vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜSAHİB  
19:42 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 1231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bəs sonra nə olacaq?»

Səməd Seyidov: «Qoy maskalarını bacardıqları qədər çıxarsınlar»

Eynulla FƏTULLAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Ann Brassör dünən İrəvanda nüfuzlu beynəlxalq təşkilatın rəhbərinə yaraşmayan bəyanatla çıxış etdi. A.Brassör rəhbərlik etdiyi quruma Ermənistanla münaqişə vəziyyətində olan iki ölkənin - Türkiyə və Azərbaycanın da üzv olması faktını nəzərə almayaraq «erməni soyqırımı»nı faktiki olaraq tanıdığını dilə gətirdi. O, 100 il əvvəlki hadisələri «vəhşilik» adlandırdı.

«Bu hadisələrin 100 illiyi ilə bağlı tədbirlər onların yada salınması, həlak olanların xatirəsinə ehtiram bildirilməsi və gələcəkdə belə hadisələrin qarşısının alınması baxımından vacibdir» - deyə A.Brassör bildirdi.

Bəs Azərbaycan parlamentarları AŞ PA prezidentinin bu çıxışını necə qiymətləndirir?

Virtualaz.org saytı bu sualla Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova müraciət edib.


- AŞ PA prezidenti faktiki olaraq «erməni genosidi»ni tanıdı. Siz Ann Brassörün bu mövqeyini necə qiymətləndirirsiniz?

- Bu, beynəlxalq təşkilatların bəzi rəhbərlərinin öz vəzifələrinin icrasına məsuliyyətsiz yanaşmasına dair daha bir parlaq nümunədir. Axı belə bir nüfuzlu beynəlxalq təşkilatın rəhbəri bu quruma üzv olan ölkələrdə baş verən hadisələrə təkcə obyektiv yanaşmaqla kifayətlənməməli, eyni zamanda öz çıxış və açıqlamaları ilə xalqların və ölkələrin yaxınlaşmasına, barışığına kömək etməlidir. Təəssüf ki, Avropadakı, o cümlədən Avropa Şurasındakı son hadisələr bəzi avropalı siyasətçilərin və məmurların, habelə dini liderlərin və ictimai xadimlərin məhz bunun əksini etdiyini göstərir.

Brassörün bəyanatı da bu proseslərin nə qədər təhlükəli və birtərəfli olduğunu göstərir. Biz AŞ PA-nın iclaslarında bu məsələləri dəfələrlə qaldırmışıq. AŞ PA rəhbərlərini qeyri-obyektiv fəaliyyətlərinə görə tənqid etmişik. Axı Azərbaycan əraziləri bu gün də işğal altındadır, orada dinc adamlar həlak olur. Bu gün bütün dünya Xocalı soyqırımından danışır. Bu gün AŞ PA rəhbərindən 100 il əvvəlki hadisələr haqda nəsə soruşurlarsa, o, qonşu xalqa qarşı soyqırımı törətmiş Ermənistanın da bu siyasətinə münasibət bildirməyə borclu idi. Cəmi bir neçə il əvvəl baş verən, bir çox ölkələr və təşkilatlar, o cümlədən Avropa Şurası tərəfindən tanınan və sübuta yetirilən Xocalı soyqırımından danışmaq mümkün və lazım ikən guya 100 il qabaq baş vermiş, daha doğrusu, baş verdiyi iddia olunan uydurma «genosid» barədə mülahizə yürütmək nəyə lazım idi?!

Təəssüf hissi ilə deməliyəm ki, bir çox təşkilatlar, o cümlədən Avropa Şurası öz mövcudluqlarının məntiqini inkar etməyə başlayırlar. Mənim Ermənistanda hakimiyyəti qəsb etmiş cinayətkar və siyasətpərdazların girovuna çevrilmiş erməni xalqına da yazığım gəlir.

Mən AŞ PA-nın yaxın günlərdə işə başlayacaq aprel sessiyasında 100 il əvvəlki hadisələrin erməni versiyasının avropalı deputatlara zorla sırınmasına yeni cəhdlərin olacağını da gözləyirəm. Lakin bu qüvvələr, bu insanlar öz yalanlarının içində nə qədər çox eşələnsələr, dünya həqiqətə bir o qədər çox meyllənəcək.

Bəli, bizim üçün çətindir. Aprelin 12-də Roma papası bəyanat verdi, səhərisi gün də Ann Brassör... Lakin gələcək yalnız bu regionda sülh və inkişaf arzulayanlarındır, xalqları öz təxribatçı bəyanatları ilə qəzəbləndirib qızışdıranların və davakarlıq toxumları yayanların yox. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti bu absurd iddiaları üzümüzə gələn sessiyada da ifşa etmək üçün əlindən gələni edəcək.

Bu kontekstdə sual yaranır: bəs Pərincək presedenti necə olsun? Avropa Məhkəməsi «erməni soyqırımı»nı rədd və inkar edən bu İsveçrə vətəndaşına verilmiş cəzanı lap elə bu yaxınlarda ləğv etdi. Görürsünüzmü, Avropa Şurasının öz daxilində də necə çarpışmalar var... Bu da qurumun dərin siyasi böhran içində olduğunu göstərir. Avropa Məhkəməsi rədd edir, AŞ PA prezidenti isə erməniləri hansısa yollarla razı salmağa çalışır.

Bütün bunlar regiondakı vəziyyəti sabitləşdirmək cəhdlərinə zərbə vurur. Bizsə başqa resept təklif edirik: dinc yanaşı yaşamaq, qarşılıqlı hörmət və keçmişin obyektiv təhlili.

 

- Ann Brassör aprelin 13-də İrəvanda dedi ki, AŞ PA-nın Qarabağa dair xüsusi hesabatı hazırlanır. AŞ PA prezidenti açıq ermənipərəst mövqedən çıxış edirsə, bu hesabat nə dərəcədə obyektiv ola bilər?

- AŞ PA hələ 2005-ci ildə - Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin o zamankı başçısı, indiki prezidentimiz İlham Əliyevin bilavasitə iştirakı ilə Qarabağa dair qətnamə qəbul etmişdi. Ermənistanın Azərbaycan ərazisində törətdiyi bütün cinayətlər həmin sənəddə öz əksini tapmışdı. Heç bir yeni sənəd özündən əvvəlki ilə, bundan əvvəl qəbul olunmuş qətnamə ilə ziddiyyət təşkil edə bilməz. İstənilən yeni sənəd əvvəlkini yalnız tamamlaya, inkişaf etdirə və bu münaqişənin yeni situasiyada dərkinə yardım edə bilər.

Lakin sizin dediyiniz məsələdə də həqiqət var. Əgər AŞ PA prezidentinin dilindən bizi məyus edən sözlər səslənirsə, kim bilir ki, onlar gələcək hesabata hansı üsullarla təsir edəcəklər?! Bununla belə əminəm ki, Avropa Şurasındakı sağlam qüvvələr obyektiv sənəd hazırlayıb təqdim edə biləcəklər. Axı bir vaxtlar «Azərbaycanda «siyasi məhbuslar» məsələsinə dair hesabatın da qəbuluna cəhd etmişdilər. Bunun axırının necə olduğunu hamımız gördük. Bu məsələni növbəti dəfə aktuallaşdırmağa, bununla da Azərbaycanı Avropa məkanından çıxarmağa səy göstərdilər, amma bu cəhdləri alınmadı. Bu gün bizim Qarabağ məsələsində gizlədəcəyimiz heç nə yoxdur. Bizim ölkəmiz işğal, təcavüz qurbanıdır. Biz heç kəsin torpağını qəsb etməmişik. Və bu münaqişənin də dinc yolla həllinə hazırıq. Qarşı tərəf isə indiki status-kvonun saxlanmasında maraqlıdır. Lakin arxayınlaşa da bilmərik. Sistematik şəkildə işləməli və obyektiv bir hesabatın hazırlanmasına kömək etməliyik.

 

- Ann Brassör Azərbaycanda hazırkı siyasi rəhbərliyi kəskin tənqid etməsi və daxili siyasi problemlərə açıq-aşkar qərəzli, birtərəfli yanaşması ilə tanınır. Belə çıxır ki, Brassör ölkəmizə qarşı əvvəlcədən tənqidi yanaşmaya köklənib və erməni tərəfinin istəyini ifadə edir...

- Burada müəyyən qədər həqiqət var. Onun bu mövqeyi təsadüfi deyil. Buradan müvafiq nəticələr çıxarmaq lazımdır. Lakin bunu da deyim ki, AŞ PA rəhbəri nə qədər nüfuzlu şəxs olsa da onun cəmi bircə səsi var. Bu qurumda Büro var, Prezident Şurası var, real həqiqəti dərk edən insanlar var. Çox güman ki, biz hələ çoxlu belə bəyanatlar görəcəyik. Bəlkə də belə daha yaxşıdır. Qoy maskalarını bacardıqları qədər çıxarsınlar. Axı onlar həqiqəti sevmirlər. Özlərini belə göstərməyə çalışsalar da...

İndi sual yaranır: bəs sonra nə olacaq? Ann Brassörün prezident kimi səlahiyyəti tezliklə başa çatır. Qəti əminəm ki, onu bir daha bu posta seçməyəcəklər. Buna fikir verin ki, belə bəyanatlarla adətən vaxtı keçən fiqurlar çıxış edir. Bu, bir növ vida sözü idi. Nə etmək olar?! Bu hadisə bizim necə adamlarla işlədiyimizi bir daha göstərdi.