vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
12:37 | 24 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 3878 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəlağətli dil və küçə dili

Televiziya kanallarının nitqi iki qütbə ayrılıb

Sevinc FƏDAİ, «Aydın yol» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın keçmişdə televiziya nitqi standart kimi qəbul edilirdi, təəssüf ki, bu gün ekran dilini heç bir səviyyədə örnək göstərmək mümkün deyil. Bakı Dövlət Universiteti televiziya və radio jurnalistikasının dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Kərimova bu problemə kompleks yanaşmanın tərəfdarıdır: «Çap mətbuatı oxucuya mətnlə müraciət edir, ancaq vizual medianın semiotikası, semantikası tamam fərqlidir. O, tamaşaçıya görüntüylə, görüntünün balansıyla, işıqlandırmayla, kadrlarla üz tutur. Telejurnalistikada vizual dil önəmlidir».

Aynur Kərimovanın sözlərinə görə, dil gerçəkliyin çatdırılma vasitələrindən yalnız biri hesab olunur. Onun fikrincə, Azərbaycan televiziyasının vizual dili kasaddır: «İzləyicisi ilə yazılı mətnlə danışan başqa vasitələr var – saytlar, çap mətbuatı. Televiziya isə məhz vizual obrazlarla işləməyi bacarmalıdır. Bu baxımdan, görüntüyə önəm verən televiziya kanallarımız çox azdır. Biz vizual olaraq düşünməyə niyə alışmamışıq? Niyə bizim üçün söz daha önəmlidir, nəinki görüntü? Bu suallar cavabsızdır.

Televiziya xəbərinə qulaq asan dinləyici televizorun səsini alırsa, məzmun ona görüntülərlə aydın olursa, deməli, bu, yaxşı işlənmiş telexəbərdir.

Əslində, televiziya kinematoqrafiyanın davamıdır, ancaq Azərbaycan tamaşaçısında görüntülü düşüncə tərzi hələ də tam formalaşmayıb. Qonşu ölkələrin televiziya kanallarının vizual mətnləri kifayət qədər anlaşıqlı, başadüşüləndir. Son illər İran televiziyasının belə, vizual mətn baxımından çox gözəl işlədiyini görürük».

Aynur Kərimovanın fikrincə, televiziyada yazılı mətnin strukturu elə qurulmalıdır ki, xəbərin məğzi tamaşaçıya dərhal çatsın: «Televiziya üçün ssenari, kadrarxası mətn yazmağa həmişə vaxt az olur. Buna görə, dar macalda sən informasiyanı maksimum dərəcədə anlaşılan şəkildə çatdırmalısan. Kadrarxası mətndə budaq cümlələrdən istifadə edirsənsə, nəfəsini dərmədən uzun cümlələr işlədirsənsə, tamaşaçı deyilənlərin ideyasını itirir.

Bir məqam da var ki, azərbaycanlı izləyici çox vaxt lakonik dili ciddi qəbul etmir. Sadə dillə danışanda elə bilirlər primitiv dildir...»

BDU-nun kafedra müdiri Azərbaycan televiziyalarında xəbər proqramlarının dilinin canlı danışıq dilindən uzaq olduğunu bildirir: «Məncə, bu gün televiziyamızda ən böyük problem xəbər dilindədir. Televiziya kanallarımız iki qütbə ayrılıb – həddən artıq düzgün, gözəl, bəlağətli nitqlə danışan kanallar və onun əksinə, küçə dili tərzinə üstünlük verən kanallar. Küçə dili üslubu gənclik və şou proqramlarına uyğun ola bilər. Ancaq jurnalist küçə dilində yox, bütün auditoriyaya aydın olan dildə danışmalıdır. Ədəbi dillə küçə dili arasında balans tapılmalıdır.

Televiziya verilişlərinin ortaq ədəbi dili urbanlaşmış dil üslubudur – şivəsiz, avazsız, şəhər əhalisinin danışdığı dil. Şou-proqramların dili isə aparıcının hansı sosial təbəqəyə mənsub olduğunu göstərir. Elə qəliblər, elə sözlər var ki, yalnız məişət səviyyəsində işlənməlidir. Ancaq hazırkı efirdə bu, nəzərə alınmır. Jurnalistikanın danışıq dili qızıl ortanı tapmalıdır - ədəbi dillə canlı danışıq dili arasındakı orta».

Aynur Kərimova telekanalların tamaşaçı tələbatına uyğun prinsiplə çalışması fikrini qəbul etmir: «Tamaşaçı kütləsinin yedəyində getmək düzgün deyil. Auditoriyanı jurnalist, televiziya özü təyin etməlidir».

Ekspert telekanalların ideya kasadlığı çəkdiyini də vurğulayır: «Üstəlik, Azərbaycan mentalitetinə uyğun formatda verilişlər hazırlanmır. Bu gün televiziya kanallarının ən populyar ideyası çəkiliş komandasını götürüb regionlara getmək, kiminsə qapısını döyüb evinə, mətbəxinə daxil olmaq, yeyib-içməkdir. Şou proqramlarımız dedi-qodu səviyyəsindən yuxarı qalxmır. Görəsən, biz bir-birimizə ancaq mətbəx səviyyəsindəmi maraqlıyıq?»

Həmsöhbətimiz televiziya terminlərinin Azərbaycan dilində qarşılığının olmamasından da narazıdır: «Bizdə söz yaradıcılığı xeyli zəifləyib. Televiziya jurnalistikası ilə bağlı terminologiya əsasən ingiliscə olur. Ancaq Türkiyədə həmin terminlərin türk dilinin özündən doğan variantları hazırlanır. Xeyli texniki termin var ki, azərbaycanca adı yoxdur. Elementar redaksiya toplantısı ilə bağlı «pyatiminutka» termini var, biz «toplantı» deyirik, ancaq onun dəqiq və konkret qarşılığı tapılmayıb.

Dünyanın nüfuzlu media orqanlarından olan «Assoşieyted Press» (Associated Press) agentliyi hər il «Associated Press Style Book» adlı toplu buraxır. Jurnalist yazı hazırlayanda həmin kitabçadan sözlərin düzgün yazılış qaydasını götürür.

Bizdə də hər il media sözlüyü, mediada işlənən terminologiya lüğəti çap edilməlidir. Texnologiya ilə bağlı hər il dilimizə yeni sözlər gəlir, ancaq Azərbaycan dilində qarşılığı yaranmır. Əcnəbi adların yazılışında da problemlər var. «Assoşieted Press»də əcnəbi adların yazılış qaydası belədir: söz olduğu kimi yazılır, mötərizədə isə həmin dildə səsləniş forması qeyd olunur. Biz də dilimizdə vahid qayda müəyyən etməliyik».