vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜSAHİB  
17:03 | 8 noyabr 2014 | Şənbə Məqaləyə 2530 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Banin elə bildi ərinin qohumlarındanam»

Hamlet Qoca: «Təcrübə tərcümənin əsas şərtidir»

Leyla ƏLİYEVA, «Aydın yol» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransız ədəbiyyatının tərcüməçisi kimi tanınan Hamlet Qoca ötən əsrin 60-cı illərində hekayələri ilə ədəbiyyata gəlib. İki ölkə arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə Fransanın «İncəsənət və ədəbiyyat komandoru» ordeninə layiq görülüb. Hamlet Qoca «Aydın yol«un oxucularıyla yaradıcılıq təcrübəsini bölüşür.

Tərcüməyə başlamağımın səbəbi

 

60-cı illərdə bədii ədəbiyyatla fəal məşğul olsam da, o zamankı Xarici Dillər İnstitutunun fransız dili fakültəsində oxuyanda yaradıcılıqdan uzaqlaşdım. Tələbəlik illərimdə Gi de Mopassanın hekayələrini, fransız lətifələrini oxuyub ləzzət alır, həm də təəssüflənirdim ki, bunları ancaq mən oxuya bilirəm. Tərcüməyə başlamağımın səbəbi bu oldu.

Hələ orta məktəbdə oxuyanda şeirlər, yumoristik hekayələr yazırdım. Bir neçə hekayəm də çap olunmuşdu. Bəzən məndən soruşurlar ki, niyə öz yaradıcılığını kənara qoyub ancaq fransız ədəbiyyatı ilə məşğul olursan? Deyirəm: «Mən hekayə, roman yazıb, get-gedə artan Azərbaycan yazıçılarının sırasına düşə bilərəm, amma fikrimcə, fransız ədəbiyyatının gözəl nümunələrini seçib dilimizə çevirməklə oxuculara və mədəniyyətimizə daha artıq xidmət göstərirəm».


Yatağımın altından ilan-qurbağa çıxırdı


60-cı illərdə SSRİ Afrika ölkələrinə kömək edirdi. Sovet İttifaqı «qara qitə»dəki ölkələrə mal satır, onları özündən asılı vəziyyətə salır, sonra da bu asılılıq hesabına BMT-də onların səsini qazanırdı.

Həmin illərdə sovet hökuməti azərbaycanlı tərcüməçilərdən çox istifadə edirdi. İnstituta müraciət gəlir, gənc kadrlar tələb olunurdu. İstedadlı tələbələr həmin təşkilatlara göndərilir və sınaqdan keçirdilər.

İlk işlədiyim ölkə Mali Respublikası oldu. Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsində çalışanda Bakıdakıların bir ilə qazandığını bir aya qazanırdıq. Qərbi Afrika ölkələrinin, demək olar, hamısında olmuşam.

Afrikada yaşamaq, ora uyğunlaşmaq çox çətin idi. Böyük evlərdə qalırdıq, qapı-pəncərə bağlı olsa da, səhər oyananda görürdün yatağının altından ilan-qurbağa çıxır. Həmin ölkələrdə qazandığım təcrübə və xatirələrdən dörd kitab yazmışam: «Tam-tamlar ölkəsində», «Afrikada gördüklərim», «Üç Afrika səfəri» və «Fransızlar yurdum haqqında».

 

Müəllimimiz yaşlı rus qadını idi

 

Fransız dili kursunda 30 gənc idik, onların arasından cəmi 3-4 nəfər peşəkar tərcüməçi kimi yetişdi və xarici ölkələrə göndərildi. Kim dili öyrənməyə çalışır, işinə daha çox can yandırırsa, peşəkar ola bilir.

Müəlliməmiz yaşlı rus qadını idi, azərbaycanca çox pis bilirdi. Buna görə biz fransız dili ilə yanaşı, rus dilini də öyrənirdik. Dərsdən sonra bizi ev oxusuna görə yarım saat saxlayırdı, biz də bir romanı hissə-hissə ona danışırdıq. Onun tələbələri həmişə yüksək intellektləri ilə seçilirdilər.

İş prosesində, təcrübədə də çox şey öyrənmişəm. Məncə, təcrübə tərcümənin əsas şərtidir.

 

Bir dəfə parlamentdə...

 

Tərcümənin ilk şərti məsuliyyətli olmaqdır. 2000-ci illərin əvvəllərində Milli Məclisin beynəlxalq əlaqələr şöbəsində müşavir vəzifəsində çalışırdım. Azərbaycanın Avropa Şurasına qəbulu ərəfəsində mərhum spiker Murtuz Ələsgərovla gərgin qrafiklə işləyirdik. Fransızdilli ölkələrdən gələn nümayəndə heyətilə görüşlərdə iştirak edirdim. Bir gündə 14-15 ölkənin parlament sədri ilə görüşür, onları bizə səs verməyə çağırırdıq.

Rəsmi dövlət qurumlarında tərcüməçi olmağın ən böyük fərqi və çətinliyi məsuliyyətdir. Tərcüməçi məsuliyyətli və diqqətli olmalıdır. Tərcümədə bəzən bircə söz hər şeyi həll edir.

Bir dəfə parlamentdə siyasi partiya təmsilçiləri ilə Avropadan gəlmiş nümayəndə heyəti görüşürdü. Qarabağ münaqişəsi müzakirə olunanda bizim siyasilərdən biri dedi ki, «onsuz da biz Qarabağı alsaq, orada bir nəfər də erməni qalmayacaq, hamısını qıracağıq». Zala sükut çökdü, özümü topladım, həmin şəxsə dedim: «Yəqin siz demək istəyirsiniz ki, müharibə başlasa, ermənilər öz ölkələrinə qaçaqaclar?» Özü də səhvini anladı, beləcə, düzəliş etdik. Həmin görüşdə səslənən yersiz bir cümlə ölkənin taleyinə zərbə vura bilərdi.

Təqaüdə çıxandan sonra bir müddət AzərTAc-da fransız bölməsinə rəhbərlik etdim. Fransız dilində bir sözün iki fərqli mənası var: yoluna qoymaq və çoxaltmaq. Avropa Şurası rəsmisi çıxışı zamanı demişdi: «Qarabağ münaqişəsini yoluna qoymağa çalışacağıq». Tərcüməçi bu sözü «çoxaltmaq» kimi tərcümə etmişdi. Məsuliyyət hiss etmədən tərcümə işinə girişmək olmaz.

 

Baninin kitabından bir-iki məqamı çıxardım

 

Ötən əsrin 80-ci illərinin ortalarında SSRİ-nin YUNESKO-dakı nümayəndəsi Ramiz Abutalıbovun vasitəsilə məşhur yazıçı Baninlə tanış oldum. Musa Nağıyevlə Şəmsi Əsədullayevin nəvəsi olan bu xanımın yaradıcılığını öyrəndim, «Qafqaz günləri» romanını oxudum. Kitabın tərcüməsinə başlayanda Baninə məktub yazıb oxucu qınağı və senzuranı nəzərə alaraq, bir-iki məqamın çıxarılması üçün icazə istədim. Təəssüflənsə də, razılıq verdi, «Paris günləri» romanını da mənə göndərdi.

1988-ci ildə birinci əsəri 2-3 aya həvəslə tərcümə edib çapa göndərdim. Amma nəşriyyatdakı vəziyyətə görə çap ləngidi. Banin kitabı həsrətlə gözləyirdi, deyirdi ki, Almaniyada bir dostum var, romanın azərbaycanca çıxmasını gözləyir ki, almancaya da tərcümə eləsin.

1992-ci ildə kitab çap olunanda Banin artıq rəhmətə getmişdi.

Maraqlıdır ki, Baninin ayrıldığı ərinin soyadı da mənim soyadım kimi Qocayevdir. Əslən Gürcüstandan olan həmin adam Baninin atasını türmədən çıxarıb, ailəsini xilas edib, amma qız onu sevə bilməyib. Mən ona birinci dəfə məktub yazanda qorxmuşdu, yazmışdı ki, özünüz, ailəniz haqda ətraflı məlumat verin. Axırda başa düşdü ki, mənim o qocayevlərlə heç bir əlaqəm yoxdur və sevindi.

 

Ürəyimdə fransızca şeirlər «yazıram»

 

Ümumilikdə 14 tərcümə kitabım var. Mopassanın hekayələrini, Jorj Simenonun «Malular ailəsi», Fransuaza Saqanın «Salam, qüssə», Ann Filipin «Bir göz qırpımı», Nikol Villelmanın «Samba və Kinaro», Andre Moruanın «Fəslin çiçəkləri», Kamünün «Taun» romanlarını dilimizə çevirmişəm.

Fransız dilinə tərcümə etdiyim əsərlər onlarla  müqayisədə xeyli azdır. Azərbaycan nağıllarını çevirmişəm, hələ nəşr olunmayıb. Məşhur fransızların Azərbaycan haqda sözlərini toplamışam. 30-40 il ərzində müxtəlif kitablardan yığdığım dəyərli fikirlər var...

Həmişə bizə deyirdilər ki, ruslar sizə mədəniyyət gətirib. Elə mətnlər seçirdim ki, orada fransız səyyah azərbaycanlı arabaçının erməni notariusdan daha mədəni və insanpərvər olduğunu yazır.

Aleksandr Dümayla birgə ölkəmizə gəlmiş Moyne adlı rəssam bu səfər haqda kitab yazıb. Fransalı dostum həmin kitabı Paris kitabxanasından tapıb gətirdi. Moyne yazır ki, ikinci bir vətən seçmək imkanım olsaydı, Şəkini seçərdim...

Molla Nəsrəddinin lətifələrindən 40-nı fransız dilinə çevirmişəm, hələ də çap olunmayıb. Mənim üçün qonorar elə bir əhəmiyyət daşımır, əsas məsələ Azərbaycanın və azərbaycanlıların mənəvi qazancıdır. İllər boyu həvəslə fransızcadan çevirdiyim 14 kitab üçün aldığım əmək haqqını hesablasam, avropalı tərcüməçinin bir kitabı çevirməyə aldığı qonorardan az olar. Mən bu işi təmənnasız və xoş niyyətlə görmüşəm.

Fransız dili çox zəngin, axıcı dildir. Ürəyimdə fransızca şeirlər «yazıram», amma onları dilimizə çevirəndə çətinlik çəkirəm.

Tərcümə zamanı düşünmüşəm ki, elə bil Mopassan bu cümlələri azərbaycanca yazıb, indi mən fransızca oxuyuram. Saqanın da dili belə axıcı və doğmadır.

Tərcümə elədiyim kitabların, demək olar, hamısını özüm seçmişəm. Sifarişlə ancaq nəşriyyatda işləyəndə iki kitab çevirmişəm. «Gənclik» nəşriyyatında çalışanda öyrəndim ki, nəşriyyatın çap planına iki fransız müəllifin kitabı - Andre Moruanın hekayələri və Ann Filipin «Bir göz qırpımı» əsəri salınıb, özü də kitabları rus dilindən tərcümə etmək nəzərdə tutulub. Əsərlərin orijinallarını tapıb çevirdim.

Bütün bədii mətnlərin orijinaldan çevrilməsinin tərəfdarıyam...