vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
15:12 | 27 oktyabr 2014 | Bazar ertəsi Məqaləyə 3458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həftəyə qədəm qoyan balta(cı)»

Avtoş «qaqaş»la qatil bacını birləşdirən nüanslar

Səbinə ƏVƏZQIZI

Avtoş Rauf, qatil bacı, Aşura hazırlıqları, gizlincə evlənən Xoşqədəm Hidayətqızı... Bunlar bizim gündəmimizdir. Belə baxanda gündəmdəki hadisələr o qədər əlaqəsiz görsənirlər ki... Əslində isə onları birləşdirən bir neçə şey sadalamaq olar. Ən birincisi elə - adrenalin axtarışı. Amma ən əsası isə BALTAdır. İndi bunu izah etməyə çalışaq...

Sadaladığım hadisələrin daha populyarından başlayaq – «avtoş qaqaş»dan. «Bərk gedən» oğlan indi hərbi xidmətdə olsa da, neçə aylar əvvəl Bakıda qaldırdığı toz-duman hələ çəkilməyib. Manken kimi azərbaycanlı qızlarını maşının üstünə buradan – o yana, oradan - bu yana uzandırtdırıb şəkillərini çəkib. Hələ birinə utana-utana baxdım vallah, qız yaxasını açıb avtomobilin üstündə elə pozada oturmuşdu ki... Qeyri-ixtiyari belə dedim – «Abırınız tökülməsin». «Qaqaş»ımız isə abır-filan qətiyyən narahat etmədən bunların hamısını yükləyib, sosial şəbəkələrə. İndi gözümün qarşısında bu qızların «namus-qeyrət»dən cuşa gələn «əli baltalı» qohum-əqrəbası gəzişir. Oğlanı baltalasalar ciddi bəhanələri də olacaq ha...

Sosial şəbəkələrdə yayılan videolarda «avtoş Rauf»un təxminən təyyarə sürəti ilə gedən maşınındakı qızın səsi qulağımdan getmir. Zalım qızı adrenalin hoplamasından bir səs çıxarır ki... Bizlər isə nə başı bacısı tərəfindən kəsilən qızın, nə də ki, əli baltalı (burada balta ümumi məna daşıyır) azyaşlı qatilin səsini eşidə bilmədik. Amma təxmin etmək mümkündür. Biri acıdan, qorxudan, xəyanətdən bağırır, o biri ona güc gələn kindən, hirsdən. Əminəm ki, həyatdakı ən dəhşətli səslərdən biri oldu bu. Və bunlar elə bizim yanımızda, böyrümüzdəcə baş verdi. Eşitməsək də...

Rəfiqələri deyir ki, qətlə yetirilən bacı Allah adamıymış, lezbiyan-filan yalan söhbətdir. «Avtoş Rauf»un yanındakı qızın yarıçılpaq şəkilinə baxanda isə yəqin ki, bəzi mömünlər «tövbə əstəğfürullah» deyir. Birinci qız və bacısı qana bulaşdı, ikincisinin əməllərindən elə «qan iyi» gəlir ki... O sürətlə gedən avtomobilin özündən başqa da maşınları qana bulayacağı ehtimalı çox yüksəkdir. Hələ mən «qeyrət boğan» qardaşları bir kənara qoyuram. Bunlara baxıb hirslənən bəzi İmam Hüseyn sevdalıları isə səbirsizliklə qan axıdacaqları Aşura gününü gözləyirlər. Az qalıb...

Hər yerdə qan görürük. Başımızın üstündə bir balta fırlanır elə bil. Hər səhəri də elə qanlı xəbərlərlə açırıq. Bu xəbərləri ucundan qan damlayan bıçaq fotoları ilə təqdim edən saytlarımızla davanı da sonraya saxlayıram. Qayıdaq əsas məsələyə. Ətrafdakı bu «qan gölü»ndə nə qədər məsumun, günahkarın, körpənin, qocanın qanı var. Qatışıb bir-birinə. Çünki axacaq başqa yer yox, bircə dənə dünyamız var. Bunlar azmış kimi, nə qədər adam Aşura günü qan tökəcəyini hərisliklə gözləyir. Vallah, mən deyirəm ki, dəyməyin, işiniz olmasın! İstəyirlər, qoy töksünlər. Qan tökmək hərisliyində olan insana bunu qadağan etmək təhlükəli işdir. Aşura günü millətin içində tökə bilməyəcəyi qanı, o gedib başqa yerdə axıdacaq. Yenə burada hamının gözü qarşısındadılar. Bəs gizlində töksə necə? Özü də bəlli deyil bu öz qanı olacaq, ya özgənin.

Şeyximiz Allahşükür müəllim məndən inciməsin. Haşa, niyyətim onun tövsiyələrinə qarşı çıxmaq deyil. Hörmətli şeyximiz buyurub ki, özünüzə xəsarət yetirməyin. Amma bir söz də var, deyirlər «axacaq qan damarda qalmaz». İndi bu cavanlara dəyməyin də, imkan verin nə adla olursa-olsun çıxartmaq istədikləri qandan qurtulsunlar. Lap bunu İmam Hüseyn uğrunda etsinlər. Nə olacaq? Təki hərislik, mənfəət, şöhrətpərəstlik, qısqanclıq uğrunda etməsinlər. Təbii, könül istərdi ki, bu «qoçaq»lar artıq hesab etdikləri qanlarını Qarabağda axıtsın, qan bankına versin. Amma day nə etmək olar? Onlar illah ki, Aşura günü deyib tutdurduqdan sonra, əlimizdən bir şey gəlməz. Sadəcə, imkan verək bu zatlar da adrenalinlərini belə yüksəltsinlər.

Bayaq dediyim kimi, başımızın üstündə fırlanan balta yaman kəskin görsənir. Qana bulaşmaq üçün fürsət güdür. İndi gərək özünü bundan ustalıqla qoruyasan. Səni harada tutacağı bəlli deyil. Hə, bu arada Xöşqədəm Hidayətqızı da təzə evləndiyi ərinin soyadını götürsə, Baltacı olacaq. Bunu da elə-belə yazdım. Yəni qana-filana aidiyyəti yoxdur. Özü də onu deyim ki, «balta»lı xəbərlərin içində ən qansızı və şad olanı budur. Allah hamınızı xoşbəxt eləsin, o cümlədən, yeni cütlüyümüzü!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)