vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TÜRK DÜNYASI  
13:34 | 17 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 1137 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ceviköz yaraya köz basdı

Türkiyənin Bakıdakı keçmiş səfiri Ermənistanla sərhədləri açmağa çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

İstefada olan diplomat, Türkiyənin Bakıdakı keçmiş səfiri Ünal Çeviköz Ermənistanla sərhədləri açmağa çağırıb.


Virtualaz.org xəbər verir ki, Çeviköz «Hürriyet» qəzetində dərc edilmiş məqaləsində Ankara ilə İrəvan arasında dalana dirənmiş normallaşma prosesinin ancaq Türkiyə hakimiyyətinin yeni təşəbbüslə çıxış etməsi halında irəliləyə biləcəyini yazıb.

 Ünal Çevikoz 2001-2004-cü illərdə Türkiyənin Bakıdakı səfiri olub. Daha sonra bu ölkə XİN-də idarə rəisi təyin edilib. 2007-2010-cu illərdə o, Türkiyə XİN-in siyasi planlaşdırma direktoru olub və 2008-ci ildə İsveçrənin Bern şəhərində Ankara-İrəvan gizli danışıqlarında Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. Həmçinin Türikiyənin o vaxtkı prezidenti Abdullah Gülün tapşırığı ilə İrəvanda səfərdə olub.

«Nəyin baş verəcəyi və iki ölkənin 2015-ci ilə necə qədəm qoyacağı vacib deyil. Aydındır ki, bu tarix yolun sonu deyil. Mühüm olanı odur ki, Türkiyə və Ermənistan bu tarixdən sonra münasibətlərinin necə olacağına qərar versinlər. Oyun qaydalarını dəyişən yeni situasiya lazımdır» Çeviköz yazıb.

Onun fikrincə, Türkiyə Qafqazdakı lider rolunu bərpa etmək üçün yeni təşəbbüslə çıxış edə, situasiyanın dalandan çıxmasına komək edə bilər. Çeviközə görə bunun yolu Ermənistanla sərhədləri açmaq və bunun regiondakı vəziyyətə necə təsir edəcəyini yoxlamaqdan keçir. «Opponentlər deyirlər ki, Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması Qarabağ məsələsində Ermənistana təzyiqdir. Lakin 20 ildə Ermənistan Azərbaycanla razılaşmaya məcbur edilməyibsə bu necə təzyiq rıçağıdır?» keçmiş diplomat sual edir. Onun fikrincə açıq sərhədlər Ermənistana böyük fayda gətirəcək ki, bu da daha ciddi təsir rıçağı olacaq. «Türkiyə öz sərhədlərini tədricən açmaqla qonşularını yeni danışıqlara həvəsləndirə bilər. Daha sonra Qarabağ prosesində əldə edilmiş irəliləyişi qiymətləndirərək sərhəd məsələsini daha funksional alətə çevirər» Çeviköz yazır.

Keçmiş türk diplomatı hesab edir ki, Türkiyə Cənubi Qafqazdakı bütün oyunçulara «bərabər yanaşmalıdır» və bu yolla özünün ədalətli vasitəçi imicini formalaşdırmalıdır. «Türkiyənin regiondakı önəmini nümayiş etdirməyin vaxtı çatıb. Əgər Türkiyə belə qətiyyət nümayiş etdirsə Ermənistanla Azərbaycan da onun yolunu davam etdirə bilər» Çeviköz yazıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə sərhədlərin açılmasının ancaq Qarabağ münaqişəsinin həllindən sonra mümkün olacağını bildirib. Buna baxmayaraq Ünal Çeviközün timsalında görünür ki, Türkiyədə hələ də Azərbaycanın maraqlarını kənara itələyərək Ermənistanla barışığın yolunu açmağa çalışanlar var. Hansı ki, Çeviköz bu cəhdlərin baş tutmayacağını Sürix protokoluna aparan 2008-2010-cu il gizli prosesinin iflasa uğraması təcrübəsində artıq bilməli idi. Sürix protokolunu Türkiyə-Azərbaycan münasibətlərində yara hesab etsək, keçmiş səfirin bu açıqlamasını qasnağın üzərinə köz basmaq kimi qiymətləndirmək olar.