Vaxt.Az

Yunanıstanda millətçilər güclənir


 

Papulyas «Qızıl Şəfəq»i «neo-nasist quldur dəstəsi» adlandırıb

Yunanıstanda millətçilər güclənir İyulun 24-də Yunanıstan ölkədə yenidən artan neofaşizmlə bağlı narahatlıqların arasında yeddi illik hərbi diktaturadan sonra (1967-1974) bərpa olunan demokratiyanın 40-cı ildönümünü qeyd edib. Yunanıstan prezidenti Karolos Papulyas Afinanın mərkəzində xuntanın qurbanlarını yad edərək, onların xatirəsinə ucaldılmış abidəyə çələng qoyub. O, demokratiyanı qorumağın vacibliyini vurğulayıb və demokratiyanın 2009-cu ilin sonlarında başlayan iqtisadi böhrandan sonra axsadığını deyib.

Papulyas həmçinin demokratiyanın geriləməsindən və ultra-sağ mövqedə dayanan «Qızıl Şəfəq» («Chryssi Avgi») partiyasının yüksəlməsindən narahatlığını bildirib.

«New Europe» xəbər portalına əsasən, Papulyas «Qızıl Şəfəq»i ittiham edərək, onları «nifrət yayan neo-nasist quldur dəstəsi» adlandırıb.

Qeyd edək ki, partiya parlament seçkilərinə ilk dəfə 2012-ci ildə, iqtisadiyyata qarşı göstərilən sərt etirazlardan yararlanaraq daxil olmuşdu.

Keçən il antifaşist aktivistin ölümündən sonra başlayan məhkəmə repressiyalarına baxmayaraq, partiya may ayında Avropa Parlamentinə keçirilən seçkilərdə və yerli hökumət orqanlarında mövqeyini nəzərə çarpacaq dərəcədə möhkəmləndirmişdi.

 





25.07.2014    çap et  çap et