vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
14:16 | 8 yanvar 2015 | Cümə axşamı Məqaləyə 1780 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yəhudi ekspertdən Azərbaycana görə ABŞ-a etiraz

«Obama Administrasiyası bütün sahələr üzrə ABŞ tarixinin ən zəif hakimiyyətidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni ilin ilk həftəsi Vaşinqtondan Azərbaycana ünvanlanmış əsassız hücum və yalanların növbəti dalğası ilə əlamətdar olub. ABŞ dövlət katibinin əmək, demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovski «Azadlıq» radiosunun Bakı bürosuna müsahibəsində Bakı ilə münasibətlərin pisləşə biləcəyi barədə hədə-qorxu gələndən sonra erməni lobbisinin bədnam əlaltısı, «Freedom House» təşkilatının keçmiş rəhbəri Devid Kramer oyuna qoşulub.

Son vaxtlar Amerikanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının rəsmi Vaşinqton üçün strateji əhəmiyyətini və vacibliyini lazımınca dərk etməyən və anlamayan marginal jurnalist və siyasətçilərin antiazərbaycan yönümlü məqalə və bəyanatları dərc olunur.

«Əminəm ki, bu marginal jurnalistlər və marginal siyasətçilər istər geosiyasi, istərsə də strateji baxımdan nə qədər vacib ölkədən söhbət getdiyini tam anlamırlar».

Bu sözləri beynəlxalq münasibətlər sahəsində ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut söyləyib. O deyib: «Dəfələrlə təkrar etmişəm və israilli analitiklərin çoxu da mənimlə razılaşır ki, Amerikanın indiki administrasiyasının həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda dəqiq, ölçülüb-biçilmiş xarici siyasət strategiyası yoxdur. Amerikanın müdaxilə strategiyası layihələrinin əksəriyyəti bu ölkələrə guya «demokratiya və insan hüquqlarına hörmət» gətirməyə yönəlib. Əslində isə bu layihələr həmin ölkələrə və xalqlara çox böyük mənəvi və maddi ziyan vurub. Liviya, İraq, Suriyanın adını çəkmək kifayətdir. Rəsmi Vaşinqton həmin ölkələrdə demokratiyaya və insan hüquqlarına «qayğı göstərməsi» Yaxın Şərq regionunda Amerikanın xarici siyasət strategiyasının tam siyasi iflası, həmin ölkələrdə yaşayan minlərlə insanın əzab-əziyyəti və tələfatı ilə nəticələnib».

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti və onunla sıx əlaqədə işləyən, dünyanın məşhur beyin mərkəzləri ilə qarşılıqlı əlaqə saxlayan qurumlar guya görmürlər və başa düşmürlər ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun şəksiz geosiyasi və geoiqtisadi lideridir. «Postsovet Azərbaycanı artıq sübut edə bilib ki, o, zəif və asılı geosiyasi substansiya deyil, Cənubi Qafqazda mühüm rol oynayır. Azərbaycanın məsələlərə praqmatik yanaşması, dini dözümlülüyü, Azərbaycan cəmiyyətinin multikulturalizmi və tolerantlığı, regiondakı qonşuları ilə konstruktiv münasibətləri, dünyanın başqa hissələri ilə müqayisədə bu regionda diplomatiyanın qat-qat mürəkkəb olması – bütün bu amillər müstəqil Azərbaycanın təşəkkülündə və bu qədər uğurlu inkişafında mühüm rol oynayıb. Cənubi Qafqaz kimi çox mürəkkəb, geosiyasi baxımdan gərgin, birmənalı olmayan, kövrək regionda Azərbaycan rəhbərliyinin praqmatik, çevik və uzaqgörən xarici siyasətini xüsusi vurğulamaq lazımdır».

Analitikin fikrincə, bu gün dünyada, o cümlədən Amerikada ekspertlərin çoxu bir faktı etiraf edir ki, Barak Obamanın indiki administrasiyası Amerikanın bütün tarixi ərzində həm Amerika iqtisadiyyatının inkişafı, həm də xarici siyasət strategiyası baxımından ən uğursuz administrasiyadır. Qutun fikrincə, bu gün ABŞ-da ekspert cəmiyyətinin nümayəndələri Obamanın xarici siyasət strategiyası barədə çox tez-tez bu və ya digər mülahizələr söyləyirlər. Prezident Obamanın əleyhdarları indiki Amerika administrasiyasının acizliyini qeyd edir və bununla əlaqədar, Birləşmiş Ştatlar üçün böyük problemlər yaranacağını bildirirlər. Son zamanlar bu fikrin doğruluğu aşkar müşahidə olunur.

Arye Qut sual edir: «Amerika xarici siyasətinin əsas strateqlərindən biri olan Zbiqnev Bzejinski özünün «İkinci şans: üç prezident və Amerika fövqəldövlətinin böhranı» adlı kitabında bildirir ki, ABŞ-ın dünyada liderliyinin real alternativi yoxdur və dünyanın aparıcı dövlətlərinin əksəriyyəti razılaşır ki, dünyada sabitləşdirici liderə ehtiyac var. Lakin təəssüf ki, dünyanın taleyinin birbaşa asılı olduğu bu sabitləşdirici lider regionda özünün xarici siyasi davranışı üçün dəqiq və aydın strategiyası yoxdur və praktiki olaraq bu strategiya və Amerikanın xarici siyasət davranışı «ad hoc» – bir problemdən digərinə prinsipi əsasında qurulur. Buna görə də Obamanın həqiqətdə hansısa xarici siyasət strategiyasının olub-olmaması məsələsi heç də bayağı məsələ deyil. Bu baxımdan Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham etmək riyakarlıq, nəzakətsizlik və ləyaqətsizlikdir. 22 ildən çoxdur ki, bu ölkə Ermənistanın təcavüzündən əziyyət çəkir, təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq insan bu ərazilərdən qovulub. Doğrudanmı ABŞ bunları bilmir, yoxsa özünü bilməzliyə vurur. Bəlkə öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlı qaçqının elementar insan hüquqları yoxdur? Bəzən fikirləşirəm, doğrudanmı ABŞ Dövlət Departamentində Azərbaycanın ABŞ və avroatlantika strukturları ilə səmimi əməkdaşlıq etmək və strateji tərəfdaşlığı möhkəmlətmək səylərini və arzularını görmürlər? Bəlkə onlar görmürlər ki, Azərbaycan ABŞ-ın Əfqanıstanda və İraqda sülhyaratma missiyalarını dəstəkləyən, öz oğullarını bu qaynar nöqtələrə göndərən yeganə müsəlman ölkəsidir?»

Arye Qutun sözlərinə görə, Azərbaycanı «insan hüquqlarının və demokratiyanın pozulmasında» ittiham etmək və Suriyada, İraqda, Liviyada nələr baş verdiyini görməmək çox asandır. Halbuki həmin ölkələrdə demokratiya və insan hüquqları şüarları ilə hakimiyyətə gəlmiş qanlı radikal fundamentalistlər ABŞ-ın dəstəyi ilə sivilizasiyanı həqiqi mənada dağıdıblar, eyni dinin nümayəndələri bir-birini məhv edir, özü də təkcə ona görə ki, bu insanlar eyni bir dinin müxtəlif məzhəblərinə mənsubdurlar.

Arye Qut deyib: «Terrorçular artıq bunkerlərdə gizlənmirlər, onlar şəhərləri, bütöv regionları və neft quyularını ələ keçirirlər. Məhz ABŞ Dövlət Departamentinin bu regionda uğursuz və ağılsız siyasəti bumeranq effekti doğurub. İndi özlərini müdafiə edə bilməyən həmin qanlı terrorçular amerikapərəst qondarma demokratiya rejimini devirir və idarə edilə bilməyən terror xaosu törədirlər. Doğrudanmı ABŞ Azərbaycanı demokratiyanın və insan hüquqlarının pozulmasında ittiham edərək Cənubi Qafqazda da bu cür qanlı xaos törətmək istəyir?».

İsrailli analitikin fikrincə, yuxarıda göstərilən, Amerika və dünya KİV-lərində əsl antiazərbaycan vakxanaliyası və isteriya törədən marginal Amerika siyasətçiləri Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırlar.

Arye Qut deyib: «Burunlarının ucundan uzağı görməyən bu siyasətbazların qeyri-peşəkarlığı, həm Dövlət Departamentinin bəzi nümayəndələrinin, həm də vətəndaş cəmiyyətinin təmsilçilərinin hər hansı strateji təfəkkürünün olmaması bir daha təsdiq edir ki, indiki Amerika administrasiyasının bu regionda dəqiq və ciddi xarici siyasət strategiyası yoxdur. Açığını deyim ki, regionda Vaşinqtonun ən etibarlı və sədaqətli müttəfiqi olan İsrail son vaxtlar çox tez-tez Amerika administrasiyasının müxtəlif nümayəndələrinin real vəziyyəti praktiki olaraq anlamamasının şahidi olur, bu isə son vaxtlar Təl-Əviv ilə Vaşinqton arasında tez-tez kəskin dövlətlərarası böhranlar yaranmasına səbəb olur. Təəssüf ki, ABŞ Dövlət Departamentinin nümayəndələri son illər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfəsini, Ankara və Tehran tərəfdən geosiyasi təzyiqə baxmayaraq İsrail ilə qarşılıqlı strateji münasibətlərini, beynəlxalq terrorizmə qarşı mübarizəni dəstəkləməsini, bu mübarizə çərçivəsində hətta Vaşinqtonun ən yaxın dostlarının və müttəfiqlərinin də onu dəstəkləmədiyi uzun illər boyu, Azərbaycanın islam dünyasında İSAF qüvvələrinə zəruri logistika və nəqliyyat dəstəyi təqdim edən yeganə dünyəvi ölkə olmasını nəzərə almadan çox tez-tez özlərinin əsl dostlarına və müttəfiqlərinə etinasızlıq göstərirlər».

İsrailli analitikin fikrincə, bu baxımdan Azərbaycan regionun şəksiz lideri kimi özünü təsdiqləyib, sübut edib ki, onun iştirakı olmadan regionda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək olmaz.

İsrailli Analitik Arye Qut sonda deyib: «Bu gün Azərbaycan mültikulturalizm və tolerantlıq siyasəti yürüdür, bütün dünyaya göstərir ki, Azərbaycan hətta öz ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, yenə sivilizasiyalararası dialoqun əsl nümunəsi və bütün xalqların, bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı məkan olaraq qalır. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi və populyarlaşdırdığı tolerantlıq və multikulturalizm siyasəti Azərbaycan dövlətinin bənzərsizliyinin qorunub saxlanmasına, müasir, qüdrətli və güclü Azərbaycan modelinin möhtəşəm nümunəsində bu siyasətin daha da inkişaf etdirilməsinə və təbliğinə yönəlmiş strategiyanı əks etdirir».