Vaxt.Az

Avropaya qapılar açıldı


 

Viza rejiminin sadələşdirilməsi qüvvəyə mindi, Azərbaycan siyasi mühacirləri geri qaytara bilər

Avropaya qapılar açıldı Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş sentyabrın 1-dən qüvvəyə minib. «Trend» xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin bu gün yaydığı məlumatda deyilir.

Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə saziş ötən il noyabrın 29-da Vilnüs sammitində, readmissiya sazişi isə bu il fevralın 28-də Brüsseldə imzalanıb. APA bildirir ki, imzalanan sazişlərdə Böyük Britaniya, İrlandiya və Danimarkanın adları yoxdur.

Yeni qaydaların tətbiqi ilə əlaqədar vizalar 10 gün ərzində, təcili hallarda isə 2 gün və daha az müddətdə veriləcək. Azərbaycan vətəndaşları üçün viza rüsumu 35 avro olacaq, lazımi sənədlərin sayı isə əhalinin bəzi kateqoriyaları, o cümlədən yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, iş adamları, alimlər və jurnalistlər üçün azaldılacaq.

«Media forum» saytının məlumatına görə, icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılması) haqqında sazişdə Azərbaycan Avropa İttifaqı ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması ilə bağlı öhdəlik götürür.

Sazişdə göstərilir ki, Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında və sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olması sübut olunan və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir.

Sazişdə bu məsələ ətrafında daha bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya edilməsi açıqlanıb, şərtlər göstərilib.

 





01.09.2014    çap et  çap et