vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
15:42 | 4 iyul 2014 | Cümə Məqaləyə 1438 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmənə sirr verən yazılar

«Cəmiyyətdə tənqidi fikirlər səslənəndə nazirlik bunu dostyana qəbul etməlidir»

Misranə HƏSƏNZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son dönəmlər mətbuatda Azərbaycan ordusu ilə bağlı müxtəlif xəbərlər, məlumatlar yayılır. Bəzən bu məlumatların təsdiqlənməmiş, yalan informasiyalar olduğu deyilir.Modern.az bu mövzuda rəsmi şəxslər və ekspertlər arasında sorğu aparıb. Hazırda mətbuatda milli ordu ilə bağlı yayımlanan yazıları necə qiymətləndirirsiniz? Bu yazılar sizi qane edirmi? Yazılarda Azərbaycanın mənafeyi qorunurmu?


Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc: «Azərbaycan ordusunun həqiqi gücü, real potensialı, Silahlı Qüvvələr sistemində həyata keçirilən islahatlar, regional və beynəlxalq əlaqələr ümumən, ordu rəhbərliyinin qarşısına qoyduğu əsas məqsədlər bütün miqyasıyla özünü nümayiş etdirmir və bu yöndə bütün cəhdlərə, həyata keçirilən tədbirlərə rəğmən ümuminformasiya müstəvisində görülən işlər genişləndirilməlidir. Çünki hamımız nəzərə almalıyıq ki, bu gün məlumat insan hüceyrələrindən daha tez ölür, yəni xəbər məkanında rəqabət son dərəcə güclüdür. İstənilən məsələni tirajlandırmaq, xüsusilə də təhlükəsizlik xarakterli məsələləri düşmən cəbhəsinə ölümcül bir zərbə kimi vurmaq belə demək mümkündürsə, informasiya generallarını yetişdirmək, milli maraqların ən önəmli məsələləri sırasındadır. Ona görə də ordu ilə bağlı bəzən o dərəcədə təxribatçı məlumatlar dövr edir ki, insan buna nəinki təəccüblənməli olur, eyni zamanda onun çox ciddi ağrılarını və ziyanlarını hiss edir. Baxın, Naxçıvan cəbhəsində Azərbaycan ordusuna və bölgələrimizə qarşı guya həyata keçirilmiş hər hansı erməni uğurlu əməliyyatları nə qədər səhvən heysiyyatımıza, maraqlarımıza, ordunun ümumi imkanlarına qarşı bir zərbə və diversiya taktikası kimi yönləndirildi. Bu gərək idimi? Qəti şəkildə. Biz nəzərə almalıyıq ki, atdığımız hər bir addım ilk növbədə ordunun mənəvi halına, onun psixoloji durumuna təsir göstərir və deyəndə ki, ermənilər Naxçıvanda bir kəndin az qala alınması səviyyəsində uğur qazanıb, bu, avtomatik Tovuzda və yaxud da Ağdamda, düşmənlə cəmi 50 m məsafədə bir-birindən ayrılan məkanda əhval-ruhiyyə, ümumi psixologiyaya və atmosferə təsir edir. Ona görə də Müdafiə Nazirliyinin mətbuatla, ictimaiyyətlə əlaqələr qurumu yenidən komplektləşdirilməkdədir və onlar da çox fəal kommunikativ sistemləri tapıb ortaya qoymaya çalışırlar. Amma hamımız kömək etməliyik, eyni zamanda onlar da daha aktiv şəkildə cəmiyyətlə və informasiya qurumları ilə işlərini sıxlaşdırmalıdır ki, bu cür fors-major situasiyalarında məsələlər əleyhimizə çevrilməsin».

Hərbi ekspert Üzeyir Cəfərov: »Müsbət mənada da, mənfi mənada olan yazılar var. Əslinə qalsa, o yazılara Müdafiə Nazirliyi qiymət versə, daha yaxşı olar. Mənim yanaşmam ondan ibarətdir ki, aralarında yerində olmayan yazılar da olur. Bunlar Azərbaycanın müdafiəsi və təhlükəsizliyinə xələl gətirə biləcək yazılardır. Məsələn, dünən mətbuatda yenə də düşünülmədən Azərbaycan əsgərlərinin hansısa Ermənistan ərazisinə hücumu, guya postun götürülməsi göstərilir. Belə məlumatlar ziyanımıza işləyir, yəni bir qədər diqqətli olmaq lazımdır. Ermənistanın informasiya vasitələrinin yaydıqları dezinformasiya bizə daha tez yol tapır. Mətbuatımız Naxçıvanla bağlı yoxlanılmamış məlumatlar verirlər. Müxtəlif rakurslar var. Ümumiyyətlə, Müdafiə Nazirliyi bir qədər operativ çıxış etməli və bütün ordu, Silahlı Qüvvələrlə bağlı gedən (müsbət, mənfi olmasından asılı olmayaraq) yazılara reaksiya verməlidir. Çünki təəssüflər olsun ki, mətbuatda Müdafiə Nazirliyi ilə bağlı bəzi məlumatlar getdiyi halda nazirlik sanki özünü görməməzliyə vurub. Bu, təkcə Müdafiə Nazirliyinə yox, digər güc strukturlarına da aiddir. Ona görə də mən istəyərdim ki, bu boşluq aradan qaldırılsın. İstənilən halda Azərbaycan cəmiyyəti belə məsələlərə diqqətlə yanaşır və sonrakı mərhələdə Müdafiə Nazirliyi ilə bağlı, yəni cəmiyyətdə hansısa tənqidi fikirlər səslənəndə nazirlik bunu da dostyana münasibət kimi qəbul etməlidir».

Müdafiə Nazirliyinin mətbuat xidməti: »Azərbaycan Silahlı Qüvvələri haqqında KİV-də yer alan yazıların çoxluğu Müdafiə Nazirliyini qətiyyən narahat etmir. Əksinə, bu kimi materialların çoxluğunu müsbət hal kimi qiymətləndiririk. Deməli, Azərbaycan Silahlı Qüvvələri xalqımızın, ölkə ictimaiyyətinin və medianın diqqət mərkəzindədir. Yazıların çoxluğu bizi bu qənaətə gətirir ki, xalqımız ordumuzu çox sevdiyindən onun haqqında daha çox məlumatlı olmaq istəyir.

Müdafiə Nazirliyi KİV ilə münasibətləri dövlət sirlərinin qorunmasını təmin etməklə, qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurur. Lakin Müdafiə Nazirliyi mediaya tam açıq da ola bilməz. Çünki bunu xidmətin spesifikası, Azərbaycanın işğalçı Ermənistanla müharibə vəziyyətində olması tələb edir. Düşmən kəşfiyyatının ordumuz haqqında açıq mənbələrdən məlumatları toplayıb, təhlil edib, nəticə çıxarıb və əks-tədbirlər görə bilməsi ehtimalının mövcudluğunu da yaddan çıxarmamalıyıq.

Bu səbəbdən də mətbuatda yer alan bəzi yazılar, yumşaq desək, qəbul edilməyəndir. Ordumuzun mənafeyi xalqımızın və dövlətimizin mənafeyidir. Yəni Müdafiə Nazirliyi hər bir jurnalisti, sözün həqiqi mənasında, Azərbaycanın əsgəri hesab edir, onun sözünə güvənir, fikrinə hörmətlə yanaşır.

Yalnız belə olduqda bəzi qərəzli mövqelər, bəzi qərəzli yazılar, dəqiqləşdirilməmiş və şişirdilmiş informasiyalar mediada yer almayacaq, Azərbaycan jurnalistikası, bütövlükdə media Silahlı Qüvvələrimiz və xalqımızla bir yerdə ərazi bütövlüyümüzün tam bərpası və düşmən üzərində tam qələbə naminə uğurla mübarizə aparacaq».