vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
22:50 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 1959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qatilə cəmi 1000 manat verilib...

Vüsal Şilderin qətli işində yeni detal

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elman Seyidağa oğlu İsgəndərovun və Seymur Teymur oğlu Talıbovun məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxslər ötən il mayın 2-də qətlə yetirilən Qərb Universitetinin II kurs tələbəsi, Almaniya vətəndaşı, milliyyətcə azərbaycanlı olan Vüsal Şilderin ölümündə ittiham olunurlar.

Virtualaz.org saytının müxbirinin əldə etdiyi xəbərə görə, proses qapalı keçirilib, mətbuat nümayəndələri hakim Rasim Sadıxovun sədrlik etdiyi prosesə buraxılmayıb. Hakim bugünkü prosesin qapalı keçiriləcəyini bildirib və növbəti proseslərdə jurnalistlərin iştirakının təmin olunacağını deyib.

İstintaqın gəldiyi nəticəyə görə, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq sonuncunun yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə Vüsal Şilderə xəsarət yetirmək qərarına gəlib. Bu məqsədlə bir müddət V.Şilderi izləməyə başlayıb.

Elman İsgəndərov 2 may, 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 3B saylı evin qarşısında V.Şilderə yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib. V.Şilder aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

İki gün sonra E.İsgəndərov şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib.

Sözügedən cinayətin iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.

Təqsirləndirilən şəxs qismində ilkin istintaq zamanı dindirilən Elman İsgəndərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Şabran rayonunda yaşadığını, ötən ilin aprel ayında xalası oğlu Seymurun ona zəng vurub Bakıya çağırdığını göstərib: «Söhbət zamanı Seymur dedi ki, imkanlı bir dostumun bacısına sataşıblar. Həmin qız mənim də bacım hesab olunur. Buna görə də qıza sataşan oğlanın sifətinə şram atmaq, boşluqlarına bıçaq vurmaq və oğlanın mobil telefonunda qızın şəkilləri olduğuna görə onun telefonunu da sındırmaq lazımdır. Seymur mənə dedi bu işə görə sənə necə lazımdır hörmət olunacaq, bu adam yüksək vəzifədə işləyir, səni bəy kimi dolandıracaq.

Maddi sıxıntı içində olduğumdan təkliflə razılaşdım. Fikirləşirdim ki, bu işə görə yəqin mənə 10 min manat pul verərlər.

Aprelin 26-da Seymur zəng vurub işi sifariş verən adamın yanında olduğunu, mənimlə görüşmək istədiyini dedi. Görüşmək üçün onların dedikləri yerə gəldim. Seymur məni sonradan adının Xəyal olduğunu bildiyim həmin oğlanla tanış etdi. Xəyal mənə «heç nədən narahat olma, tutulmayacaqsan, hər şey yaxşı olacaq, tutulsan da səni oradan çıxardacam» dedi. 

Bu söhbətdən sonra vuracağım oğlan mənə göstərildi. Onu hər gün universitetdən evlərinə qədər izləyirdim. Hadisədən bir gün əvvəl Vüsalı vurmaq üçün «Nərimanov» metrosunun yaxınlığına gəldim, arxasınca düşərək yaşadığı evin həyətinə girdim, amma adam çox olduğu üçün vura bilmədim. Ertəsi gün yenə də güdməyə başladım. Gözümə gün eynəyi taxıb onun arxasınca həyətlərinə girdim. İti addımlarla ona yaxınlaşıb bıçaqla boğazının sol hissəsinə və ürəyinə zərbələr endirdim. Qışqırıb köməyə adam çağırdığını görüncə qaçıb oradan uzaqlaşdım. Vüsalın başından axan qan köynəyimə bulaşmışdı. Taksiyə oturub  hadisə yerindən uzaqlaşdım. Seymura zəng vurub işi həll etdiyimi dedim. Həmin gün axşam Seymur və Xəyalla görüşdük. Hadisəni olduğu kimi onlara danışdım. Mənə 1000 manat verib Şabrana qayıtmağı tapşırdılar. Üç gündən sonra pulun yerdə qalanını da verəcəklərini dedilər.

Xəyal mənə dedi ki, əgər tutulsan, həmin oğlanla təsadüfən mübahisə etdiyini deyərsən, onsuz da sən olmasaydın da başqa bir adam tapıb vurduracaqdıq.

Öldürdüyüm şəxsin ad və soyadını, nə işlə məşğul olduğunu bilmirəm, onu tanımıram».

E.İsgəndərov sonradan ifadəsində bu işə görə heç kimdən pul almadığını, Xəyalın dediyi oğlanı onun bacısına sataşmaması üçün yalnız namus üstündə vurduğunu göstərib.

İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Seymur Talıbov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, əvvəllər daxili işlər orqanlarında çalışdığını, Səbayel və Binəqədi rayonlarında polis nəfəri işlədiyini, sonradan Xəyal Əlizadənin sürücüsü olduğunu göstərib: «Üç aydan sonra isə başqa yerə işə düzəldim. Amma Xəyalla münasibətlərimiz var idi. Tez-tez işi ilə bağlı xarici ölkələrdə olurdu. Bir dəfə mənə biznes işinə kömək edəcək bir nəfər işçi lazım olduğunu dedi. Mən də xalam oğlu Elmana zəng vurub Bakıya çağırdım, onları tanış etdim. 2 may, 2013-cü ildə Xəyal mənə zəng vurub Elmanın Vüsalı öldürdüyünü dedi. Vüsalı hadisədən bir-iki gün əvvəl kafelərin birində görmüşdüm. Xəyal həmin oğlanın baldızını istədiyini, lakin qızın valideynlərinin razı olmadığını, belə olan halda bu işin baş tutmayacağını demişdi. Elmanın Vüsalı öldürməsinə təəccübləndim. Mən Elmanı işçi olaraq çağırmışdım. Vüsalın qəsdən öldürülməsindən əvvəlcədən məlumatım olmayıb».

Məhkəmə prosesi sentyabrın 11-də davam etdiriləcək.