vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜSAHİB  
16:00 | 25 iyun 2014 | Çərşənbə Məqaləyə 3417 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Elçibəy Yeltsinin kürü dolu gəmisini həbs etdirdi»

Ədalət Tahirzadə: «Tetçer Əbülfəz bəyin ona hazırlatdırdığı xalçanı qəbul etmədi»

Səbinə ƏVƏZQIZI, (hafta.az)

MÖVZU İLƏ ƏLAQƏLİ

24 iyun Azərbaycanda azadlıq və müstəqillik uğrunda Xalq Hərəkatının lideri, AXCP sədri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Yaşasaydı 76-cı ildönümünü qeyd edəcəkdi. Əbülfəz bəyin yanında bir çox silahdaşları olub. Ancaq onun özəl mətbuat katibi olmuş, Elçibəylə bağlı 7 kitabın müəllifi, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, professor Ədalət Tahirzadə xüsusi insanlardandır.


Onun Bəylə bağlı xatirələri çox maraqlıdır. Ə.Tahirzadə ilə söhbətimizdə Elçibəy barədə indiyə kimi bilmədiyimiz, bəziləri hətta bizə doğrudan sürpriz olan hadisələr barədə eşitdik. Müsahibəni təqdim edirik:

 

- İyunun 24-ü Əbülfəz Elçibəyin ad günüdür. Heç onunla birlikdə ad gününü qeyd etmisiniz?

- Bəy ad günlərini keçirməyi sevməzdi. 1999-cu ildə sonuncudan qabaqkı ad gününü isə restoranda təntənəli keçirdi. Ancaq bu ad gününü özünə görə deyil, «Azadlıq» qəzetinin yaradıcısı Nəcəf bəy Nəcəfova görə təşkil etmişdi, çünki həm onlar ikisi bir gündə - 24 iyunda anadan olublar, həm də Bəy də bilirdi ki, Nəcəf bəy çox ciddi xəstədir, bu, onun son ad günü ola bilər... Həmin ad gününə Bəyin və Nəcəf bəyin ən yaxın dostları yığışmışdı. Rəhmətlik Bəy Nəcəfi hədsiz sevirdi - onun ən çox inandığı, güvəndiyi adamdı Nəcəf bəy.

 

- Həmin məclis necə keçdi?

- Əla keçdi, ancaq balaca bir «çepe» oldu?

 

- Necə bəyəm?

- Şairlərdən biri gec gəldi və ona məxsusi yer saxlanılmadığına görə «mən öz yerimdə oturmaq istəyirəm» deyib cığallıq etdi.

 

- Ramiz Rövşən deyildi?

- Yox, Ramiz bəy elə şey etməz. O, peyğəmbər kimi adamdır. Mənə elə gəlir ki, müasir dövrün Füzulisi elə Ramiz Rövşəndir. O, böyük fikir adamıdır. Onun böyüklüyünü biz hələ dərk etmirik, çünki dağa dağın dibindən baxırıq. Dağın əzəməti ondan uzaqlaşanda görünür.

 

- Sonra nə oldu?

- Heç nə. Mehriban Vəzir ayağa qalxaraq bildirdi ki, Elçibəyin ad günündə istənilən yerdə oturmaq mənim üçün şərəfdir və hamı onu alqışladı. Həmin ad gününə Nəcəf bəy Lalə xanımla gəlmişdi. Bu, onun son ad günü oldu. 1992-ci ildə Bəy Helsinkidə ATƏM-in müşavirəsində çıxış etmişdi. O vaxt oradakı prezidentlərin hamısı birlikdə şəkil çəkdirmişdi və o, Finlandiyanın mərkəzi qəzetlərinin birində böyük və rəngli dərc edilmişdi. Mən bu fotonu əldə edib, böyüdərək çərçivəyə saldırmış və həmin ad günüdə Bəyə hədiyyə etmişdim. Sonradan öyrəndim ki, bizim dostlarımızdan biri bu hədiyyəmi heç Bəyə verməyib, aparıb öz evindən asıb...

 

- Əbülfəz Elçibəylə ilk tanışlığınız necə olub?

- 1973-cü ildə türk müğənnisi Emel Sayın ansamblla Azərbaycana gəlmişdi və bulvardakı əl oyunları stadionunda konsert verirdi. Onun ansamblındakı oğlanların hamısı uzun saç saxlayırdılar. Mən də yanımdakılara deyindim ki, bunlar necə türkdürlər ki, uzun saç saxlayırlar. Onda yanımda oturmuş Bəy dedi ki, yox, əslində elə türklər qədimdən uzun saç saxlayıblar. Elçibəylə ilk tanışlığımız orada oldu. Ancaq sonra görüşmədik. Kənddə müəllim işlədiyim zaman onun tutulduğunu eşitdim. Sonradan aspiranturaya girdim, müdafiə etdim. 1985-ci ildə Elmlər Akademiyasının «Elm» qəzetinin ilk redaktoru oldum və 1987-ci ildə ordan çıxdım, məni Əlyazmalar İnstitutuna şöbə müdiri göndərdilər. Təsadüfə baxın ki, Əbülfəz Elçibəyin və mənim şöbə müdirliyi əmrimiz eyni gündə çıxıb. Sonra eyni gündə aparıcı elmi işçi keçmişik. Bizim əsas tanışlığımız Əlyazmalar İnstitutundan başlayıb. 1988-ci ildə Elçibəy Azərbaycan Xalq Cəbhəsinin sədri oldu. Onun iş otağı uzun müddət Xalq Cəbhəsinin qərargahı idi. Buraya daha kimlər gəlmirdi?! AXC-nin möhürünü Elçibəy ilk dəfə mənim otağımda Nəcəf bəyin «Azadlıq» qəzetinin redaktor təyin edilməsi haqqında öz əmrinin üzərində basıb. Elə orada da Nəcəf bəyə məni redaktor müavini götürməyi məsləhət görmüşdü. Beləliklə, mən də ilk nömrədən Nəcəf bəyin müavini oldum.

 

- Elçibəyin rəhbərliyi dövründə hansı vəzifədə idiniz?

- Elçibəyin prezidentlik dönəmində - 1992-1993-cü illərdə mən təhsil naziri Firidun Cəlilovun müavini olmuşam. Mən yeni dərslik və proqramlar yaradılması işinə baxırdım. O zaman təhsildə dərsliklə bağlı durum təsəvvüredilməz dərəcədə acınacaqlı idi. Sovet hökuməti yıxılsa da hələ də orta məktəblərdə «SSRİ tarixi» dərsliyi keçilirdi, bütün humanitar fənlər kommunist ideologiyası əsasında idi. Elçibəy məni 12 sentyabrda nazir müavini təyin edib. Bu vaxt Azərbaycan orta məktəbinə yenə həmin dərslikləri verməyə məhkumduq. Qarşıda yeganə bir yol vardı - inqilabi çevriliş etmək! Biz Fövqəladə Elmi-Metodik Şura yaratdıq, oraya ölkənin ən savadlı və bacarıqlı alimlərini, metodistlərini və müəllimlərini cəlb etdik. Onlara maaş verdik və tapşırdıq ki, 4 aya (təsəvvür edin ha!) yeni proqram və dərslikləri yaratmalısınız. Onlar gecə-gündüz çalışdılar və vəzifələrinin öhdəsindən gəldilər. Biz də kağızın, kompüterin olmadığı bir dönəmdə Elçibəydən 110 milyon maliyyə yardımı alıb, 750 ton kağız gətirtdik, yeni «Öyrətmən» nəşriyyatı yaratdıq. 4 iyun çox şeyi yarımçıq qoydu. Biz də getməli olduq. Ancaq Allah Lidiya Rəsulovaya rəhmət eləsin, o, məsələyə əsl dövlət adamı kimi yanaşdı və görülən işləri nəinki məhv olmağa qoymadı, əksinə, daha da inkişaf etdirdi. Bu işdə Əsgər Quluyevin də müstəsna xidməti oldu.

Bəli, o zaman gerçək müharibə gedirdi, ölkəyə silah-sursat lazım idi. Elçibəy müharibənin büdcəsindən 110 milyon kəsib bizə ayırdı ki, cəbhədə vuruşan əsgər kommunist şüuru ilə düşmənə qarşı çıxa bilməz. Həmin il biz 82 adda dərslik hazırlayaraq bir çoxunu nəşr etdirdik. Böyük heyət gecə-gündüz çalışırdı. O zamanlar Yaqub Mahmudov tarix komissiyasının sədri idi. Proqram və dərslikləri o qədər ciddi müzakirə ediblər ki, bir dəfə gecə saat 2-də qapılar bağlanıb, qalıblar içəridə. Sonra binanın qarşısındakı bir ağacın budaqlarından sallanıb birtəhər binadan çıxa biliblər. Yəni həmin dövrdə milli ideologiyaya söykənən yeni proqram və dərsliklər bu cür yaranəb və bu, Elçibəy hakimiyyətinin ən böyük uğurlarından biridir.

 

- Müharibə şəraitində ordunun büdcəsindən kəsib təhsilə ayırmaq nə dərəcədə doğrudur?

- Çünki savadlı, milli qürurlu əsgər tankdan daha güclüdür. Milli təhsil istənilən ordudan güclüdür. Ona görə hesab edirəm ki, bu, tamamilə doğru siyasət idi. Kommunist şüurlu insandan bizə əsgər ola bilərdimi? Elçibəy dövründə hazırlanan dərsliklərdən Azərbaycanda 10 il istifadə edildi.

 

- Bəyin mətbuat katibi olmusunuz. Bu zamanları necə xatırlayırsınız?

- Bəyin mətbuat xidməti olan zaman dedim ki, mənim əsas missiyam sizin təbliğatınız olacaq, görüşlərinizi köməkçiləriniz də keçirə bilər. Müxbirlərlə işləmək də, mətbuat xidmətinin görməli olduğu başqa işlərdən məni mümkün qədər uzaq tutun. O da bununla razılaşdı. Beləliklə, mən indiyədək Bəylə bağlı 7 kitab ortaya qoydum. Tam cəsarətlə deyirəm ki, Azərbaycan jurnalistikası tarixində mənim Bəydən götürdüyüm müsahibələrin tayı yoxdur. Onunla 13 gecə dalbadal söhbət etmişəm. Bu müsahibələri 13 kasetdə cəmlədim. Dedim ki, Bəy, bəlkə bu müsahibənin adını 13-lə bağlı qoyaq, çünki bu rəqəm mənə düşürdü, elə Bəyin də sevdiyi rəqəm idi. Razılaşdı, müsahibənin adını «Elçibəylə 13 saat üz-üzə» qoyduq və ayrıca kitab şəklində nəşr etdik. Bu müsahibədə Bəyin nə düşündüklərini ən geniş şəkildə oxuculara çatdırmağa çalışmışam.

Mən onunla müsahibə götürəndə iki məqamı ön plana çəkirdim. Deyirdim ki, mən Sizə düşmənlərinizin vermək istədiyi sualı verəcəyəm, çünki sənin borcundur ki, düşmənlərinə cavab verəsən. Bəzən mənim suallarım onu əsəbiləşdirirdi, ancaq mən deyirdim ki, dözməlisən - mənim sənə istədiyim sualı vermək hüququm var, sənin də istədiyin cavabı vermək hüququn. «Prezident Elçibəy» kitabımın təqdimatında Ramiz Rövşən dedi ki, çox amansız müsahibsən, Bəyə bu qədər sərt suallar vermisən. İkincisi isə Bəyə deyirdim ki, gəlin siyasətdən uzaqlaşaq, məişətlə, elmlə, fəlsəfə ilə bağlı danışaq. Onun çox böyük fəlsəfi fikirləri var. Bəyin əsas fikirlərindən biri cəmiyyətdə orta təbəqəni yaradıb inkişaf etdirmək idi. O deyirdi ki, orta təbəqəsi zəif olan cəmiyyət inkişaf etməz. Elçibəy hesab edirdi ki, dövlət vətəndaşın cibinə pul qoymalı deyil, ancaq dövlət elə bir şərait yaratmalıdır ki, vətəndaşın cibi həmişə dolu olsun.

 

- Bəs sizin Bəydə bəyənmədiyiniz cəhət nə idi?

- Bəy həmişə deyirdi ki, təəssüf ki, hərbçi deyiləm. O, yetərincə cəzalandıra və mükafatlandıra bilmirdi. Heydər Əliyev isə bu məsələnin necə ola biləcəyini göstərdi və hakimiyyətinin möhkəmlənməsində bu amilin rolu yetərincə oldu. Elçibəy mənim üçün idealdır, ancaq o gərək prezident kimi bəzi insanların cəzasını vaxtında verəydi və ona sadiq olanların da mükafatını gecikdirməyəydi.

 

- Elçibəy hakimiyyəti buna görəmi yıxıldı?

- Mətbuatı izləyirəm, deyirlər ki, Elçibəy hakimiyyətini ətrafı satdı. Bu, mənim üçün gülməli söhbətdir. Elçibəyin hakimiyyəti hökmən yıxılmalı idi, çünki dünyaya onun prezidentliyi sərf etmirdi. O, Boris Yeltsinin kürü daşıyan gəmisini həbs etdirmişdi. Şəxsən özündən eşitmişəm ki, sonradan bilmişəm ki, «kürü mafiyası»nın başçısı Yeltsindir. O gəmiyə görə Yeltsin şəxsən iki dəfə Elçibəyə zəng edib. Bundan başqa, Britaniyanın baş naziri olşuş Marqaret Tetçer Bakıdan Londona qayıtdıqdan sonra rəy yaradıb ki, Elçibəy hakimiyyəti devrilməlidir. Klinton ondan tələb edirdi ki, Ermənistanla müharibəni dayandır. Süleyman Dəmirəl belə onu istəmirdi. Oradan İran, oradan Ermənistan Elçibəyə düşməndi. Daha kim qaldı ki? Elçibəy hakimiyyətini bunların istəməməsi yıxdı.

Nəcəf Nəcəfov prezident Elçibəyin müşaviri idi. O dönəmdə Bəyin təşəbbüsü ilə Tetçerin xalçası hazıranıb. Nəcəf bəy rəhmətlik mənə danışıb ki, onun müşaviri olarkən mən xalçanı Londana aparıb Tetçerə təqdim etmək üçün onun mətbuat katibi ilə əlaqə saxladım. O, məni üç həftə «gələn həftə zəng edin» deyə get-gələ saldı. Beləliklə, anladıq ki, Tetçer bizim xalçanı qəbul etmək istəmir, deməli, artıq bizim hakimiyyətin sonu çatıb. Bu hadisə 1992-ci ilin dekabr ayında baş verib.

 

- Bəyi içkiyə meyilli adam kimi tanıtmağa çalışırlar. Bu ittiham nə dərəcədə doğrudur?

- Hüseyn Cavidin «Şeyx Sənan» əsərində bir məqam var. Şeyx Sənan Xumarı sevir. Xumarın atası isə şərt qoyur ki, sən Quranı yandırmalı, şərab içməli, donuz otarmalısan. Şeyx Quranı yandıranda ətrafdakılar onu qınayır. Şeyx də deyir ki, yanan kağız və mürəkkəbdir. İçki içəndə isə Şeyx Sənan deyir ki, ariflərə olar. Yəni hər şeyin mahiyyətinə varmaq lazımdır. Sizə tam səmimi şəkildə deyirəm ki, Elçibəyin içkibazlığı düşmənlərinin qərəzli şişirtmələrinin məhsuludur. Doğrudur, bu zaman onun içmədiyi iddiasında da deyiləm. Sizə bir hadisə danışım. 1990-cı ildə 20 Yanvardan sonra elə məqam yaranmışdı ki, Elçibəy bir məsələyə «hə» desəydi, yüzlərlə insan həyatını itirə bilərdi, «yox» desəydi, yenə sonu bilinməyən hadisələr baş verərdi. Bütün məsuliyyət Xalq Cəbhəsi sədri kimi onun üzərində idi. Bu durum həmişə də mövcud olub - sədrliyi vaxtı da, prezidentliyi dönəmində də. Düşünürəm ki, belə zamanda içmək cismən mənəvi-psixoloji təzyiqi yüngülləşdirib.

Mənim tanıdığım siyasətçilər içərisində Bəy yeganə adam idi ki, Azərbaycan xalqı üçün həyatda hər şeyini qurban verməyə hazır idi. İndi isə heç bir siyasətçidə o fədakarlığın zərrəsini də görmürəm. Elçibəy bu xalqının, vətəninin vurğunu idi.

 

- Azərbaycanın qonşularla əlaqələrinin qurulduğu zaman Bəy bildirib ki, İran bizim düşmənimizdir. Bundan sonra isə İranla uzun müddət əlaqələrimiz düzəlmədi. Sizcə, bu doğru siyasət idimi?

- İranın Azərbaycana qarşı heç zaman münasibəti yaxşı olmayıb və olmayacaq. Ona görə ki, İran müstəqil Azərbaycanı həzm edə bilmir. Elçibəy İrana qarşı müsbət fikir söyləsəydi də yenə İran hakimiyyəti Azərbaycana qarşı eyni siyasəti aparacaqdı. Ona görə mən bunu doğru tənqid hesab etmirəm.

 

- Hansısa partiyadan siyasətə qayıtmaq üçün təklif almısınızmı?

- Xeyr, almamışam, heç siyasətə qoşulmaq fikrim də yoxdur. Mənim hazırda təhsil tarixi ilə bağlı gördüyüm işləri heç kim görə bilməz, buna görə də siyasət deyilən şeydən bacardıqca uzaq qaçıram.

 

- Sizcə, Bəyin indi ruhu şaddırmı?

- Bu, çox çətin sualdır. Bu gün Azərbaycan müstəqildir. Dünya ölkələri indi gözlərimiz qarşısında xarabaya çevrildiyi halda bizim ölkəmizdə əmin-amanlıqdır. Hələlik dünya əjdahalarından müstəqilliyimizi qoruya bilmişik. Belə olan halda hesab edirəm ki, Bəyin ruhu şaddır.

 

- Elçibəylə bağlı hələ mətbuatda getməyən hansısa xatirə yadınızda qalıbmı?

- Azərbaycanda hələ milli pasportlar mövcud deyildi. Elçibəy çox istəyirdi ki, Finlandiyaya gedərkən Azərbaycan pasportu ilə getsin. Pasportun üzərində isə mütləq bizim gerbimiz olmalı idi. Lakin Milli Məclis hələ bu gerbi qəbul etməmişdi. Kommunistlər buna mane olsalar da Elçibəy köhnə sovet pasportu ilə getmədi. Türkiyə onun üçün kiçik kart şəklində pasport hazırladı. Elçibəy Azərbaycanın prezidenti kimi öz milli pasportumuzla o səfərə yollandı. Ancaq o pasport yeganə nüsxə idi və indi məndədir.

Elçibəy Kələkidən gələndən sonra ATƏT-in nümayəndəsi Elçibəylə görüşə gəlmişdi, mən Bəyin mətbuat katibi, Asim Mollazadə də Elçibəyin xarici məsələlər üzrə müavini idi. Mən görüş başlayan kimi gətirib diktofonu qoydum ortaya. Asim Mollazadə mənə göz-qaş elədi ki, götür, mən də inada düşüb götürmədim. Nümayəndə də diktofonu görüb fərli-başlı heç nə danışmadı. Görüşdən sonra Asim Mollazadə coşdu ki, görüşü pozdun. Mən də Bəyə istefa verdiyimi dedim. Bildirdim ki, Bəy, görüşünüzü pozmuşam, daha sizin işlərinizi korlamaq istəmirəm. Bəy mənə dedi ki, onsuz da, o heç nə danışası deyildi. Ürəyini sıxma. Ancaq bir də diktofonu ortaya qoyma. Mən də ondan sonra diktofonu gizlətdim və Bəyin xaricilərlə bütün görüşlərinin stenoqramını əllə yazdım.

 

- Hazırkı fəaliyyətiniz nədən ibarətdir?

- Neçə illərdir Azərbaycanın təhsil tarixi üzərində işləyirəm. Son iki-üç ildə Rusiyanın, Ukraynanın mərkəzi arxivlərində çalışaraq, 1920-ci ilə qədər Azərbaycandan kənarda ali təhsil almış gənclərimizin həyatını, onların şəxsi işlərini araşdırdım. Özəlliklə «Azərbaycan müəllimi» qəzetində bu mövzuda silsilə yazılarım çıxdı. 1923-cü ildə Azərbaycanın maarif komissarı (naziri) olan Dadaş Bünyadzadə deyib ki, Azərbaycanda cəmi 63 ali təhsilli mütəxəssis olub. Onun deməyinə görə, guya biz kəmsavad millət olmuşuq və bizə savadı ruslar, kommunistlər gətirib. Mənim işim əslində bu düşüncə tərzinin tam yanlışlığını sübut etməyə yönəlib. Mənim 1920-ci ilədək (yəni Cümhuriyyətimiz yıxılıb sovet hakimiyyəti qurulanadək) dünya ali məktəblərində oxumuş azərbaycanlılar haqqında siyahımda 679 nəfərin adı var. Bu adamların əksərinin şəxsi sənədləri bu saat mənim arxivimdədir. Deməli, biz millətimiz haqqında söylənilən həqarətlərə gurultulu sözlərlə, təhqirlə yox, faktlarla cavab verməliyik. Bunun üçünsə özəlliklə arxivlərdə işləmək gərəkdir. Bilirsiniz məni nə ağrıtdı? Kiyevdə Kommersiya İnstitutunda oxumuş yurddaşlarımızın şəxsi sənədlərinə baxanda onların təptəzə qaldığına təəccübləndim və bunun səbəbini soruşdum. Gülərək dedilər ki, axı 100 ildə bu sənədlərə ilk dəfə siz baxırsınız. Mən həmin institutda 1920-ci ilədək oxumuş 68 azərbaycanlı tələbəni müəyyənləşdirdim. Sonra da deyirik ki, «inqilabadək bizim iqtisadçılarımız olmayıb», halbuki həmin tələbələrin bəziləri bu institutu elmlər namizədi diplomu ilə bitirib!

Mənim indiyə qədər 18 kitabım çıxıb, ancaq həyatımın iki kitabı vardır ki, hələ yazılmayıb və çap olunmayıb. Onlardan biri Azərbaycan Cümhuriyyətinin 1920-ci ilin yanvarında Türkiyə, Avropa və Rusiyaya göndərdiyi 100 tələbə haqqında, biri də Cümhuriyyətin Parlamanı və onun üzvləri haqqındadır. Allahdan bu iki kitabı yazıb ortaya qoymaq və onların nəşrini görmək üçün möhlət istəmişəm. Birinci kitab artıq başa çatmaq üzrədir. İkincisi ya nəsib!