vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MÜBAHİSƏ  
16:40 | 17 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 3413 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qüsurumuzu bizə iftira kimi deməyin»

İsrafil İsrafilov: «Avropa teatr məkanına çıxmaq iddiasındayıq»

Leyla ƏLİYEVA, «Aydın yol» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

«Aydın yol» qəzetinin müsahibi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq professoru İsrafil İsrafilovdur.

– Teatr və məktəb müəyyən mənada oxşardır. Məktəb təhsil, teatr isə mədəniyyət ocağıdır. Hər ikisi eyni vaxtda tətilə çıxır, eyni vaxtda fəaliyyətə başlayır. Maraqlıdır, Milli Dram Teatrının yeni «dərs ili» üçün proqramı nədən ibarətdir?

– Bir zamanlar görkəmli maarifçilərimiz teatra məktəb deyiblər. Teatr sözgəlişi məktəb adlandırılmayıb, o, bütün zamanlarda maarif ocağı funksiyasını şərəflə daşıyıb. Ədəbiyyat nümunələri, konkret olaraq dramaturji əsərlər səhnədə oynanıb və tamaşaçılara dövr, zaman, mənəvi və əxlaqi dəyərlər haqda müxtəlif düşüncələr, fikirlər aşılayıb.

Bir neçə gün öncə biz «Məktəb-teatr» layihəsini reallaşdırdıq. Təhsil Nazirliyi ilə aramızda çox faydalı və hesab edirəm, gələcək üçün səmərəli əməkdaşlıq işi başlayıb. Bu proqram təkcə şagird və tələbələrin teatra gəlişini nəzərdə tutmur. Hədəfimiz məktəblərdə dram və bədii qiraət dərnəkləri yaratmaq, ölkə səviyyəsində bu dərnəklərin müsabiqələrini təşkil etmək, müsabiqələrdə teatrımızın aktyorlarının fəal iştirakı ilə gənc teatrsevərlərin tamaşaçı konfranslarını keçirməkdir.

Məktəb proqramında olan əsərlərin səhnələşdirilməsi işi də prioritet məsələ kimi diqqətdə saxlanır. 


– Dram teatrının adı bu il mətbuatda daha çox festivallarla yadda qaldı. Əvvəlcə Adana, Konya, sonra Tiflis. Bu yaxınlarda isə Pekindən qayıtmısınız...

– Yetmiş il ərzində Azərbaycan teatrı sovet teatrı anlayışının içərisində özünün ayrı-ayrı inkişaf mərhələlərini yaşayıb. SSRİ dövründə teatrlarımız ən yaxşı halda Moskva tamaşaçıları qarşısında çıxış edə bilərdisə, onun sovet tamaşaçıları arasında tanınmaq iddiası vardısa, indi Azərbaycan müstəqil dövlətdir. Nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunan ölkəmiz dünyada gedən siyasi və mədəni proseslərdə aktiv iştirak edir. Azərbaycan teatrı da yaranmış əlverişli reallıqdan istifadə edib dünya və Avropa teatr məkanına çıxmaq iddiasındadır. Bu iddiamızı da beynəlxalq teatr festivallarında, müxtəlif qastrollarda reallaşdırırıq.

Ötən ilki İsveç qastrolumuzu xüsusi vurğulamaq istərdim. Azərbaycan teatrını tanımayan bir auditoriya qarşısında dramaturgiyamızın ilk nümunələrindən olan «Lənkəran xanının vəziri» tamaşası ilə çıxış edirdik. Dillər və mədəniyyətlər arasında fərqlərə baxmayaraq Dram Teatrının çıxışı çox möhtəşəm oldu. Nobel ailəsi, kral ailəsinin üzvləri, diplomatik korpus nümayəndələri, İsveçin tanınmış ziyalıları və sənət adamları kollektivin çıxışını ayaq üstə alqışladılar. 

Çoxlu festivallara dəvət alsaq da, təəssüf ki, hamısında iştirak edə bilmirik. Biz repertuar teatrıyıq, əvvəlcədən planlaşdırılmış tamaşalarımız var. Repertuarda çaşqınlıq yaratmamaq üçün bəzi dəvətlərdən imtina edirik.


– Pekin səfəri də növbəti festivalla bağlıydı?

– Azərbaycan Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüdür. Pekində təşkilatın 27-ci beynəlxalq konqresi keçirilirdi. Ölkəmizi bu konqresdə mən və sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə təmsil edirdik. Dünya teatrının qarşısında duran perspektivlər, gündəlikdə olan məsələlər, internet dövründə medianın fəallığı müzakirə olundu. 


– Yunan rejissoru Terzopulosun Akademik Milli Dram Teatrının səhnəsində hazırladığı «Antiqona» faciəsini çoxları maraqla gözləyir. Ümumiyyətlə, xarici rejissorların Azərbaycanda tamaşa hazırlaması, azərbaycanlı rejissorların isə Avropada işləməsi prosesi indi hansı mərhələdədir?

– «Antiqona» sonradan başqa müəllif tərəfindən də yazılıb, bir az müasirləşdirilib. Biz antik dramaturji nümunəyə - Sofoklun «Antiqonası»na müraciət etdik. İngilis dilli variantlardan biri üzərində dayandıq, əsər tərcümə olundu və bu, xeyli vaxt aldı. Tamaşa bu ilin dövlət planına salınıb. III Bakı Beynəlxalq Teatr Konfransından sonra konkret iş başlayacaq.

Azərbaycanlı rejissorlardan Mehriban Ələkbərzadə xalq yazıçısı Elçinin «Qatil» pyesini Şimali Kiprdə uğurla səhnəyə qoyub. Gənc rejissor Mikayıl Mikayılov «Müsyö Jordan və Dərviş Məstəli şah» pyesini Qazaxıstanın Karaqanda şəhərində, daha bir tamaşanı isə Tümen vilayətində hazırlayıb. Hazırda Bəhram Osmanov da Permdə yeni tamaşa üzərində işləyir.


–  Ötən il teatrın nəzdində yeni studiya yaradıldı. Bu yay studiyanın hazırladığı tamaşa maraqlı alınmışdı. Bilmək istərdik, gənclərin studiyadakı fəaliyyəti teatrda necə əks olunacaq?

– Studiya və teatr eyni şey deyil. Studiyada biz istedadların seleksiyası ilə məşğul oluruq. Dünya praktikasında olduğu kimi, studiyada çox adam toplanır, amma onlardan neçəsi əsl səhnə ustası olacaq - bu, zamana və onların zəhmətsevərliyinə bağlıdır. Gənclərin əldə etdiyi aktyor vərdişlərinin nümayişi ümidvericidir. İndi onların işinin ikinci mərhələsi başlayır. Birinci mərhələdə daha çox səhnə etüdləri, sözsüz parçalar, müxtəlif trenajlar, vokal və plastika məşğələləri idi. İkinci mərhələdə sözlü və süjetli səhnələr olacaq.

Bu çalışmalar gənclərin bu gün-sabah səhnəyə çıxacağı, rol alacağı anlamına gəlmir. Bəzi tamaşalarda onların gücündən istifadə edirik, çünki onlar teatrın mətbəxinə daxil olmalıdırlar. Tanınmış sənət ustalarıyla yanaşı durmaq, onlarla bir tamaşada oynamaq gənclərin təcrübəsinə, vərdişlərinə və teatral ruhunun formalaşmasına müsbət təsir göstərir.


– Başqa teatrların aktyorlarının Milli Dram Teatrına dəvət olunması, çox zaman baş rolda çıxış etməsi bəzən tənqidlə qarşılanır. Siz isə teatrlar arasında sərhədlərin şəffaf olmasının tərəfdarısınız.

– Azərbaycan teatrının 142 illik həyatının ən azı 40 ilinə yaxşı bələdəm. Dialektik yanaşsaq, bu, tamamilə təbii prosesdir. Necə ki, biz yeni dramaturq imzası, yeni rejissura axtarırıq, teatrşünaslıq sahəsindəki boşluğu dolduracaq gəncləri seçir, onların yazısına xüsusi qayğıyla yanaşırıq, bu da eyni işdir. 

Yaxşı yadımdadır, müəllimim, görkəmli rejissor Tofiq Kazımov bu teatra neçə-neçə gənc aktyor dəvət etmişdi. Müəyyən müddət sonra Azərbaycan teatrı, teatrşünaslıq elmi onlarla fəxr elədi: Amaliya Pənahova, Şəfiqə Məmmədova, Hamlet Xanızadə, Səməndər Rzayev, Şahmar Ələkbərov, Səfurə İbrahimova, Fuad Poladov, Yaşar Nuri, Kamal Xudaverdiyev... Bu, o zamanlar da birmənalı qarşılanmırdı. Təsəvvür eləyin, ikinci kurs tələbəsi Amaliya Pənahova birdən-birə Milli Dram Teatrına gətirilir və baş rol ifa edir. 60-cı illərin sonunda tələbə olan Fuad Poladov teatrın truppasına salınır və baş rolda səhnəyə çıxır. O dövrdə də teatrda çox nəhəng, möhtəşəm aktyorlar var idi. 

Dram teatrı heç vaxt öz hüdudlarıyla kifayətlənməyib, həmişə müxtəlif teatrlardan dəvət olunan aktyorların, əvvəlki Teatr, sonrakı İncəsənət institutunun tələbə və məzunlarının sayəsində formalaşıb. Ona görə burda fərqli, qeyri-adi bir şey görmürəm. Bu, sələflərimiz Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımovun qoyduğu yolun davamıdır.

Teatrda bütün nəsillərə mənsub aktyorlar olmalıdır. Bir nəfərlə söhbət zamanı dedim, səhnə futbol meydançası deyil ki, doqquz nömrənin yerinə on bir nömrəni salasan. Biz seleksiya işini planlı şəkildə aparmalıyıq ki, nəsil boşluğu yaranmasın.

Ölkəmizin tanınmış düşüncə adamları, teatra bağlı insanlar bu işi müsbət qarşılayırlar. Mədəniyyət və Turizm Nazirliyi də apardığımız işi dəstəkləyir. 


– Pekində internet dövründə medianın fəallığı mövzusunun müzakirə olunduğunu dediniz. Söhbət əsnasında isə gənc teatrşünasların yetişməsini, bu gənclərin yazılarını oxumaq istədiyinizi vurğuladınız. Teatrın Azərbaycan internetində ifadəsi sizi qane edirmi və yazıları izləyirsinizmi?

– 40-50-ci illərin ədəbiyyatını, mətbuatını və mədəni gerçəkliyini nəzərdən keçirəndə görürsən ki, teatrşünasların azlığından, ya nədənsə tamaşalar haqda resenziya yazanların əksəriyyəti ədəbiyyatşünaslardır. Teatrşünaslardan yalnız Cəfər Cəfərov öndə idi, ondan sonra teatrşünaslıq bir elm kimi sistemli, elmi-nəzəri səviyyə qorunmaqla inkişaf etdirildi. İndi həm Mədəniyyət və İncəsənət Universitetində teatrşünaslıq ixtisası üzrə kadr hazırlığı gedir, həm də Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun nəzdində ayrıca teatr, kino, televiziya problemləri ilə məşğul olan şöbə var. Bunlara baxmayaraq, teatrşünaslıqla fəal və ardıcıl şəkildə məşğul olanların sayı azdır. Bəlkə ona görə ki, müxtəlif internet səhifələrində teatr haqqında qeybət səviyyəli yazılar yazılır, digər saytlar da dərhal bu xəbərləri tirajlayır. Həsən bəy Zərdabinin düşüncəsinə görə, mətbuat bunun üçün yaradılmamışdı. Onun cəmiyyəti saflaşdırmaq, sağlamlaşdırmaq funksiyası daha böyük, daha şərəflidir.

Konkret bir sahədən yazan adam onu ən azı mütəxəssis səviyyəsində bilməlidir. Çünki yaradıcılıq çox həssas sahədir. Sən çox filmə baxa bilərsən, amma onu təhlil edə bilməyin, peşəkar qüsur tapmağın şübhə doğurar. Teatrsa daha mürəkkəbdir, burada ədəbiyyat, xoreoqrafiya, təsviri sənət elementləri, aktyor və rejissor ustalığı var. Axı sən bunları bilmədən necə yazı yaza bilərsən? 

Ən dəhşətlisi odur ki, çox zaman həqiqəti yox, həqiqətəbənzər faktları, bəzənsə heç olmayan şeyləri yazırlar. Axı eyni hadisələr, umu-küsülər digər müəssisələrdə də yaşanır. Harada insan varsa, orada inciklik də var, narazılıq da. 

Həm də bəzi məsələlər individualdır. Bu rejissor bu aktyorla işləməkdən həzz alır, digər aktyorsa əksinə. Bir də görürsən biri yazır ki, filan rolu filankəs oynamamalı idi. Bu, ona bənzəyir: sən simfonik musiqiyə qulaq asırsan, orkestrə deyirsən ki, ikinci skripkaçı bu yox, başqası olmalıdır. Halbuki orada «iradını» dilə gətirmirsən, çünki simfonik musiqini, orkestrin işini bilmirsən. Amma düşünürsən ki, teatrı bilirsən, əslində sən çox diqqətli və teatral tamaşaçısan.

Nə üçün mətbuatda teatrın təbliğatı aparılmır? Teatrın digər və daha önəmli problemləri qabardılmır? Maaşların azlığından və ya Azərbaycan teatrının dünyaya çıxmasından danışılmır? Demirəm bizi yalandan tərifləyin. Amma qüsurumuzu bizə iftira kimi deməyin.