vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ƏDƏBİYYAT  
17:59 | 31 mart 2015 | Çərşənbə axşamı Məqaləyə 1255 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Feyziyyənin «Mesaj»ı

Gənc yazar ilk kitabını təqdim etdi

Cavid QƏDİR

31.03.15 - Gənc yazar ilk kitabını təqdim etdi...

Martın 28-də «Kitabevim.az» mağazasında şairə Feyziyyənin «Mesaj» kitabının İmza günü olub. "Adiloğlu" nəşriyyatında çap olunan kitab xanım yazarın ilk kitabıdır. Kitabda onun şeirləri, esseləri və hekayələri toplanıb.

Tədbiri giriş sözü ilə açan tədqiqatçı, sənətşünas Ənvər Börüsoy bildirib ki, Feyziyyənin şeirləri bədii yaradıcılıq baxımından yeni ədəbi düşüncə prosesi deməkdir: «Çağdaş dünyada mədəniyyət və eləcə də həyatımızın bütün sahələri fəlsəfənin sinergetikası üzərində köklənib. Yəni, bədii estetik baxışların sosiallaşması prosesində şəxsiyyətlərin deyil, ideyaların sinergetik anlamı ən üstün səviyyədədir. Müasir Azərbaycan ədəbiyyatında bunun izlərini görmək olar. Xüsusilə də gənc yazarların əsərlərindən bunları duymaq çətin deyil. Biz çağdaş ədəbiyyatımızın bədii estetik dəyərlərini təəssüf ki, dərindən araşdırmırıq. 

Yeni ədəbiyyatın dəyərini incələmirik. Buna görə də sanki yaşadığımız zamanın ruhunu ictimailəşdirmək yönündə geri qalırıq. Feyziyyə xanımın yaradıcılığını yaxından izləyən bir oxucu kimi deyə bilərəm ki, onun şeirlərinin, hekayələrinin və esselərinin məzmunu bədii yaradıcılıq baxımından yeni ədəbi düşüncə prosesi deməkdir. Feyziyyə xanım ruhunu sözə çevirmək, ya da sözün ruhunu yaratmaq kimi istedada malik olan şair və yazardır. O, hadisə ədəbiyyatı deyil, daha çox hadisələrin təsiri sayəsində və duyğularında yaranmış mövzuların ruhunu yazır. "Mesaj" kitabını oxuyanda məndə yeni qənaətlər yarandı. Feyziyyə xanımın şeirlərində motivlər deyil, onun bədii deyim formasının və üslubunun imkanları valehedicidir. 

Ənənəvi ritorikadan, təsvir və ifadə formalarından tamamilə uzaq, çağdaş zəmanəmizin baxışlarında yer alan sürətin axarını görürük. Kimsəni indi nəyə görəsə heyran etmək bir qədər çətin görünür. Hər kəsin adicə internet resursları vasitəsi ilə dünyaya çıxış imkanı var. Məhz zamanın sürətini görməklə onu durdurmaq deyil, zamanın ruhuna insan duyğularının rəngini qatmaq çox çətindir. Çağdaş ədəbi prosesin və gəncliyin zamanın ahənginə uyğun tərzdə yazıb-yaratmaları, yeni ədəbi örnəkləri ortaya qoya bilmək bacarıqları onların həm də uğurları deməkdir. Feyziyyə xanım bu kitabı ilə öz istedadının ümmanın sınırlarını aşa biləcək qədər nümayiş etdirə bilib».

Daha sonra gənc yazar Sevinc Mürvətqızı, şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və başqaları çıxış edib. Çıxışlarda müəllifin yaradıcılığına, onun sözə, şeiriyyata yanaşma tərzinə müxtəlif rakurslardan yanaşmalar olub.

Ardınca müəllif söz alaraq gələnlərə təşəkkürünü bildirib. İmza günü keçirilən kitabdan, onun dörd il əvvəl çap edilməsinə baxmayaraq indi təqdim edilməsinin səbəblərindən, gələcək planlarından danışıb: «Əslində «Mesaj» 4 il əvvəl, 2011-ci ildə çap edilib. Amma çap ediləndən sonra lazımi diqqəti göstərmədim. Çapdan, kitab evlərinə paylanandan iki il sonra taleyilə maraqlandım. Zaman keçdikcə insanın düşüncə tərzi, həyata baxışı, adamlara yanaşması dəyişir. Bu səbəbdən illər sonra anladım ki, «Mesaj» rəflərdə tozlanacaq kitab deyil. Onu oxuculara tanıtmaq lazımdır». 

Müəllif qeyd edib ki, hər kitabın öz taleyi var: «Kitablar da insanlar kimidir. Onlar da doğulurlar, müəyyən məqsədə, amala xidmət edirlər, etdikləri işin qarşılığını gözləyirlər. Müəyyən bir taleyi yaşayırlar. Həyatda bizim qismətimizi hansısa fövqəlgüc idarə edirsə, kitabların da taleyini müəyyən mənada müəllif təyin edir. 
Kitabların da öz haqları var, onların haqqını tapdamaq olmaz. İnsan bəzən verdiyi qərardan peşman olur, yazdığı yazılardan məyusluq duyur. Buna görə də bəlli bir zaman konteksti lazım gəldi. Və anladım ki, bu kitab həqiqətən dəyərlidir. Onu dostlarımın, müəllimlərimin, oxucularımın ələ almasından, oxumasından utanmayacağam. Gec də olsa çalışdım ki, «Mesaj»ın haqqını qaytarım, layiq olduğu dəyəri alması üçün nələrsə etdim. Hər başladığım işdə özümə güvənirəm. İmza gününə hazırlaşanda zəng edən, əlaqə saxlayan dostlara dedim ki, öz işlərindən qalıb, narahat olmasınlar. Yəni, özəl olaraq heç kəsi dəvət etməmişəm. Ədəbi və digər dairələrdə kifayət qədər samballı adamları dəvət edə bilərdim, amma istəmədim».

Xanım yazar planlarından da söz açıb: «Mənim özümdən başqa maneəm yoxdur. Məni kiminsə çap edib-etməməsindən narahat deyiləm. Hazırda «Mesaj» ruscaya tərcümə olunur. Türkcə və ingiliscəyə tərcümə edilməsi üçün təkliflər almışam. Bundan başqa bölgələrdə imza günləri təşkil olunacaq. Rusca tərcümə hazır olandan sonra isə Rusiyada təqdimat planlayıram. Əlavə olaraq yeni kitablar üzərində işləyirəm, yaxın vaxtlarda hekayə və esselər kitabı işıq üzü görəcək. İçimdə tükənməz bir enerji olduğunu hiss edirəm. İstəyirəm ki, insanlar, insanlıq üçün nələrsə edim».

Sonda şairə oxucuları maraqlandıran sualları cavablandırıb, onlar üçün kitab imzalayıb.