vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
19:28 | 18 iyul 2014 | Cümə Məqaləyə 2007 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni milyarderin bank hesabları donduruldu

Həbs edilən Levon Ayrapetyan cinayətkar sövdələşmədə günahlandırlır

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvanın Basmannıy Rayon Məhkəməsi qarabağlı erməni mafioz, dünyanın ən varlı ermənilərindən biri olan Levon Ayrapetyanın barəsində 2 aylıq həbs qərarı çıxarıb. Virtualaz.org saytı xəbər verir ki, iyulun 17-də axşam keçirilən prosesdə vəkillər Ayrapetyanın 1 milyon dollar qarşılığında zaminə buraxılması barədə vəsatət qaldırsalar da məhkəmə erməni oliqarxın müstəntiqləri və şahidləri təhdid edə biləcəyini nəzərə alaraq onu zaminə buraxmayıb.

Həmçinin məhkəmənin qərarı ilə Levon Ayrapetyanın aktivlərinin bir qismi həbs olunub. Başqırdıstanın «Başneft» şirkətinin 300 milyon rubl dəyərində səhmlərinin Ayrapetyana məxsus olduğu və bu səhmlərin dondurulduğu bildirilir. İstintaq erməni oliqarxın digər aktivlərinin də dondurulmasına nail olmağa çalışır.

Xəbər verildiyi kimi, iyulun 15-də Moskvanın «Domodedovo» aeroportunda Monakodan gələn təyyarənin trapı qarşısında Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs olunan L.Ayrapetyan «Başneft» şirkətinin səhmlərinin «Sistema» maliyyə korporasiyasına satılmasına dair cinayətkar sövdələşməyə girməkdə, cinayətkar yollarla qazanılmış vəsaitlərin leqallaşdırılmasında ittiham olunur.

L.Ayrapetyanın həbsi Rusiyanın ən qanlı kriminal qruplaşmalarından olan «Kinqisepskaya qruplaşması»nın işi üzrə aparılan istintaq çərçivəsində həyata keçirilib. Bu qruplaşmaya bir neçə qətl sifariş verdiyi üçün həbs edilən keçmiş senator, L.Ayrapetyanın yaxın dostu olmuş İqor İzmestyev erməni oliqarxın bu qruplaşma ilə bağlı olduğuna dair ifadə verib.

Başqırdıstan prezidenti Murtaza Rəhimovun oğlu Ural Rəhimovun rəhbərlik etdiyi dövlət neft şirkəti «Başneft»in səhmlərinin 71,8 faizi «Sistema» korporasiyasına İ.İzmestyevin vasitəçiliyi ilə 2 milyard dollara satılıb. Bu sövdələşmədən L.Ayrapetyan da böyük məbləğ qazanıb.

L.Ayrapetyanın həbsindən sonra prokurorluq «Sistema» korporasiyasına «Başneft»in səhmlərinin alqı-satqısını qadağan edib.

«Kommersant» yazır ki, «Başneft»in satışına dair sövdələşmədə Başqırdıstan prezidentinin oğlunun da adı şübhəli şəxs kimi istintaqda yer alır. Lakin o, xaricdə yaşadığı üçün hələ istintaqa cəlb edilməyib.

Levon Ayrapetyanı isə Ural Rəhimovun cinayət ortağı hesab edirlər. İstintaqın məlumatına görə, erməni mafioz «Başneft»ə dair sövdələşmədən 50 milyon dollar «haqq» alıb, həmçinin şirkətin səhmlərinin bir hissəsi ona verilib. İstintaqın gedişində L.Ayrapetyana qarşı digər cinayətlər, o cümlədən sifarişli qətllərlə bağlı ittihamın irəli sürüləcəyi də istisna deyil.

Qarabağdakı erməni işğalçı qüvvələrinin və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma erməni rejiminin əsas sponsoru olan Ayrapetyanın bu cür biabırçı həbsi dünya ermənilərini şoka salıb.

Xəbər verildiyi kimi, Ayrapetyanın dostu, Şuşanın işğalına başçılıq etmiş erməni general Arkadi Ter-Tadevosyan onun həbsinin arxasında Azərbaycanın dayandığını iddia edib.

L.Ayrapetyanın qardaşı, onun biznesini idarə edən Vladimir Ayrapetyan isə deyib ki, bu həbs «siyasi vendettadır» və sifarişlidir.

«Mən qardaşımın həbsini siyasi qisas hesab edirəm. Qardaşım uğurlu biznesmen kimi heç vaxt varlanmaq hərisliyi xəstəliyinə düçar olmamışdı. O, qazandığı vəsaitləri vətəninin inkişafına yönəldirdi və bu da bir çoxlarına sərf etmirdi» - deyə Vladimir Ayrapetyan bildirib.

Ermənistanın siyasi elitası da L.Ayrapetyanın həbsini ermənilərə vurulan ciddi zərbə kimi qəbul edir. Baş nazir Ovik Abramyan jurnalistlərin suallarına cavab olaraq deyib ki, Ayrapetyanın həbsinin siyasi sifariş olduğuna dair məlumatı yoxdur.

«Bu gün Ayrapetyanı tuta bilərlər, sabah başqa birini. Başa düşmürəm ki, bunların mənə nə dəxli var?!» - deyə O.Abramyan əsəbi halda bildirib.

«Əgər adam qanunu pozursa və həbs edilirsə, nə edə bilərik?» - baş nazir əlavə edib.

Qondarma «DQR prezidenti»nin sözçüsü David Babayan isə L.Ayrapetyanın həbsinin «Azərbaycanda bayrama çevrildiyini» deyib.

«Birmənalıdır ki, bu hadisə Azərbaycanda bayrama çevrilib. Levon Ayrapetyan kimi iri fiqurun həbsi şübhəsiz ki, onları çox sevindirir. Azərbaycanın Ayrapetyanın həbsinə nail olmaq üçün neft dollarlarından istifadə edib-etmədiyini zaman göstərəcək» - deyə separatçıların sözçüsü bildirib.