«Donetskdəki və Luqanskdakı vəziyyət sübut edib ki, biz rus terrorçularına qarşı mübarizə aparırıq. Terrorçu qruplarını görürük, onların rəhbərləri sabiq və ya hazırki Rusiya xüsusi xidmət orqanları işçiləridirlər. Onlar indi olduqları şəhərlərin infrastrukturunu məhv etməklə məşğuldurlar. Yerli olsaydılar, onlar heç vaxt öz doğma şəhərlərinə bu qədər zərər verməzdilər», - Klimkin çıxışında bildirib. Bundan başqa, nazir deyib ki, Rusiyaya qarşı qlobal miqyaslı etiraza ehtiyac var. Ruslar Ukrayna torpaqlarını tərk etməlidirlər və bu istiqamətdə Aİ-dən aydın tələb irəli sürülməlidir.
Aİ ilə münasibətlərə gəldikdə, Pavlo Klimkin Ukraynanın avrointeqrasiyaya tam qətiyyətli olduğunu vurğulayıb və yalnız iqtisadiyyatda deyil, insan hüquqları və ədliyyə sahələrində də zəruri islahatları aparmaq hazırlığını bildirib.
Daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran nazir demokratik Ukraynaya Avropanın dəstəyinin vacibliyini qeyd edib. O həmçinin bildirib ki, Ukraynanın cənub-şərqində vəziyyət kəskin olaraq dəyişib. Yerli əhali terrorçu-separatistlərə kinlə yanaşır və onları dəstəkləmir. Terrorçuların hələ də fəaliyyətdə olmasının yeganə səbəbi onlara Rusiyadan silah və maddi dəstəyin gəlməsidir. Ukrayna yerli əhalinin separatçılardan müdafiəsini özünə prioritet qoyur. Nazir həm də minlərlə əsirin əks olunduğu foto-şəkillərin olmasını deyib, insanların elektrik, su və qaz borularının dağıdıldığı yerlərdə pis şəraitdə yaşamağa məcbur olduqlarını bildirib.
Ukrayna xarici işlər naziri Pavlo Klimkin səfər zamanı «eunews.az»ın suallarını cavablandırıb.
- Bu gün Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri Brüsseldə toplanacaqlar. Sizin bu görüşdən gözləntiniz nədir?
- Şərq Tərəfdaşlığı ölkələrindən Ukraynanı dəstəkləməyi gözləyirik. Aİ nazirləri kimi, bütün Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Ukrayna ilə həmrəy olacaqlarına ümid edirəm.
- ATƏT nümayəndələri bildirirlər ki, qəzaya uğramış MH17 reysli təyyarənin qalıqları əvvəlkilərdən fərqlənir. Hərbi geyimli şəxslər ekspertlərin iştirakı olmadan təyyarə qalıqlarını digərləri ilə əvəz edirlər. Bu barədə nə deyə bilərsiniz?
- Qəzanın baş verdiyi ərazi hal-hazırda terrorçuların nəzarəti altındadır və bizim məqsədimiz müstəqil araşdırmanın keçirilməsinə nail olmaqdır.
- Ukrayna Ali Radası dünya ictimaiyyətini Malayziya hava yollarına məxsus təyyarənin qəzasını Rusiya tərəfindən dəstəklənən separatçıların törətdiyi terror aktı kimi tanımağa çağırır. Sizcə, dünya ölkələrinin bu çağırışa cavab verməsinə nə mane olur?
- Yalnız onu deyə bilərəm ki, qəzanın səbəbi təyyarənin terrorçular tərəfindən vurulmasıdır. Təbii ki, bu haqda daha çox məlumat əldə edəcəyik. Müstəqil araşdırmanın nəticələrini gözləməliyik.