vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
22:16 | 30 noyabr 2014 | Bazar Məqaləyə 2470 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin Ankaraya dövlət səfəri

Ziddiyyətlər və ortaq maraqlar...

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabah - dekabrın 1-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə dövlət səfərinə gedir.

Virtualaz.org saytı xəbər verir ki, Putinin səfərində məqsəd Türkiyə-Rusiya strateji tərəfdaşlıq Yüksək Şurasının Ankarada keçiriləcək toplantısında iştirak idi. Ancaq Türkiyə tərəfinin istəyi ilə səfərə ən yüksək status - dövlət səfəri statusu verilib. Bundan əvvəl Putin sonuncu dəfə 2013-cü ildə Ermənistanda dövlət səfərində olmuşdu.

Bu səfər hər iki tərəf üçün xeyli önəmlidir. Tərəflər arasında ciddi siyasi fikir ayrılıqları var, ancaq hər iki tərəf bu fikir ayrılıqlarını bir kənara qoyaraq münasibətlərin inkişafına nail olmağa çalışır.

Proqrama görə, Vladimir Putin əvvəlcə prezident Rəcəb Tayyib Ərdoğanın Ankaradakı yeni sarayında onunla təkbətək görüşəcək, daha sonra strateji tərəfdaşlıq üzrə Yüksək Şuranın 5-ci toplantısına qatılacaq. Toplantıda Rusiya ilə Türkiyə arasında münasibətlərə dair geniş spektrdə məsələlər müzakirə olunacaq. Bura ticarət-iqtisadi və energetika sahəsində əməkdaşlıq da daxildir.

Bəs Türkiyə ilə Rusiya arasında beynəlxalq məsələlərə dair hazırda mövcud olan ciddi fikir ayrılıqları tərəflərin münasibətləri dərinləşdirmək səylərinə təsir edəcəkmi?

Şübhəsiz ki, Moskva və Ankara Qara dəniz regionunda və Yaxın Şərqdə iki mühüm siyasi oyunçudur. Özü də bu regionlarda mövcud olan və beynəlxalq ictimaiyyətin diqqətini özünə cəmləyən gərginlik ocaqlarına dair tərəflərin bir-birinə tamamilə zidd mövqeləri və maraqları var.

Bunlardan birincisi Suriya böhranıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya diktatoru Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılmasında israr edir. Vladimir Putin isə Əsədin bir nömrəli müttəfiqi, 3 ildən çoxdur davam edən qanlı vətəndaş müharibəsinə baxmayaraq onu hələ də hakimiyyətdə saxlayan əsas gücdür.

Əsədin Putinin sayəsində hələ də hakimiyyətdə qalması və yüz minlərlə suriyalını qətlə yetirərək hazırda dünyanın ən qorxunc terror birləşməsinə çevrilmiş İŞİD-in meydana çıxmasına gətirib çıxaran qəddar siyasəti Türkiyə üçün ciddi təhdidlərə, iqtisadi və təhlükəsizlik problemlərinə səbəb olub. Türkiyə 2 milyondan çox suriyalı qaçqına sığınacaq verib, İŞİD isə indi Türkiyə sərhədinin 25 metrliyində kürd birləşmələri ilə döyüşür.

Ankara ilə Moskvanın bir-birinə zidd mövqedə olduğu digər məsələ Ukrayna böhranıdır. Türkiyə Krımın ilhaqını pisləyir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin Türkiyə Krımın Rusiya tərəfindən ilhaqına qarşı çıxan tatarları dəstəkləyir. Bu günlərdə Krım tatarlarının lideri Mustafa Cəmiloğlu Ankarada olub, o cümlədən prezident Ərdoğan tərəfindən qəbul edilib.

Analitiklərə görə, tərəflərin eyni cür düşünmədiyi digər məsələ Qarabağ münaqişəsidir. Türkiyə bu məsələdə Azərbaycanın tərəfindədir və hesab edir ki, Rusiya münaqişənin həlli üçün Ermənistana kifayət qədər təsir göstərmir.

Ankaradakı USAK analitik mərkəzinin vitse-prezidenti Kamer Kasim “Alman dalğası”ına müsahibəsində deyir ki, Putinin səfəri zamanı tərəflərin bu kəskin məsələlərə dair fikir ayrılıqlarını aradan qaldıracaqları gözlənilmir.

Ekspertin qənaətinə görə, tərəflər fikir ayrılıqlarına səbəb olan məsələlər üzərində çox dayanmayıb ticarət-iqtisadi və energetika sahəsində əməkdaşlığı dərinləşdirmək üzərində işləyəcəklər.

Siyasi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq Türkiyə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmadı və bu da Putini məmun edir.

Ankaraya səfəri ərəfəsində “Anadolu” agentliyinə müsahibə verən Putin Türkiyənin bu davranışından razı qaldığını bildirib. Onun sözlərinə görə, Türkiyə ağıllı siyasət yürüdərək başqalarının siyasi oyunlarına qoşulmadı. Putin Türkiyənin bu addımını “uzaqgörən və müdrik” adlandırıb.

Türkiyə Qərbin sanksiyalarına qoşulmamaqla Rusiya bazarına çıxış imkanlarını da saxlamış olur. Avropadan kənd təsərrüfatı məhsullarınn idxalına qadağa qoyan Rusiya məmnuniyyətlə Türkiyə istehsalçılarını boşalan yeri tutmağa  dəvət edir. Türkiyə isə Yaxın Şərqdəki böhranlar üzündən itirdiyi bazarı Rusiyanın hesabına doldurmaq üçün yaxşı fürsət əldə edib.

Bununla belə son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsində azalma müşahidə edilir. Türkiyədən Rusiyaya ixrac edilən malların həcmində azalma var. İki ölkə arasında mal dövriyyəsinin həcmi 2013-cü ildə 34 milyard dollara yaxın olub. Putin bəyan edir ki, hədəf 100 milyard dollarlıq mal dövriyyəsinə nail olmaqdır. Bunun üçün ticarət əlaqələrində geriləməni dayandırmaq lazımdır.

Digər tərəfdən, Türkiyə dünya bazarlarında neftin ucuzlaşmasını əsas gətirərək Rusiyadan aldığı qazın qiymətinin aşağı salınmasına çalışır. Ötən həftə enerji naziri Taner Yıldız bu barədə danışıqlar aparmaq üçün Moskvada olub. Türkiyə qaza olan tələbatının 65 faizini Rusiyadan idxal hesabına ödəyir.

Bu baxımdan “Qazprom”un qiyməti aşağı salması Türkiyə üçün çox mühümdür. “Qazprom” isə bildirir ki, qiymətin aşağı salınmasına kompleks şəkildə baxmaq, eyni zamanda Rusiyadan Türkiyəyə qaz nəqlini artırmaq lazımdır. Əgər bu məsələdə anlaşma əldə edilsə, Putinin Ankaraya səfəri zamanı elan ediləcək.

Lakin Putinlə Ərdoğan təkcə iqtisadi-ticarət əməkdaşlığını müzakirə etməyəcəklər. Rusiyanın Qərblə yeni “soyuq müharibə”yə daxil olduğu bir vaxtda Putin üçün Avrasiya regionunda Türkiyə kimi mühüm müttəfiq qazanmaq çox mühümdür. Suriya, Ukrayna məsələlərinə dair mövcud olan ziddiyyətlərə baxmayaraq Rusiya Türkiyəni öz tərəfinə çəkə biləcəyinə ümid edir.

NATO üzvü olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın anti-Qərb ritorikasını Moskvada diqqətlə izləyirlər. Bəzən Ərdoğan Qərb haqda Putindən daha sərt danışır. Onunla ABŞ prezidenti Barak Obama arasında münasibətlərin çoxdan pisləşdiyi də məlumdur.

Deməli, ciddi fikir ayrılıqlarına baxmayaraq Rusiya və Türkiyə liderlərini birləşdirən ortaq nöqtələr də var. Bu baxımdan Putin mümkün olan qədər Ərdoğanı öz tərəfinə çəkməyə çalışacaq.

Putinlə Ərdoğanın danışıqlarında heç şübhəsiz ki, Qarabağ məsələsinin də müzakirə olunacağını gözləmək lazımdır. Ola bilsin bu, detallar üzrə danışıqlar olmasın, epizodik xarakter daşısın. Ancaq Türkiyə ilə Rusiya arasında geosiyasi yaxınlaşma üçün Qarabağ münaqişəsinin nizamlanması heç də axırıncı rol oynamır.