vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
OLAY  
15:26 | 12 may 2015 | Çərşənbə axşamı Məqaləyə 2117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir oliqarx həbs olundu

Nizami Piriyevin əvvəl qazı kəsildi, sonra ...

Oliqarx Nizami Piriyev Bakıda həbs olunub. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, məhkəmə oliqarx barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, N.Piriyev fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, Nizami Piriyev «PNN Group» (oliqarx şirkətini familiyası, adı və atasının adının abreviaturası ilə adlandırmışdı – Piriyev Nizami Nəsib oğlu - PNN)  şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.

Bundan əlavə «PNN Group» şirkəti «De Beers» və «Hamley's» brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. «KFC» qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 «KFC» obyekti açıblar.

«PNN Group» öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.

Qeyd edək ki, Nizami Piriyev və oğlu Nəsib Piriyev 2011-ci ildə Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi tanınır.

Piriyevlər Toni Bleyeri Bakının Qaradağ rayonunda metanol zavodunun təməlqoyma mərasiminə dəvət etmiş və ona yüz minlərlə dollar qonorar ödəmişdilər. Bu qonorara görə Bleyer ölkəsində kəskin tənqidlərə məruz qaldı.

Nizami Piriyev kimdir?

Nizami Nəsib oğlu Piriyev 1958-ci, yanvarın 11-də Gəncədə anadan olub. İnşaat Mühəndisləri İnstitutunu bitirən iş adamı bir müddət Bakıda tikinti-sənaye müəssisəsində işləyib. 1992-2002-ci illərdə «PNN Arkansas Inc» neft-qaz şirkətinin prezidenti olub. 2003-cü ildən isə Rusiyanın «StroyTransGasOil» neft-qaz şirkətinin baş direktoru vəzifəsini daşıyıb. 

Baş direktor olduğu «StroyTransGASOil» şirkətinin əsas səhmdarları Rusiyanın «Qazprom» və PNN Petroleum Ltd «Nasib Coop. at GeoPhysPribor» şirkətləri olub. Nizami Piriyev «PNN Group» şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. 

2006-ci ildə Azərbaycana dönən N.Piriyev «AzMeCo»nu təsis edərək (bu şirkət «PNN Group»un əsas aktivlərinə sahibdir) reigonda ilk metanol zavodunu tikməyə başlayıb. 

ABŞ-ın Texas ştatından alınan köhnə zavodunun əsasında Qaradağda quraşdırılan və 350 milyon dollara başa gələn müəssisə 2013-cü ildən fəaliyyət göstərir. Piriyevlər bildirirdi ki, zavodun istehsal etdiyi metanolun əsas müştərisi BP şirkəti olacaq. Lakin bu günlərdə gözlənilmədən məlum oldu ki, SOCAR Piriyevlərin zavodunun xammalını - təbii qazı kəsib. Nəticədə zavod fəaliyyətini dayandırmalı olub.

Bakı ətrafında - Qaradağda tikilən müəssisə Cənubi Qafqazda ən iri metanol zavodudur. Qeyd edək ki, havaya buraxılan karbon qazını azaltmağa xidmət edən metanol zavodu hazırda dünyada çox aktual olan iqlim dəyişikliyi ilə mübarizə layihələri sırasından olan layihədir. «AzMeCO» şirkəti 2013-cü ildə Liviyanın neft sektoruna investor olaraq daxil olub, bu ölkənin neft-kimya və neft emalı zavodlarının tikintisinə dair öhdəlik götürüb.

«AzMeCo»nun rəsmi saytında verilən məlumata görə, Nizami və Nəsib Piriyevlərin Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Qazaxıstanda 7 televiziya və radiokanalını, nəşriyyat evini birləşdirən media holdinqi, Özbəkistanda ayaqqabı istehsalı biznesi var. 

Oğul Nəsib Piriyev Londonda American İnternational Universitetini bitirib. Media prodüser və biznesmendir. Nəsib atasının şirkətində maliyyə və strateji inkişaf məsələlərinə baxır. Kollektivdə kifayət qədər hörməti və nüfuzu olan bir şəxsə çevrilib. 

Bəs bu qədər uğur əldə etmiş bir biznesmenlərin həbsinə səbəb nə ola bilər? 

Mətbuatda yayılan məlumatlara görə Nizami Piriyevin adı «Cahangir Hacıyev işi» ndə hallanır. Onun həbsi məlum məsələlərlə bağlıdır. Onlar Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürülmüş pulların mənimsənilməsində ittiham olunurlar. 

Məsələ ilə bağlı AzMeCo şirkəti ilə əlaqə saxladıq.

Özünü katibə kimi təqdim edən xanım bunları bildirdi:» Mənim sizin suallarınıza cavab vermək səlahiyyətim yoxdur. Bizim mətbuat xidmətinin işçisi məzuniyyətdədir.»

Şirkətin adından danışan xanım bildirib ki, hər şey qaydasındadır: «İşlərimiz əvvəlki templə gedir».