Vaxt.Az

VİP təyyarələr olmayacaq


 

QMİ Həccə ziyarəti ilə bağlı yayılan şayiələri təkzib etdi

VİP təyyarələr olmayacaq Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə VİP təyyarələrlə gedəcəyi haqda informasiyalar əsassızdır.

Bu haqda «Turan»a Qafqaz Müsəlmanları İdarəsindəki (QMİ) mənbə bildirib. Hazırda QMİ nümayəndə heyəti Səudiyyə Ərəbistanında Həcc ziyarəti ilə bağlı Azərbaycandan çarter reysləri ilə uçuşlara dair danışıqlar aparır. Amma təyyarələrin uçuşları üzrə hələlik yekun razılıq yoxdur.

QMİ-dəki mənbə zəvvarların Həcc ziyarətinə VİP təyyarələr ilə gedəcəyi ilə bağlı yayılan xəbərləri təsadüf saymayıb. Onun sözlərinə görə, bu bir tərəfdən provokasiyaya, digər tərəfdən isə QMİ ilə zəvvarları üz-üzə qoymağa bənzəyir.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 4 min nəfərə yaxın zəvvarın gedəcəyi gözlənilir. Qiymətlər keçənilki kimi müvafiq olaraq 4100 və 3100 manat civarındadır. Qiymətlər arasındakı fərq otel və qidalanmadakı nisbi fərqlərdədir.

Həcc ziyarətinə səfərin sentyabrın 20-dən sonra başlanması nəzərdə tutulur.

 





15.08.2014    çap et  çap et