vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜBAHİSƏ  
16:06 | 4 iyul 2014 | Cümə Məqaləyə 1592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizi satdılar»

«Onlar düşünürlər ki, Bakı neftini ingilislər deyil, ruslar çıxarmalıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Millət vəkili Zahid Oruc Hafta.az-a müsahibəsində son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Millət vəkili eyni zamanda, regionda baş verən son hadisələri də şərh edib. Müsahibəni təqdim edirik:


- Qarabağ münaqişəsinin həllində son zamanlar Fransanın da aktivlik göstərməsini necə qiymətləndirirsiz?

- Son zamanlar danışıqlar çox gərgin şəraitdə keçir. Lakin Rusiya-Ukrayna hadisələrindən sonra, Qarabağ məsələsində hansısa konsepsusun tapılacağı inandırıcı səslənmir. Fransada danışıqların keçirilməsi bəlkə də heç nəyi dəyişmir. Xatırlayırıq ki, bir zamanlar ABŞ da prosesdə çox önəmli rol oynayırdı. Azərbaycan tərəfi də ümid edirdi ki, Ki-Uest görüşündə hansısa çıxış yolu tapılacaq. O dövrün siyasi rəhbərləri məxfi  məlumatlara istinadən açıqlama verdilər ki, Rusiyanın Ermənistana təzyiqlərinə görə həmin görüşün nəticəsi olmadı. Bu mənada Fransanın prosesi öz üzərinə götürməklə,  münaqişənin həllində hansısa müsbət nəticə əldə olunacağı fikrinə çox spektik yanaşıram.

 

- ABŞ-ın münaqişə ilə bağlı fəaliyyətini necə qiymətləndirmək olar?

- Faktiki olaraq, ABŞ son aylar ərzində Avropa Birliyinə qoşularaq, Qarabağ məsələsində həssaslığını artırıb. Artıq diplomatik fəallıq var. Onlar prosesi öz nəzarətlərinə götürməyə çalışırlar. Ukraynadakı məğlubiyyətin əvəzini Qafqazda çıxmaq istəyirlər. Hiss olunur ki, Rusiya prosesin əsas məntiqini başa düşür. Ona görə də rəsmi Moskva tərəfindən adekvat tədbirlər həyata keçirilir.  Buna misal olaraq son zamanlar şimal qonşumuzun yüksək rütbəli şəxslərinin bölgəyə etdikləri səfərlərini göstərə bilərik. Əsas səbəb tərəfləri Avrasiya İttifaqına qoşmaq deyil. Hesab edirəm ki, dünya gücləri üçün Qafqazın önəmi artıb. Danışıqlar prosesində bu açıq-aydın görünür. Ancaq kim masa üzərinə real həll planı qoyacaq?  Bu sualın cavabı hələ də məlum deyil. ABŞ Uorlikin dili ilə  öz mövqeyini ifadə edib.

 

- Uorlikin sosial şəbəkədə yazdıqlarını ABŞ-ın mövqeyi hesab edirsiniz?

- Tamamilə elədir. Uorlikin bəyanatları prosesə təsir göstərəcək məsələlər idi.  Onlar  vahid, koordinasiya olunmuş  və birgə baxışdan keçirilən fikirlərdir. Bu planı Uorlikin dili ilə gündəmə gətirdilər. Sonradan isə Morninqstar da eyni sözləri təkrarladı. Bu isə o deməkdir ki, ortada konkret yazılı sənəd var. Uorlikin şəxsi fikirləri, Azərbaycan tərəfinin isə etirazları başqa söhbətin mövzusudur. Sonradan Uorlik balans yaratmaq üçün bizin xeyrimizə olan fikirlər səsləndirdi. Bu dəyişikliyə onun diplomatik ranqı və çərçivəsi yol verməzdi. Çünki söhbət fərddən yox, ciddi münaqişədən gedir. Uorlikin bu kimi fikirlər səsləndirməsinə birbaşa Ağ Evin razılığı olub.

 

- ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə edə biləcəyi kömək nə ola bilər?

- ABŞ prosesdə mühüm rol oynaya bilər. Türkiyənin  NATO-ya üzv olması və ABŞ-la da olan yaxınlığı imkan verir ki, Ağ Ev Qarabağla bağlı hazırkı siyasətindən əl çəksin. Azərbaycanın münaqişə ilə bağlı problemlərinə düzgün yanaşsınlar.  Ukrayna hadisələri beynəlxalq münasibətlər sisteminin barometri oldu. Bu hadisələr bütün gizli nüansları üzə çıxardı. Qarabağ prosesi vasitəsilə bölgəni idarə edənlər  qəfildən ifşa olundular. Suallar ortaya çıxdı ki, Ukrayna məsələsində fəallıq nümayiş etdirənlər nə üçün Qarabağ münaqişəsində susdular. Cavab aydındır: Çünki bu onlar üçün sərfəli deyildi.  İndiki şəraitdə münaqişənin həllinə müdaxilə yenə də «Qərb oyunçuları»nın əlində qalır. Ancaq Rusiya Ukrayna hadisələrində öz mövqeyini möhkəmləndirməklə, dünyanın hazırkı bölgüsünü onu qane etmədiyini bildirdi. Və «gəlin yenidən bölək» mesajı ilə Qarabağ məsələsində də öz çəkisini ağırlaşdırıb.

 

- ATƏT PA-nın Bakıda keçirilən toplantısında Rusiya  ilə bağlı fikirlər geniş müzakirəyə səbəb oldu. Rəsmi Bakını nə üçün Rusiya əleyhinə qaldırmağa çalışırlar?

- Düşünürlər ki, Rəsmi Bakını «Şərq Tərəfdaşlığı» proqramı ilə Rusiyaya qarşı yükləsələr,  bölgədə qüvvələr nisbəti dəyişəcək.  Azərbaycan isə  bu barədə düşünmür. Dövlət və siyasi maraqlar  konkret olaraq mənafelər üzərində qurulur. Ukraynanın siyasi elitası heç zaman bizim əvəzimizdən söz savaşına çıxmayıb.  Hələ  indiyə qədər  MDB ölkələrindən heç biri Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi ifadə edən fikirlər səsləndirməyiblər.  Azərbaycan tərəfi Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv fəaliyyət göstərir. Ancaq  indiki gerçəklikdə çox qeyri-adi addımların da ağır nəticələri ola bilər.

 

- Yəni müharibə başlaya bilər?

- Son zamanlar belə fikirlərlə də rastlaşırıq. Guya Rusiya Ermənistana deyib ki, sakit durun, Azərbaycan gəlib müharibə yolu ilə torpaqlarını geri qaytarsın. Bu fikirləri «tələ» hesab edirəm. Əgər belə bir hal olarsa, Rusiya bunu Qərbin planı adlandırıb, münaqişəyə silahlı müdaxilə edəcək. Bununla da Rusiya SSRİ-ni bərpa etməsi ilə bağlı layihələrini əlverişli şəraitdə həyata keçirmiş olacaq. Onlar düşünürlər ki, Bakı neftini ingilislər deyil, ruslar çıxarmalıdır.

 

- Hazırda dünyanın ən  işğalçı ölkəsi Rusiyadır?

- Xeyr, Bakıda keçirilən NATO-nun tədbirində biz  açıq şəkildə bəyanatlar verdik. On illərlə Avroatlantik məkanın dəyərlərini, təhlükəsizlik modellərini  təbliq edən insanlar   ruslara məğlub oldu.  Qərb dəyərləri uduzdu, Avropa maraqları xeyli geri çəkildi. Hətta deyərdim ki, Qərb bizi satdı. Uzun illər  ərzində Qarabağ münaqişəsindən bəhrələnməklə, bu gün NATO  platforması kimlərə söykənir? Nə qədər tərəfdar ordusu var? Əksinə, bu gün  Putin müstəqillikdən qaçanların, millətçilərin  çox yaxşı lideridir.  Belə olan təqdirdə hər kəs hesab edir ki,  Qərb Əfqanıstanda, İraqda, Suriyada  öz maraqlarına görə silahlı həmlələr edirsə,  Rusiya Kiyevdən nə üçün çıxmalıdır? Yəni Rusiya razı ola bilməzdi ki, sərhədində NATO-nun əsgərləri dayansın. Bu Rusiya üçün ölüm sayılırdı. Ona görə də düşünürəm ki, Azərbaycanın bu məsələdə mövqeyi çox doğrudur. Məsələyə «fotogenik» tərzdə yanaşanlara demək istəyirəm ki, siyasət gördüyünü ifadə etmək deyil. Bizə həm də bir az ingilis siyasəti lazımdır.