vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
16:15 | 31 oktyabr 2014 | Cümə Məqaləyə 2740 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı sakinləri israfçılığa qarşı

QMI-nin məsləhətləri nəticə verirmi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı sakinləri ölkə rəhbərliyinin tövsiyəsi ilə israfçılığa qarşı başlanan mübarizəni müsbət qiymətləndirir. «Rəy» Monitorinq Mərkəzinin Bakı sakinləri arasında keçirdiyi rəy sorğusunun nəticələri bu qənaətə gəlməyə əsas verib. Sorğunun üzə çıxardığı prinsipial vacib məqam ondan ibarətdir ki, əhali aparılan mübarizədən xəbərdardır: rəyi soruşulanların cəmi 5 faiz bu barədə ilk dəfə eşitdiklərini, qalan 95 faiz isə bu barədə məlumatlı olduğunu göstərib. Məlumatlı respondentlərin 75 faizi israfçılığa qarşı mübarizə haqqında ilk növbədə televiziya və radiodan xəbər tutub. Hər beş nəfərdən biri isə bu barədə dostlardan, qohum-qonşudan eşidib.

Bir sözlə bu mövzu aktualdır və paytaxt əhalisinin yetkin hissəsinin istəklərinə cavab verir. Sorğu nəticələrinin təhlili göstərir ki, hakimiyyətin bu təşəbbüsü cəmiyyətdə müsbət qarşılanıb və maraq doğurub. Bütövlükdə Bakı sakinlərinin 73 faizi sözügedən mübarizənin zəruriliyini vurğulayıb. Anketin müvafiq sualına cavab verərkən, respondentlərin 46 faizi «tam razıyam, axır ki, bu həyati vacib məsələdə qayda-qanun yaratmağa başladılar» cavabını seçib, 27 faiz isə bu mübarizəni dəstəkləyib və haqlı olaraq qeyd edib ki, «bu, vacib və lazımlı bir işdir». Daha 12 faiz israfçılığa qarşı tədbirləri bir şərtlə dəstəkləyir ki, «onlar qanun çərçivəsində aparılsın və məmurların özbaşınalığına rəvac verməsin». Yalnız 9 faiz belə bir mübarizənin aparılmasının əleyhinədir. Onların fikrincə, «bu, hər kəsin şəxsi işidir və dövlət buna müdaxilə etməməlidir». «Mübarizə lazımdır, lakin əmin deyiləm ki, məhz belə aparılmalıdır» cavab variantını isə rəyi soruşulanların 4 faizi seçib. Respondentlərin 3 faizi bu suala cavab verməkdə çətinlik çəkib və bu göstəricinin kiçikliyi onu göstərir ki, insanlar baş verənlərə biganə deyil. Bu həssas sahəni kimin tənzimləməli olduğu barədə suala verilən cavablarda diqqət çəkir. Bakı sakinlərinin əksəriyyəti (təxminən 60 faiz) birmənalı olaraq bu sahənin əsas «tənzimləyici»si qismində dövləti görür. Qalan 40 faiz respondent bu missiyanı Qafqaz Müsəlmanları İdarəsinin üzərinə qoyur. Yas günlərinə gəldikdə isə sorğunun nəticələri göstərir ki, ictimai rəy əsasən 3 və 40 mərasimlərinin, daha sonra isə ildönümünün qeyd olunmasına tərəfdardır. Bakı sakinləri «cümə axşamları»nın qeyd olunmasını «soyuq» qarşılayır. Bu yaxınlaradək norma kimi qəbul edilən bu mərasimin keçirilməsini indi 61 faiz respondent vacib saymır. Bəzi yerlərdə keçirilən 52 mərasimini isə ümumiyyətlə əksəriyyət qəbul etmir. Rəyi soruşulanların 67 faizi bu mərasimi vacib saymır və cəmi 7 faiz bunun keçirilməsini mümkün və ya mütləq hesab edir. 

Vacib bir məqama diqqət yetirək: rəyi soruşulanların tam əksəriyyəti (89 faiz) ehsan menyularının minimuma endirilməsinə tərəfdardır (çay, halva, pendir, çörək, göyərti). Bu təklifi 67 faiz tam, 2 faiz isə qismən dəstəkləyir. Bundan əlavə, məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mollalara israfçılığa yol verilən məclislərə qatılmamağı məsləhət görüb. Bu məsləhətlər nəticə verirmi? Təəssüf ki, sorğunun nəticələri bu suala müsbət cavab verməyə imkan vermir: son iki-üç həftə ərzində israfçılığa yol verilən yas məclisində olmuş paytaxt sakinlərinin 55 faizi həmin məclislərin mollaların iştirakı ilə baş tutduğunu vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin mollalara verdiyi bu tövsiyələrin israfçılığa qarşı mübarizəyə kömək edib-etməyəcəyi barədə suala verilən cavablara diqqət yetirək. Göründüyü kimi, cədvəldə bədbin cavablar üstünlük təşkil edir. 

Yeri gəlmişkən, «Rəy» Monitorinq Mərkəzinin intervyuerləri yas sahibləri adı altında bəzi mərasim zalları və məscidlərə də baş çəkiblər. Məlum olub ki, mərasim zalları yemək sifariş vermək istəyən şərti «yas sahibləri»nin məclislərini molla ilə təmin etməkdən imtina etdiyi halda, Qafqaz Müsəlmanları İdarəsinin məscidlərində vəziyyət bunun tam əksinədir. Məsçidlərdə açıq etiraf ediblər ki, onların «müştəriləri» üçün heç bir məhdudiyyət yoxdur və lazım olarsa, istənilən məbləğə ehsan süfrəsi açıb, məclisə molla göndərə edə bilərlər. Şəxsi söhbət zamanı mollalardan biri hətta bildirib ki, artıq Həcc ziyarəti etdiyi üçün onun xidmətləri standart 50 manata deyil, avtomatik olaraq baha qiymətə başa gələcək. Eyni zamanda bələdiyyəyə məxsus mərasim evində xidmət göstərən mollalardan biri 2 min manat cərimələnmək təhlükəsi qarşısında ehsan məclisini aparmaqdan imtina edib. Bu yerdə respondentlərdən birinin dediyi skeptik bir fikir tam yerinə düşür. Onun fikrincə, yas mərasimləri sadəcə biznes deyil, böyük biznesdir. Məscidlər mərasim zallarının açılmasına külli miqdarda vəsait sərf ediblər və sadəcə tövsiyə, bəyanat və cağırışlarla bu işi yoluna qoymaq olmayacaq.