vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MƏMLƏKƏT  
16:14 | 4 iyul 2014 | Cümə Məqaləyə 2320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tariximizə yazılacaq şərəfli səhifə

I Avropa Oyunlarının Bakıda keçirilməsi bir şansdır

N.NOVRUZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Həyatda hər hansı bir ilkə imza atmaq həmişə çətin, amma şərəfli iş olmuşdur. Bu iş qlobal miqyasda baş verəndə xüsusi əhəmiyyət daşıyır və tarixi hadisəyə çevrilir. Tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarının Azərbaycanın bəxtinə düşməsi böyük nailiyyətdir.


Lakin bu məsələni yalnız «bəxt» amilinə bağlamaq olmaz. Çünki bu bəxtin arxasında sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı, idman sahəsində də güclü maddi-texniki bazanın yaradılması, beynəlxalq yarışlarda, qitə turnirlərində, Avropa və Dünya çempionatlarında qazanılan qələbələr, qran-prilər, fəxri fərmanlar durur. Xüsusilə, olimpiya hərəkatında fəallıq göstərib, Olimpiya Oyunlarında hər dəfə daha geniş idmançı heyətilə təmsil olunub, daha çox qızıl, gümüş və bürünc medalların əldə edilməsi, nəticə etibarilə Azərbaycanın dünyada ildən-ilə artan nüfuzunun bərqərar olması 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının verilməsində həlledici rol oynamışdır. Bu daha çox Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli səhifədir.

Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərardan keçən müddətdə oyunlara hazırlıq işlərinin sürəti və miqyası gözlənilməz səviyyədə artmışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun sülhməramlı səfiri, MOK İK-nin üzvü, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi təşkilat komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz qabağındadır. Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə gedir.

Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkəmizin bütün bölgələrində, ən çox da paytaxtda və onun rayonlarında bu mühüm hadisənin kinetik həyəcanı artır və yeni çalarlarla üzə çıxır. Bu istiqamətdə Binəqədi Rayon İcra Hakimiyyətinin başladığı fəaliyyət təqdirəlayiqdir. İcra başçısının bu günlərdə imzaladığı müvafiq sərəncam və bundan irəli gələn tədbirlər proqramı Azərbaycanı dünyada tanıdacaq və təbliğ edəcək iri bir addımda Binəqədi rayonunun və onun icra orqanlarının, habelə ictimai-siyasi təşkilatlarının və sakinlərinin üzərinə düşən öhdəliklərin bütöv panoramını yaradır. Sərəncamda bildirilir ki, I Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində «Təmiz Binəqədi» layihəsinin həyata keçirilməsinə başlansın. Sərəncamdan irəli gələn vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya yaradılmışdır. Artıq komissiya öz işinə başlamış və müvafiq iş planı tərtib olunmuşdur. Görüləcək işlərin əhatə dairəsi indiyədək görünməmiş dərəcədə genişdir. Maraqlı burasıdır ki, iş planında ənənəvi stereotip və ətalətli tədbirlərdən maksimum imtina edilmiş, tamamilə yenilikçilik ab-havası ilə diqqəti cəlb edən və müasir dünyada qəbul olunan metod və yığıncaqlara üstünlük verilmişdir.

Tədbirlər planı şərti olaraq 4 yerə bölünmüşdür. İlk bölüm «Təmiz Binəqədi» layihəsinin təbliğat və maarifləndirmə işlərinin təşkili» adlanır. Bu mərhələdə görülən işlərlə əhalini və təsərrüfat subyektlərini məlumatlandırmaqla yanaşı, maraqlı aksiyaların da təşkili gündəmdədir. Məsələn, üzərində «Təmiz Binəqədi» loqosunun təsvir olunduğu geyimlərin-köynək, papaq, əşyaların-bayraq, qələm, bloknot, brelok və sairələrin hazırlanması, təbii ki, maarifləndirmə ilə birgə aksiyanın populyarlaşmasına xidmət edəcəkdir. Məişət tullantıları konteynerlərinin üzərində həkk edilmiş loqo isə sakinləri diqqətli olmağa çağıracaqdır. Bu bölmədə «SMS» göndərişləri və «flaşmob» yeniyetmə və gənclərin bilavasitə təmizlik aylığının fəal iştirakçısına çevrilməsini təmin edəcəkdir.

Tədbirlər planının ikinci bölməsi stimullaşdırıcı xarakterdədir. «Ən təmiz obyekt», «Ən təmiz uşaq bağçası», «Nümunəvi səhiyyə müəssisəsi», «Ən təmiz fərdi ev» və sairə bu tipli müsabiqələr, ticarət və məişət obyektlərində, istirahət və mədəniyyət parklarında, iri sənaye müəssisələrində görüşlərin keçirilməsi aylığın kütləviləşməsində əsaslı rol oynayacaqdır. Avtonəqliyyat vasitələrinin saz vəziyyətdə istismarına nəzarətin gücləndirilməsi təmizliklə bağlı ekoloji mühitin daha da sağlamlaşdırılması işinə töhfə olacaqdır.

Hazırda Binəqədidə abadlıq-quruculuq işləri sürətlə aparılır, rayonun siması gün-gündən gözəlləşir və müasirləşir. Təbii ki, bu istiqamətdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bahəm şəhərin memarlıq görünüşünün özünəməxsusluğu da inkişaf edir. Bu mənada mədəni yaşayış normalarının qorunması böyük əhəmiyyət kəsb edir. Tədbirlər planının üçüncü bölməsi məhz bu məsələyə diqqətin artırılması məqsədilə keçiriləcək aksiyalarla zəngindir. Küçələrdə yol nişanlarının normativlərə cavab verməsi, yol kənarlarında və meydanlarda xalça-palazların necə gəldi yuyulmasına, antisanitar küçə ticarətinə son qoyulması bu bölmədə görüləcək işlərdən doğan başlıca nəticədir.

Layihənin sonuncu-dördüncü bölməsinin mahiyyəti ilə tanışlıq sübut edir ki, təmizlik aylığı sadəcə müəyyən müddət üçün deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir. Bu mövzuda jurnalistlər arasında yazı müsabiqəsinin təşkili, sosial çarxın hazırlanması, sakinlər arasında aylığın yekunu üzrə rəy sorğusunun keçirilməsi, Avropa Oyunları zamanı səliqə-sahmanı təmin etməklə yanaşı, əldə edilmiş səviyyənin sonralar daha da genişləndirilməsinə zəmin yaradır.