Vaxt.Az

İntiqam Əliyev həbs olundu


 

QHT rəhbəri barəsində 3 maddə ilə 3 ay həbs-qətimkan tədbiri seçildi, Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində axtarış aparılıb

İntiqam Əliyev həbs olundu Nəsimi Rayon Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində qərar çıxarıb. Vəkil Anar Qasımlı bildirib ki, İ.Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

***

18:10

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin nədə ittiham olunduğu açıqlanıb. Vəkil Cavad Cavadov APA-ya bildirib ki, İ. Əliyevə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunub və yaxın saatlarda onun barəsində məhkəmə qərarı veriləcək.


17:09

Vəkil İntiqam Əliyevin evində prokurorluq əməkdaşlarının axtarışı bitib. Ailə üzvlərinin «Azadlıq»a verdiyi məlumata görə, prokurorluq əməkdaşları özləri ilə İntiqam Əliyevə məxsus iki bağlama sənəd, kitab, bundan başqa iki prosessor, iki «iPad», iki noutbook və suvenir xəncəri aparıblar. Axtarışlar vəkil Anar Qasımlının iştirakı ilə aparılıb.

Vəkil Cavad Cavadov «Azadlıq» radiosuna bildirib ki, axtarış yekunlaşmaq üzrədir, bir azdan İntiqam Əliyev Nəsimi Rayon Məhkəməsinə aparılacaq.

Daha sonra Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb. Vəkil Cavad Cavadovun sözlərinə görə, İ.Əliyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun təqdimatına Nəsimi Rayon Məhkəməsində baxılacaq.


***


15:09

Son məlumata görə, İntiqam Əliyev bu dəqiqələrdə istintaqdan çıxıb, polisin müşayiəti ilə axtarış aparılması üçün rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisinə aparılıb.

«Azadlıq» radiosunun müxbiri İntiqam Əliyevin ofisində axtarışlara başlandığını xəbər verir: «Axtarış İntiqam Əliyevin iştirakı olmadan aparılır. Hüquq müdafiəçisi özü ofisin qarşısında dayanan polis maşınındadır, amma prokurorluq əməkdaşları vəkilin iştirakı ilə ofisdə axtarışlara başlayıblar».

Baş Prokurorluq İntiqam Əliyevin istintaqa çağırılması ilə bağlı məlumat yayacaq. Prokurorluğun sözçüsü Eldar Sultanov «Azadlıq» radiosuna İntiqam Əliyevin saxlanması və həbs olunması barədə məlumatların doğru olmadığını deyib: «Kiminsə istintaqa ifadə verməyə çağırılması həbs deyil. Biz indi onun istintaqa çağırılması ilə bağlı məlumat hazırlayırıq və bir azdan yayacağıq».

İntiqam Əliyevin Saray qəsəbəsi, Dədə Qorqud küçəsindəki evində prokurorluq əməkdaşlarının axtarışı hələ davam edir. «Azadlıq» radiosuunun hazırda Sarayda olan müxbirinin dediyinə görə, axtarışla bağlı jurnalistlərə heç bir məlumat verilmir: «Ailə üzvlərinin iştirakı ilə axtarışlar davam edir. Məlumat aldıq ki, hüquq müdafiəçisinin özünə və övladlarına məxsus bütün kompüter və noutbookları götürmək istəyirlər. Amma hələ ki, bu məlumatı içəridə axtarış aparan prokurorluq əməkdaşlarından dəqiqləşdirə bilməmişik».


***


12:19

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.

Bu barədə «Azadlıq» radiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib. O deyib: «Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar».

Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Qeyd edək ki, bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub. Onu da yada salaq ki, Vergilər Nazirliyinin əməkdaşları İ.Əliyevin Azadlıq prospekti, 71 ünvanındakı ofisində yoxlama aparıblar. İ.Əliyev indiki hakimiyyətin qatı tənqidçilərindən biridir. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəzdindəki müxtəlif fondlarla uzun illərdir sıx əməkdaşlıq edir.

 





08.08.2014    çap et  çap et