vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
23:51 | 23 noyabr 2014 | Bazar Məqaləyə 1703 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sürə bitdi?

Diplomatiya nüvə silahına qarşı

Fərhad MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün - noyabrın 23-də İranla «altılar» qrupu (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Almaniya) arasında Tehranın nüvə proqramlarına dair danışıqlarda sonuncu gündür. Uzun müddətdir aparılan danışıqların sonuncu raundunda iştirak etmək üçün «altılar»ın xarici işlər nazirləri Vyanaya toplaşır.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bazar günü axşam Vyanaya uçub. Bununla əlaqədar olaraq Lavrov proqramına dəyişiklik edib. Nəticədə Tanzaniya və Burundu XİN rəhbərlərinin Moskvaya sabaha nəzərdə tutulan səfərləri təxirə salınıb.

ABŞ dövlət katibi Con Kerri və Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer isə Lavrovdan əvvəl Vyanaya çatıblar. Həmçinin Fransa və Böyük Britaniya xarici işlər nazirlərinin də bazar günü axşam Avstriya paytaxtın qayıdacaqları (onlar danışıqlarda iştiraklarını müvəqqəti dayandıraraq ölkələrinə getmişdilər) gözlənilirdi.

Çinin xarici işlər naziri Van İ-nin də Vyanaya gəlişinin gözlənildiyi diplomatik mənbələr tərəfindən təsdiqlənir.

Tərəflər arasında əvvəlcədən əldə edilmiş razılaşmaya görə, noyabrın 24-ü nüvə danışıqlarında sonuncu gündür və həmin tarixə qədər İranla «altılar» qrupu arasında Tehranın nüvə proqramları və İrana qarşı beynəlxalq sanksiyaların ləğvi məsələsində hərtərəfli siyasi razılaşma əldə edilməlidir.

Danışıqların final raundu noyabrın 18-də başlayıb. Lakin danışıqların sonuncu günündə məlum olub ki, tərəflər gözlənilən razılaşmanı əldə etməyə hazır deyillər.

İran və ABŞ nümayəndə heyətlərindəki mənbələr təsdiq ediblər ki, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Bununla belə yekun siyasi razılaşmanın əldə olunması naminə danışıqların daha iki-üç gün uzadılacağı istisna deyildi. İran nümayəndə heyətindəki mənbə isə daha kompromisli variantın - razılaşmanın 6-12 ay təxirə salınmasının müzakirə olunduğunu bildirib.

Danışıqların detalları haqda məlumatlar məhduddur. «Alman dalğası» radiostansiyası xəbər verir ki, Tehran İraqla sərhəddəki Merivan nüvə mərkəzinə beynəlxalq müşahidəçiləri buraxmağa razıdır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu mərkəzdə nüvə silahı hazırlandığından şübhə edir. Lakin Tehranın bu güzəşti hələlik razılaşmanın əldə edilməsi üçün kifayət deyil.

Danışıqlarda iştirak edən diplomatların bildirdiyinə görə ola bilsin çərçivə razılaşmasını əldə etmək mümkün olacaq, ancaq detalları razılaşdırmaq üçün aylarla vaxt tələb oluna bilər. Tərəflər hələlik danışıqların vaxtının uzadılmasını müzakirə etməyiblər və diplomatlar bunun «son məqamda» müzakirə ediləcəyini deyirlər.

ABŞ dövlət katibi Con Kerri də təsdiq edib ki, danışıqlarda «böyük fikir ayrılıqları» qalmaqdadır və onların aradan qaldırılması üçün gərgin iş aparılır. «Röyter» agentliyinin Avropadakı qaynaqlarının məlumatına görə, əsas mübahisəli məsələlər - İranın uranı hansı faizə qədər zənginləşdirə biləcəyinə və Tehrana qarşı sanksiyaların götürülməsinə dair müzakirələrdə «əhəmiyyətli irəliləyiş» əldə edilməyib. Mənbə yaxın 48 saat ərzində belə razılaşmaların əldə edilməsi şansının az olduğunu da bildirib.

Beləliklə, ancaq sürpriz bu gün Vyanada bütün dünya üçün mühüm hesab olunan razılaşmanın əldə edilməsinə gətirib çıxara bilər. İran nümayəndə heyətindəki mənbələr deyirlər ki, danışıqlarda ən sərt mövqedən Fransa çıxış edir. ABŞ isə İranla razılaşmanın əldə olunmasına çox can atır və bunda maraqlıdır.

Ciddi fikir ayrılıqlarının qalması, eyni zamanda tərəflərin razılaşmanın əldə edilməsi üçün səyləri davam etdirmək marağı danışıqların ən azı sabah - noyabrın 24-də də davam edəcəyini göstərirdi.

Vyanaya toplaşan xarici işlər nazirlərinin razılaşma naminə noyabrın 25-i də qalıb işləməyə hazır olduğu haqda məlumatlar var.

Qeyd edək ki, bu ilin yazında tərəflər Cenevrədə ilkin razılaşma əldə ediblər və həmin razılaşmaya əsasən İranın nüvə proqramına dair yekun razılaşma noyabrın 24-nə qədər əldə edilməliydi. Bunun əvəzində İrana qarşı sanksiyalar, o cümlədən neft embarqosu qismən yumşaldılıb. İndi dünyanın İŞİD təhdidi, Rusiya ilə Qərb arasında getdikcə kəskinləşən qarşıdurmadan irəli gələn risklərlə üzləşdiyi bir vaxtda Tehranın nüvə proqramlarına dair yekun razılaşmanın əldə edilməsi yeni mərhələni başlada bilər.

Bu razılaşma ABŞ-la İran arasında diplomatik münasibətlərin, ən azından ticarət münasibətlərinin bərpa edilməsinə imkan yaradacaq. İrana qarşı sanksiyaların götürülməsi bu ölkənin neft ixracını artırmasına, beləliklə də dünya bazarlarında neftin daha da ucuzlaşmasına gətirib çıxaracaq. Anlaşma İranın nüvə proqramı ətrafında uzun illərdir davam edən, dəfələrlə müharibə Astanasına gəlib çıxan gərginliyi də aradan qaldıracaq.

Beləliklə, İranın nüvə proqramı Yaxın Şərqdə gərginlik mənbəyi kimi aradan qalxacaq, ABŞ və digər Qərb ölkələri İŞİD-lə mübarizəyə daha çox diqqət və qüvvə sərf edə biləcəklər. İŞİD həm də şiə İran üçün təhdid olduğundan bu, Tehranın da maraqlarına uyğundur.

Həmçinin İran beynəlxalq sanksiyaların təsiri altından çıxaraq bundan böyük iqtisadi fayda əldə edəcək.

Şübhəsiz ki, İrana qonşu ölkələrdən biri kimi nüvə anlaşması və onun nəticəsində Qərblə Tehran arasında münasibətlərin yeni mərhələyə daxil olması Azərbaycana üçün də geniş mənada müsbət təsirsiz ötüşməyəcək.

Ancaq bütün bunlardan əvvəl Vyanadan gələn xəbərləri gözləmək lazımdır. Əgər bu gün də olmasa sabah, yaxud o biri gün gözlənilən razılaşma əldə edilməsə Vyana prosesi İranla Qərb arasında uzun illərdir gedin diplomatik oyunun bir epizodu kimi tarixə düşəcək.

İran nüvə məsələsinə dair anlaşmaya yaxın olduğunu əvvəllər də dəfələrlə nümayiş etdirib, ancaq hər dəfə hansısa detallarda kompromislərdən imtina edərək prosesləri yenidən əvvəlki məcraya qaytarıb. Nəticədə vaxt udub və bu vaxtdan istifadə edərək nüvə proqramlarını irəli aparıb. Bu, fars diplomatiyasının ənənəvi metodudur və əsrlər boyu işləyib.