyev görüşdə çıxış edib. Prezident vurğulayıb ki, indi bəzi xarici dairələr qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyirlər: «Xüsusilə gənclər arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə guya ki, hansısa layihələrin icrası üçün vəsait ayrılır. Əslində gəncləri öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək üçün işlər aparılır. Biz bunları bilirik». İ.Əliyev vurğulayıb ki, bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir: «Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici anti-Azərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq. Siz də, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar da bax bu yolla getməlisiniz».

Prezident daha sonra deyib: «İndi heç kəs üçün sirr deyil ki, müxtəlif fondlar vasitəsilə, müxtəlif ölkələrdə kütləvi iğtişaşların, qarşıdurmanın yaradılması üçün praktiki addımlar atılır. Əgər 10 il bundan əvvəl bu, daha da məxfi formada aparılırdısa, hazırda artıq bütün maskalar yırtılıbdır, heç gizlətmirlər. Məqsəd də odur ki, təbii resurslarla zəngin, böyük potensiala, əlverişli coğrafi mövqeyə malik ölkələr təsir altına düşsün və başqasının diktəsi ilə hərəkət etsin, oturub-dursun. Bu isə o ölkələri məhvə aparır.

Biz yaxın tarixdən bunu bilirik. Bizim qonşuluğumuzda baş vermiş hadisələrin nələrə gətirib çıxardığı da gözümüzün qabağındadır. Bilin ki, Azərbaycan üçün də oxşar ssenarilər yazılmışdır. Sadəcə olaraq bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi ki, bu ssenarilər burada həyata keçirilsin və heç vaxt imkan verməyəcəyik».

Dövlət başçısı bildirib ki, bizə xaricdən heç bir yardım, kömək lazım deyil. Lazım olanda onsuz da heç kim bizə kömək etməyib: «Azərbaycan ağır vəziyyətdə olanda kim gəlib bizə kömək edib? Heç kim. Mənim yadımdadır, vaxt var idi ki, biz beynəlxalq qurumlardan kredit ala bilmirdik, vermirdilər kredit. Amma indi biz özümüz başqa ölkələrə kredit veririk. Yəni, bizim iqtisadi inkişafımız sırf Azərbaycan dövlətinin, hökumətinin uğurudur və aparılan siyasətin nəticəsidir. Ona görə bizə yardım etmək üçün heç kimə müraciət etməmişik və buna ehtiyac yoxdur».

Prezident onu da qeyd edib ki, buna baxmayaraq, yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür: «Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur.

Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da bunun xeyri olmayacaq. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı Azərbaycan xalqıdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər.

Ancaq biz bunu bilməliyik və siz də bunu bilməlisiniz. Ona görə biz ancaq gələcəkdə də öz gücümüzə güvənəcəyik. Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsasdır. Siz gənclər peşəkar, bilikli, həm fiziki, həm mənəvi cəhətdən sağlam olmalısınız və elə etməlisiniz ki, Azərbaycan daim inkişaf etsin və müstəqil ölkə kimi daim öz sözünü desin, formal olaraq yox, real».