vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
17:55 | 26 dekabr 2012 | Çərşənbə Məqaləyə 2175 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakının ünvan lövhələri...

Sovet küçə adlarının tamam silinməsinə start verilir

Dəniz, teleqraf.az

Azərbaycanın müstəqillik əldə etməsindən iki on illikdən artıq vaxt keçir. Ötən müddətdə ölkədə xeyli irəliləyiş, inkişaf olduğu danılmazdır, ancaq 70 illik dönəmin xoşağəlməz izlərini hələ də silmək mümkün olmayıb. Düzdür, keçmişin bütün lazımsız və mənasız qalıqlarını tamam-kamal yox eləmək elə də asan və tez başa gələn deyil, lakin elələri var ki, onları indiyə kimi itirə bilərdik. Aidiyyəti instansiyalar bir az diqqət göstərsəydilər indiki gənc nəsil Anaşkin küçəsini Ülvi Bünyadzadə küçəsi kimi, “Raboçi” prospektini Nobel prospekti kimi tanıyardı. Yaxud vaxtında məsələnin ciddiliyi nəzərə alınıb planlı iş görülsəydi, Xətai rayonundakı Telnov küçəsini və orada yerləşən 44-cü mənzili tapmaq üçün saatlarla vaxt itirməzdik.

Yəqin anladınız ki, bu yazıda küçələrə verilən adlar və onların nömrələnməsindən söhbət açacağıq. Amma öncə köhnə sovet dövründən miras qalmış adlardan başlayaq, sonra keçərik ünvanların ardıcıl nömrələnməsinə. Məsələ burasındadır ki, Bakının həm mərkəzində, həm də ətrafında adları hələ də dəyişdirilməmiş xeyli küçə var. Bakıda köhnə adını qoruyub saxlayan küçələrin olduğunu bilirdik, amma yazıya başlamazdan əvvəl kiçik bir şəhər gəzintisindən sonra qarşılaşdığımız mənzərədən heyrətə düşdük. Axı, bu küçələrin bir neçəsi 21 ildir müstəqil olan ölkənin paytaxtının mərkəzindədir. Özü də qatarla Bakıya gələn qonaqlar paytaxta birinci burada, Bakı Beynəlxalq və Şəhərlərarası Dəmiryolu Vağzalına ayaq basır. Misal üçün, vağzalın yaxınlığında “Droqal” döngəsi var.
Dəmir yolu vağzalının arxasında daha bir əcnəbi adda küçə - V.Plotnikov küçəsi yerləşir. Bu həndəvərdəki bir neçə ticarət obyektinin işçilərindən və sakinlərdən Plotnikovun kim olduğunu soruşduq, tanıyan olmadı.
Səbail rayonunda da sovet dönəmindən qalma küçələr kifayət qədərdir. Misal üçün, “Qazalin” dalanını, “Qornaya”, Saraykin, Nesterov küçələrini göstərə bilərik. Suraxanı rayonunda polis idarəsinin yerləşdiyi Balandin küçəsinin də adı dəyişməyib.
Digər problemli məsələ bəzi küçə adlarının sənəd üzərində dəyişməsinə və illər keçməsinə baxmayaraq, köhnə lövhələrin hələ də qalmasıdır. Buna ən parlaq nümunə kimi Xətai rayonunda yerləşən Məhəmməd Hadi küçəsini göstərmək olar. Əvvəlki “Pravsoyuz” adı lövhələrdə dəyişdirilməyib. Bu isə ünvan axtaran şəxslərin saatlarla küçələri dolaşmasına gətirib çıxarır. Bakıda onlarla belə misal göstərmək olar.
Növbəti və əsas problemlərdən biri də küçələrdə lövhə qıtlığıdır. Tutalım, kiməsə Asəf Zeynallı küçəsi, 25 ünvanda yerləşən mənzili tapmaq lazımdır. Küçəni əvvəldən axıra qədər gəzən adam onsuz da axtardığını tapa bilməyəcək. Çünki indi rəqəmlənmə küçənin bir əvvəlində olur, bir də axırında olur. Bakıda hansısa küçənin iki tərəfli olmaqla əvvəldən sona kimi nömrələndiyinə nadir hallarda rast gəlinir. Bu, sözsüz ki, ya aidiyyəti qurumların səhlənkarlığıdır, ya da büdcədən ayrılan pullara “qənaətdir”.
Daha bir problem küçəyə adı verilən şəxsi sakinlərin böyük əksəriyyətinin tanımamasıdır. Küçənin başlanğıcında və sonunda həmin şəxs barədə qısa məlumat lövhəsi yerləşdirmək yaxşı olar. Bakıda elə küçələr də var, sol tərəfi başqa, sağ tərəfi isə tamam başqa bir şəxsin adınadır. Bir tərəfi Naxçıvani, bir tərəfi isə Bülbül Məmmədov olan küçəni buna nümunə göstərə bilərik.
Növbəti çaşqınlıq yaradan məqam küçələrin adlarının qarışıq olmasıdır. Yəqin sizlər də rast gəlmisiniz ki, eyni küçədə, eyni istiqamətdə bir binanın üzərinə başqa, yanaşı binanın üzərinə isə fərqli ad yazılır. Belə küçələri Nərimanov rayonu ərazisində daha çox müşahidə etmək olar. Yeri düşmüşkən, eyni soyadın bir neçə küçəyə verilməsi də müəyyən çaşqınlıq yaradan amillərdəndir. Əldə etdiyimiz məlumata görə, hazırda paytaxtda 30-dan çox Məmmədov küçəsi var. Lövhələrin çoxunda da sadəcə soyad yazılır, bəzən heç adamın adının baş hərfi də göstərilmir. Bu isə təcili tibbi yardım işçilərindən tutmuş, sadə vətəndaşlara kimi hamının işini çətinləşdirir.
Bir sözlə, indiki Bakımızda ünvan axtarmaq samanlıqda iynə axtarmağa bənzəyir. “Droqal”, “Qazalin”, V.Plotnikov, “Qornaya”, Saraykin, Nesterov, Balandin adlarının hələ də Bakıda hansı səbəbdən qalması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət elədik.
Paytaxt meriyasının adının çəkilməsini istəməyən əməkdaşı küçələrin adlandırılması və lövhələnməsi ilə bağlı müəyyən çatışmazlıqların olduğunu etiraf edərək bildirdi ki, əvəzlənmə işi davam etdiriləcək. Onun sözlərinə görə, bu işlə Prezident Administrasiyasının humanitar şöbəsi məşğul olur: “Bəzən də elə olur ki, yerli icara hakimiyyəti müəyyən adlar təklif edir. Təsdiq olunarsa, ad sənədləşdirilir. Yəni adların verilməsi bizim səlahiyyətimizdə deyil. Bakı Şəhər İcra Hakimiyyəti küçələrə lövhələrin vurulmasına baxırdı, artıq bu iş də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə həvalə olunub. Hazırda birgə işçi qurupu yaradılıb və mövcud küçələr qeydiyyata alınaraq siyahı hazırlanır. Hazır siyahını Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təhvil verəcəyik və Bakı küçələrinin lövhələnməsi onlar tərəfindən həyata keçiriləcək”.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, onlar yalnız lövhələrin yerləşdirilməsini həyata keçirəcəklər: “Məlum olduğu kimi, bütün ölkə vətəndaşlarının, dövlət təşkilatlarının, eləcə də, biznes qurumlarının gündəlik fəaliyyətində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ünvanların dəqiq müəyyən edilməsidir. Bu səbəbdən də ölkə rəhbərliyi bu istiqamətdə bir sıra tapşırıq və tövsiyələr verib, müvafiq qərarlar qəbul edib. Ölkə başçısı 10 fevral 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi və Norveç Kadastr Təşkilatı tərəfindən Norveç hökumətinin ayırdığı qrant hesabına Yeni Ünvan Reyestri İnformasiya Sisteminin Texniki Spesifikasiyalarını hazırlamaq üçün  beynəlxalq məsləhətçi cəlb edilib. Ən müasir yanaşma və tələblər əsasında sistemin texniki əsaslandırılması və standart tələbləri hazırlanıb. Bu əsasda sistemin hazırlanması məqsədilə təcrübəli şirkətin seçilməsi üçün keçirilən tenderdə Cənubi Koreyanın SK C&C şirkəti qalib olub. Artıq sistemin hazırlanması işləri başa çatmaq üzrədir və 2013-cü ildən istifadəyə veriləcək”.
Binaların giriş konsepsiyasına əsaslanan yeni ünvanvermə qaydalarının qüvvəyə minəcəyi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlıq işlərinin aparıldığını deyən Q.Xəlilov sözlərinə belə davam etdi: “Şəhər və rayonlarımızda ünvanlar sahəsində problemlərin bir hissəsi küçə və prospektlərin adsız olması və ya əvvəlki dövrlərdə verilmiş küçə və prospekt adlarının dövrün tələblərinə uyğunlaşmaması ilə bağlıdır. Bu məqsədlə xüsusi işçi qrupları yaradılıb, onlara yeni ünvanvermə qaydaları ilə bağlı nəzəri və praktiki biliklərə dair təlimlər keçirilib.
Artıq komitə tərəfindən küçə və prospektlərə vurulacaq ünvan lövhələrinin dizaynı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bu məsələnin həllində şəhərimizin memarlıq üslub və ənənələrinə sadiqlik göstərilib. Həmin nümunələr təsdiq edildikdən sonra müasir dizaynlı lövhələrin yaxın zamanlarda Cənubi Koreyada istehsalına və respublikaya gətirilməsinə başlanılacaq”.