Vaxt.Az

«Mehriban olun!»


 

Nəqliyyat Nazirliyi avtobuslarının sərnişinlərinə kaskadyor sertifikatı paylanmalıdır

«Mehriban olun!» Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir. ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə kütləvi şəkildə video və fotolar paylaşılır. Həmin videolardan birində 163 saylı sərnişin avtobusunda sərnişinlərin qapılardan salnması görünür.


Videodan göründüyü kimi, «Daewoo» markalı iritutumlu sərnişin avtobusu o qədər sərnişinlə dolub ki, insanlar artıq avtobusun qapılarından sallanıb. Bu səbəbdən avtobusun hər 3 qapısı açıq şəkildə hərəkət edir.

Əslində isə Yol Hərəkəti Haqqında qanuna görə, sərnişin avtobusları hərəkət edərkən həddindən artıq sərnişin daşıya bilməz. Qanunun başqa bir maddəsində isə avtobusların hərəkəti zamanı qapıları açıq saxlamaq qadağan edilir.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun açıqlamasında bildirib ki, belə hadisələrlə mübarizə aparılmasına baxmayaraq hələ də, özbaşınalıq edən sürücülər var.

DYP rəisi bir daha sürücülərə müraciət edərək bildirdi ki, avtobus sürücüləri daha diqqətli olmalıdırlar: «Onlar ən azı düşünməlidirlər ki, hansısa bədbəxt hadisə baş verəcəksə neçə ailədə göz yaşları axacaq».

Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov isə avtobusların belə özbaşınalıqlarının yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, nəqliyyat departamenti həmişə belə qanunsuzluqlarla mübarizə aparır. Belə sürücülər ən ağır şəkildə cəzalandırılır. Sahibkar cərimələnir.

Qeyd edək ki, sərnişin avtobusların bu və digər özbaşınalıqlarla qarşılaşan vətəndaşlar Nəqliyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Bundan başqa, bu tipli hadisələrlə qarşılaşan oxucularımız, baş verən hadisəni video və foto şəkildə qeydə alaraq, bizimlə əlaqə yarada bilər. Ümid edirik ki, həyatımızı və sağlamlığımızı təhlükə altına salan bu problemin həllində hamımız iştirak edəcəyik. Çünki baş verə biləcək hansısa bədbəxt hadisədə ola bilsin biz özümüz, yaxud da yaxınlarımız olsun.


 





09.06.2014    çap et  çap et