vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
22:00 | 19 dekabr 2014 | Cümə Məqaləyə 2582 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın çevriliş planları...

Rəsmi qəzetdəki sərt məqalədə Fərhad Əliyev və keçmiş səfir Rino Harnişin Bakıdan qaçmasından danışılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün dekabrın 19-da rəsmi dövlət qəzeti «Azərbaycan» ABŞ-la münasibətlərə dair geniş redaksiya məqaləsi ilə çıxış edib. Məqalə ABŞ mətbuatında son zamanlar insan haqları və demokratiya bəhanəs altında Azərbaycana qarşı aparılan təhqiramiz kampaniya, habelə Vaşinqton rəsmilərinin və Amerika QHT-lərinin bəyanatlarından bəhs olunur. Bu siyasətin davam edəcəyi halda münasibətlərin gələcəyinin sual altında qala biləcəyi deyilir. Virtualaz.org həmin məqaləni ixtisarlarla təqdim edir.

***

 

Vaşinqton Bakını əmrlərlə idarə etmək istəyirdi...

 

Qəzet yazır ki, Azərbaycan müstəqillik illərində müntəzəm olaraq Qərbin ikili standartları ilə üz-üzə qalıb. Vaxt keçdikcə aydın olub ki, bu yanaşmanın kökündə müxtəlif xarici dairələrin, xüsusilə ABŞ-ın geosiyasi və strateji maraqları durur. ABŞ-da bəziləri düşünürlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da Vaşinqtonun cızdığı çərçivədən kənara çıxmamalıdır. Yəni rəsmi Bakı yalnız tapşırıqlar yerinə yetirməlidir.

Məsələn, Azərbaycan təbii sərvətlərinin bölgüsünü və ixracını Vaşinqtonda müəyyən edilmiş qaydada həyata keçirməlidir. Dağlıq Qarabağın müqəddəratı heç bir müdaxilə olmadan Vaşinqtonda həll edilməlidir və Azərbaycan da istənilən nəticə ilə razılaşmalıdır. Azərbaycanın xarici siyasəti Amerikanın istək və arzuları ilə tam uyğunlaşdırılmalı, ayrı-ayrı ölkələrlə münasibətlərinin konturları Dövlət Departamenti tərəfindən təyin edilməlidir. Hakimiyyət seçimi hüququ Azərbaycan xalqına deyil, Ağ Evə məxsus olmalıdır.    

«Azərbaycan» yazır ki, Vaşinqtonun bu siyasəti tamamilə yanlışdır. Çünki Azərbaycan artıq sübut edib ki, müstəqil dövlət olaraq daxili və xarici siyasətini, beynəlxalq əlaqələrini özü müəyyənləşdirir və bunun üçün hansısa güc mərkəzinin, kənar qüvvənin məsləhətlərinə ehtiyac görmür.

«Azərbaycan heç bir halda öz ərazi bütövlüyündən imtina etmək niyyətində deyil və beynəlxalq hüquqa, ədalət prinsipinə arxalanaraq, bu yolda istənilən təzyiqə cavab vermək gücündə və əzmindədir. Azərbaycan xalqı hesab edir ki, hakimiyyət seçimi onun müstəsna hüququdur və hansısa paytaxtların rəsmi dairələrində deyil, məhz Azərbaycanda, onun iradəsinə uyğun, seçki yolu ilə müəyyən edilməlidir. Azərbaycan iqtidarı xalqın seçiminə hörmətlə yanaşır və bundan sonra da məhz belə olacaqdır» - qəzet yazır.

 

Azərbaycan Qərbdən və dəyərlərindən imtina edibmi

 

Məqalədə deyilir ki, ABŞ-ın bəzi dairələri Azərbaycan artıq Qərbi və onun dəyərlərini «inkar etmək» yolunu tutduğu haqda rəy yaratmağa çalışır. İddia edilir ki, Azərbaycan nə Avropa məkanına inteqrasiyada maraqlı deyil, nə də Vaşinqton və onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək istəyir. «Bəlkə bu səbəbdən Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilən «The Washington Post» qəzeti başda olmaqla bəzi Qərb KİV-lərində Azərbaycanın əleyhinə heç bir tərəfdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan, namərdcəsinə yazılan (və ya yazdırılan) qondarma materialların sayı durmadan artır. ABŞ-ın dövlət büdcəsindən maliyyələşən «Human Rights Watch», «Freedom House»və digər bu kimi təşkilatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Təkcə ABŞ mediası və təşkilatları deyil, həm də Avropanın bir sıra vətəndaş cəmiyyəti institutları və media orqanları Azərbaycana qarşı əsl səlib yürüşünə təhrik edilir» –qəzet yazır.

 

Bakı səmimi olub, Vaşinqton isə...

 

«Azərbaycan» göstərir ki, ikitərəfli münasibətlərin formalaşmasından bu yana Bakı həmişə səmimi olub, müxtəlif istiqamətlərdən yönəlmiş təzyiq və təhdidlərə baxmayaraq, əməkdaşlıq əlaqələrini inkişaf etdirib və ümumi işə öz töhfəsini verib: «Bəs  bunun qarşılığında nə alıb? Qərb də Azərbaycanla münasibətlərində səmimi olmağı bacarıbmı? Cavab birmənalıdır: YOX!»

Məqalədə deyilir ki,  1990-cı illərin ikinci yarısından etibarən ABŞ-ın müəyyən dairələri Azərbaycanla bağlı müxtəlif bədbin ssenarilər hazırlamağa və həyata keçirməyə başlıdılar. Ümummilli lider Heydər Əliyevin vəfat etdiyi 2003-cü ildə bu ssenarinin ilk konturları özünü açıq şəkildə büruzə verməyə başladı.

 

Rino Harnişin məğlub olub Bakıdan qaçdı

 

Həmin illərdə əvvəlcə Serbiyada, sonra isə Ukrayna, Gürcüstan və Qırğızıstanda rəngli inqilablar vasitəsilə hakimiyyət çevrilişləri həyata keçirildi.  2005-ci ildə də ABŞ-ın səfiri Rino Harnişin rəhbərliyi ilə bu bədniyyətli ssenarinin Azərbaycanda reallaşdırılması istiqamətində addımlar atıldı. Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar.

Radikal müxalifəbaşçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və «hakimiyyətdaxili müxalifət» olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələmtələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu.

 

«Ərəb baharı» ssenariləri, Aleks Qriqoryevs və digərləri

 

Məqalədə deyilir ki, aradan bir neçə il keçdikdən sonra hakimiyyət çevrilişləri və inqilabların yeni ssenarisi ərəb dünyasını titrətdi. Bu dəfə proses «ərəb baharı» adını aldı. Tunus, Misir, Liviya, Yəmən, Suriya kimi dövlətlərdə baş vermiş qarşıdurma və hərbi əməliyyatlar nəticəsində minlərlə insan qətlə yetirildi, milyonlarla insan isə baş götürüb öz ölkəsindən qaçmağa məcbur oldu. Bu gün də həmin ölkələrdə iqtisadi tənəzzül, sosial gərginlik, vətəndaş qarşıdurması səngimir. Hesab etmək olar ki, həmin dövrdə baş vermiş bəzi hadisələr «ərəb baharı»nın mexaniki şəkildə Azərbaycana köçürülməsi məqsədini güdüb.

2012-ci ilin martında Quba və 2013-cü ilin yanvarında İsmayıllıda təşkil edilmiş iğtişaşlar dünyaya «xalq üsyanları» adı altında sırındı, radikal müxalifət və «5-ci kolon» təşəbbüsü ələ almağa və prosesləri idarə etməyə çalışdılar. Bu baxımdan REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun dərhal İsmayıllıda peyda olmaları heç də təsadüfi xarakter daşımırdı. 2013-cü ilin dekabrında isə Azərbaycanda çevrilişin Tunis ssenarisi təcrübədən çıxarıldı. Qarabağ müharibəsi əlili Zaur Həsənov özünə od vurub yandırdı, radikal müxalifət, «5-ci kolon» və xarici təşkilatlar dərhal anti-Azərbaycan isteriyasına start verdilər.

Ekspertlər hesab edirlər ki, 2013-cü ilin yanvarında radikal müxalifət partiyalarının fəalları olan bir qrup başıpozuq gəncin «əsgər ölümünə etiraz» aksiyaları və «molotov kokteyli inqilabı» da Ukraynadan əvvəl Azərbaycanda sınanmış və iflasa uğramış ssenari olub. Bu aksiyaların əsas təşkilatçısı olan ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorevs isə hesabından çıxardığı 2 milyon dolların hansı məqsədlərə xərcələndiyinə dair heç bir izahat verə bilməyərək, biabırçı şəkildə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı.

 

Sürix protokolları

 

Qəzet onu da yazır ki, 2008-ci ildən başlayaraq Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı ABŞ Administrasiyasının rəsmi Ankaraya ciddi təzyiqlər göstərdiyi məlumdur. Həmin dövrdə Azərbaycanın arxasından aparılan danışıqlar həm də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını, qarşılıqlı münasibətlərin tənzimlənməsini nəzərdə tuturdu. Təbii ki, bu proses Azərbaycan və Türkiyə ictimaiyyətində geniş rezonans və hiddət doğurdu, AKP hakimiyyəti iki qardaş xalqın birgə maraqlarını nəzərə almağa dəvət olundu.

Prosesin ciddi narahatlığa yol açan istiqamət üzrə cərəyan etdiyi 2009-cu ilin aprelində ABŞ Prezidenti B.Obamanın Türkiyəyə iki günlük rəsmi səfəri də birmənalı qarşılanmadı. Ancaq səfərin Azərbaycan ictimaiyyəti üçün ən maraqlı tərəfi əvvəlcə ABŞ-ın o vaxtkı Dövlət katibi xanım Hilari Klintonun, sonra isə Prezident Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi təkidlə Türkiyəyə dəvət etməsi oldu. Sirr deyil ki, Türkiyədə Azərbaycan və ABŞ prezidentlərinin görüşünün təşkil edilməsi və İlham Əliyevin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razı salınması üçün ciddi səy göstərilirdi. Əslində, Azərbaycan ictimaiyyəti İlham Əliyevin milli maraqlara zidd hər hansı addım atacağını istisna edirdi. Bunu həmin dövrdə mediada açılmış diskussiyalar da təsdiqləyirdi.

Ancaq Azərbaycan Prezidentinin ümumiyyətlə bu görüşə getməmək qərarı bir tərəfdən Azərbaycan xalqının mövqeyini ifadə etdisə, digər tərəfdən də «açılım prosesinin» təşkilatçılarını və icraçılarını şok vəziyyətinə saldı. İlham Əliyev açıq şəkildə hamıya göstərdi ki, ona təzyiq göstərmək, milli maraqlara zidd addım atmağa təhrik etmək mümkün deyil. Məhz Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyləri, onun Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin qorunub saxlanması və inkişafına böyük önəm verməsi, habelə hər iki ölkə ictimaiyyətinin, mediasının Azərbaycan Prezidentinə birmənalı dəstəyi nəticəsində bu təhlükəli presedentin qarşısı alındı. Nəticədə 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə ilə Ermənistanın xarici işlər nazirləri müvafiq protokolları imzalasalar da, bu ölkələrin parlamentləri həmin sənədləri təsdiq etmədilər.

 

Ermənistana göz yumur, Azərbaycana gələndə qərəzli şişirtməyə yol verir

 

Qəzet onu da yazır ki, rəsmi Vaşinqton, ABŞ-ın insan haqları təşkilatları Ermənistanda tüğyan edən özbaşınalığa, seçki saxtakarlığına göz yumur, bu ölkədə parlamentin, dinc aksiyaçıların gülləbaran edilməsini qulaq ardına vurur, amma Azərbaycanda az qala hansısa bir jurnalistin, QHT nümayəndəsinin qripə yoluxmasını hakimiyyətin adına yazmağa çalışırlar. Nəyə görə regionun başqa bir ölkəsində yüzlərlə «siyasi məhbusun» olmasının üzərindən sükutla keçilir, insanların təqib olunması, haqsız yerə həbsə alınması və digər bu kimi hallar barədə danışılmır, amma Azərbaycanda ən adi bir məsələ belə qərəzli şəkildə şişirdilir.

Sitat: «Sual oluna bilər ki, məgər Devid Kramer ABŞ Dövlət Departamentindən «Freedom House» təşkilatının rəhbərliyinə yalnız Azərbaycanın «təəssübünü çəkmək» üçün gətirilib?! Yaxud nədən keçmiş səfir Riçard Kozlariç yuxusunda da yalnız Azərbaycanı, özü də mümkün qədər tünd rəngdə görür? Əlbəttə, bütün bunlar sual doğurmaya bilməz. Buna görə də Əli Həsənov deyir ki, «tənqid prinsiplərə söykənməlidir... Davamlı şəkildə olmayan bir şeyi bizə məcburi qaydada qəbul etdirmək istəyirlər. Amma eyni sahədə özlərinə aid olan hüquqlardan vaz keçirlərsə, əlbəttə biz onlara cavab veririk... Biz bir-birimizə tövsiyələr, hansısa məsələlərdə məsləhət verə bilərik. Bu məsləhətləri qəbul edib-etməmək o dövlətin öz işidir. Amma hansısa bir mətbuat katibinin nümayəndəsi imperativ şəkildə deyəndə ki, Azərbaycan mütləq bunu etməlidir, bu, əlbəttə ki, qəbuledilməzdir».

 

Şantaj, təxribat...

 

Məqaləyə əsasən Vaşinqton Azərbaycanın həm regionda, həm də dünyada ikitərəfli əlaqələrini də idarə etməyə cəhdlər göstərir. Hesab olunur ki, Azərbaycan region dövlətləri ilə, məsələn, Rusiya və İranla münasibətlərini məhz ABŞ-ın maraqlarına uyğun qurmalıdır. Əgər bu cəhdlər heç bir səmərə vermirsə, növbəti mərhələdə şantaj, təxribat və dezinformasiya kimi vasitələrdən istifadə olunur.

Məsələn, bu il avqustun 23-ü İran səmasında, Nətənz nüvə mərkəzi üzərində pilotsuz kəşfiyyatçı təyyarə vuruldu və belə bir sual yarandı ki, bu təyyarə hansı ölkədən havaya qalxıb? İsrailin «Debkafile» saytı pilotsuz təyyarənin Azərbaycana məxsus olduğunu və Naxçıvandan havaya qalxdığını iddia etdi. Bunun ardınca dünyanın aparıcı informasiya agentliklərindən biri, həmçinin bəzi Qərb KİV-ləri həmin məlumatı tirajladılar. Hətta iddia olundu ki, bu, guya Azərbaycanın vaxtilə Dağlıq Qarabağ səmasında vurulmuş pilotsuz təyyarəsinə bənzəyir. Təəssüf ki, İranın hərbi dairələri də həmin məlumatların təsiri altına düşərək, öncə təyyarənin məhz Azərbaycandan qalxdığını iddia etdilər. Lakin məsələnin hərtərəfli təhlili göstərdi ki, kimlərsə bu təxribatla Azərbaycan-İran münasibətlərini süni şəkildə gərginləşdirməyə çalışır.

Bu baxımdan dekabrın 12-də və 16-da İsrailin  «Haaretz» nəşrində dərc olunmuş iki material diqqəti çəkməyə bilməz. Birinci məqalənin giriş hissəsində ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən «Azadlıq» radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsi qərəzli şəkildə şərh olunsa da, sonra müəllif məntiqi ardıcıllığı gözləmədən cari ilin avqustunda İran ərazisində vurulmuş pilotsuz təyyarə ilə bağlı mövzuya keçir. Məqsəd bu məsələni növbəti dəfə qərəzli şəkildə qabardaraq rəsmi Tehranın diqqətini cəlb etməkdir. İkinci məqalədə isə iddia olunur ki, guya Azərbaycanda insan hüquqları ilə bağlı durumun «pisləşməsi» rəsmi Tel-Əvivi çətin duruma salır.

Üstəlik, guya Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri və görüşləri İsraildə narahatlıq doğurur. Aydın məsələdir ki, bu materiallar İsrailin ən nüfuzlu mətbuat orqanlarından birində jurnalist təfəkkürünün məhsulu kimi işıq üzü görməyib. Əslində, siyasətdə belə vəziyyət çoxgedişli kambinasiyadan ibarət şahmat partiyasını xatırladır. Buna görə də məhz ABŞ-ın təzyiqi nəticəsində İsrailin bu addımı atması istisna olunmamalıdır. 

Məqalədə ABŞ-ın özündə insan haqlarının necə pozulduğu haqda faktlar sadalanır, Vaşinqtton rəsmilərinin Azərbaycan haqda son bəyanatlarına toxunulur. Qəzetin irihcmli məqaləsi bu sözlərlə bitir: «Vaxtilə Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya, əmək və insan haqları üzrə köməkçisinin müavini Tomas Melianın əvvəlcə söylədiyi, sonra isə təkzib etdiyi digər termindən istifadə edərək, tam səmimi şəkildə demək olar ki, ABŞ Azərbaycanla münasibətləri pisləşdirmək üçün özü çoxdan bəlli prinsipləri pozub və «qırmızı xəttə» çox yaxınlaşıb. Bu isə ritorik bir sual üçün ciddi əsas yaradır: ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi varmı? Bu haqda düşünməyə dəyər».